Viktor Hüqonun romanlarından birindəki qadın… Tez-tez hamilə qalır. Kimdən, harda və necə hamilə qalmağın onun üçün fərqi yoxdur. Ən dəhşətlisi bu da deyil; qadın hamiləlik dövründə belini və qarnını bərk-bərk sıxıb bağlayır ki, bətnindəki körpə şikəst və eybəcər doğulsun. Niyə? Niyəsində də başqa bir dəhşət var; bu şikəst və eