emeliyyat

Vegetativ həyat, yoxsa orqan bazarı? -ARAŞDIRMA

Baxış sayı: 323

Orqan köçürülməsi bir insanın orqanının bir qismi və ya hamısının həyati funksiyasını itirmədiyi təqdirdə ikinci bir şəxsə köçürülməsi deməkdir. Yetkinlik yaşına çatmış istənilən şəxs öz orqanını başqasına bağışlaya bilər. Orqanları sağlam olan istənilən şəxs öz bərpaedilən orqanlarını bağışlayaraq bir çox insanın həyatını qurtara bilər.

Dünyada hər il orta hesabla 120-121 min orqan transplantasiyası həyata keçirilir. 2022-ci ildə dünyada orqan köçürülməsi əməliyyatlarının sayı əvvəlki illərə nisbətən 30% artıb. Lakin iddia edilir ki, əslində, rəqəmlər etiraf ediləndən dəfələrlə böyükdür. Həmçinin, dünyada orqan transplantasiyası adı altında gizlədilən orqan ticarətinin qlobal dövriyyəsi inanılmaz rəqəmlərlə ölçülür.

 

Tarixin ilk orqan köçürməsi: harada və necə?

Tibb tarixinə görə orqan nəqli ilk dəfə miladdan öncə V əsrdə reallaşdırılıb. Orqan köçürülməsinin yeni tarixi isə XVII əsrdə yazılıb. Həmin əsrdə ilk dəri nəqli həyata keçirilib, XX əsrin başlanğıcında isə ilk dəfə heyvanlar üzərində orqan nəqli həyata keçirilib. 1912-ci ildə fransız həkim Aleksis Karrel toxuma nəqli sahəsində uğurlarına görə Nobel Tibb Mükafatını alıb.

İlk böyrək transplantasiyası isə 1933-cü ildə macar həkim Voronoy tərəfindən həyata keçirilib, amma bədən böyrəyi qəbul etmədiyi üçün xəstə ölüb. 1942-ci ildə ingilis zooloq Piter Brayn sübut etdi ki, bunun səbəbi immunitet sistemidir. 1944-cü ildə isə holland həkim Villem Kolf tərəfindən “dializator” adı verilən süni böyrək yaradıldı, bu böyrəyin sayəsində böyrək xəstəsi olan insanlar yaşaya bilirdi.

Tibb tarixində ən uğurlu orqan transplantasiyasını 1954-cü ildə Çikaqoda Cozef Murray həyata keçirdi. Orqanını bağışlayan xəstənin əkizi idi, buna görə də bədən yeni böyrəyinə tez alışdı. Təxmini hesablamalara görə, bu günə qədər bütün dünyada yarım milyondan artıq böyrək köçürülüb.

 

Azərbaycanda orqan transplantasiyasının yarım əsr tarixi var

Azərbaycanda ilk orqan transplantasiyası əməliyyatı akademik Mirməmməd Cavadzadənin adı ilə bağlıdır. O Cənubi Qafqazda və Yaxın Şərqdə ilk dəfə olaraq hələ 52 il əvvəl, 1971-ci il martın 4-də pasiyentinə böyrək köçürüb. Elə bu nailiyyətinə görə də 1974-cü ildə SSRİ dövlət mükafatına layiq görülən akademik 1983-cü ilə kimi Azərbaycanda 30-a yaxın böyrəkköçürmə əməliyyatı həyata keçirib.

Mövcud qanunvericiliyə əsasən, ölkəmizdə yalnız M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası, Mərkəzi Gömrük Hospitalı, Akademik Zərifə Əliyeva adına Elmi-tədqiqat Oftalmologiya Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanası, Mərkəzi Klinika, Respublika Müalicəvi Dioqnostika Mərkəzi, Respublika Talassemiya Mərkəzi, Azərbaycan Tibb Universitetin Tədris-Cərrahiyyə Klinikası transplantasiya əməliyyatı keçirməyə ixtiyar qazanıb.

 

İnsandan insana orqan payı

Bir insandan digərinə köçürüləcək orqanlar ürək, ağ ciyər, böyrəklər, qara ciyər, mədəaltı vəzi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası, kornea təbəqəsi ola bilər.

Aparılan araşdırmalar nəticəsində bildirilir ki, insan tamamilə öldükdən sonra köçürülməyə yararlı tək orqanı gözün buynuz qişasıdır. Beyin ölümü reallaşan, əslində, hələ həyatda olan insandan orqan köçürülməsi məsələsi isə olduqca mübahisəlidir.

“Beyin ölümü” adlandırılan diaqnozun özü də şübhəli məqamlar ehtiva edir. Həkimlər, beyin ölümü diaqnozu qoyduqları xəstə hələ həyatda ikən orqanlarını götürə, dolayısı ilə ölümünə səbəb ola bilərlər. Bu diaqnozun mövcudluğundan qlobal orqan mafiyasının istifadə etməsi və dünyada orqan ticarətinin dövriyyəsinin fantastik rəqəmlərlə ölçülməsi barədə iddialar var.

Bir çox ölkədə orqan bağışlanması faizini artırmaq üçün (dolayısı ilə orqan ticarətini çiçəkləndirmək üçün) bağışlayanlara və ailələrinə bəzi imtiyazlar verilir. Məsələn, Amerikada orqan bağışlanmasını artırmaq məqsədilə xüsusi vergi endirimləri tətbiq olunur.

 

Qanunlarımız nə deyir?

2020-ci ildə Milli Məclisdə, III oxunuşda qəbul edilən “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsində canlı donordan orqanın götürülməsi qaydası və şərtlərinə görə digər tibbi üsullarla və meyit orqanları vasitəsi ilə insan həyatının xilas edilməsi və ya sağlamlığının bərpası mümkün olmadıqda resipiyentə canlı donordan orqanların transplantasiyasına yol verilir.

Canlı donordan resipiyentə transplantasiyanın həyata keçirilməsinin mümkünlüyü, tərkibində ixtisaslı həkimlərin iştirak etdiyi həkim komissiyasının qərarı ilə, tibbi müayinə nəticələri, o cümlədən tibbi göstəriş olarsa, gen və toxuma tipləşdirməsi nəticələri əsasında müəyyən edilir.

Canlı donordan orqanların götürülməsi zamanı donorun resipiyentin qohumu olduğu hallarda, qohumluq əlaqəsi müvafiq sənədlərlə təsdiq olunmalıdır. Canlı donor nəzərdə tutulan cərrahiyyə əməliyyatı ilə bağlı sağlamlığı üçün baş verə biləcək ağırlaşmaların mahiyyəti ilə tanış olmalıdır. Canlı donor orqanların götürülməsinə kənar təsirlər olmadan, könüllü şəkildə qərar verdiyinə dair yazılı şəkildə məlumatlandırılmış razılığını bildirməlidir. Hər hansı şəxsi orqanların götürülməsinə məcbur edənlər qanuna uyğun olaraq məsuliyyət daşıyırlar.

Layihədə həmçinin transplantasiya obyekti olan orqan və toxumaların siyahısı müəyyənləşib. Belə ki, canlı donordan transplantasiya məqsədilə yalnız böyrəyin biri, ağciyərin bir payı, qaraciyərin bir hissəsi, mədəaltı vəzin bir hissəsi, nazik bağırsağın bir hissəsi, dərinin bir hissəsi, sümük iliyi, kök hüceyrələr götürülə bilər.

Meyit donordan transplantasiya məqsədilə ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəzi, mədə, bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası, kök hüceyrələr və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər orqan və toxumalar götürülə bilər.

 

Beyin ölümü, yoxsa vegetativ həyat?

Lakin donorun orqanlarının götürülməsi üçün həmin şəxs tibbi cəhətdən ölmüş olmalıdır. Tibb elmi beyin ölümü reallaşanda xəstəni ölmüş hesab edir. Lakin şüuru qapalı şəkildə həyata davam etməyin bir yolu da vegetativ həyatdır. Belə xəstələr nəfəs alırlar, ancaq şüurları sağlam insanların şüurları kimi işləmir. Vegetativ həyat tibbi ölüm deyil. İnsanın şüuru açıq və ya tənəffüs aparatına bağlı olmasa belə, həmin şəxs vegetativ vəziyyətdədirsə, o hələ yaşayır, həmin adamın orqanları çıxarılmır.

Beyin ölümü qərarı kardioloqlar, nevroloqlar, neyrocərrahlar və anestezioloqlardan ibarət bir həkim qrupu tərəfindən verilir. Hər bir mütəxəssis fərdi olaraq xəstəni qiymətləndirir. Beyin ölümü diqanozu qoyularsa bu şəxs donor namizədi ola bilər. Lakin dünyada beyin ölümü gerçəkləşən xəstələrin yalnız gözün buynuz qişası donorluğu üçün yararlı olduğu barədə ciddi tədqiqatlar aparılır. Bu da önümüzə bir sual işarəsi qoyur: “Bəlkə vegetativ həyatda olan pasiyentlərə “beyin ölümü reallaşıb” diqnozu qoyub orqanlarını alırlar?”.

Azərbaycan Respublikasında ksenotransplantasiya (elmi-tədqiqat işləri istisna olmaqla) da qadağandır. Ksenotransplantasiya insan orqanlarının heyvana, yaxud heyvan orqanlarının insana köçürülməsidir.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir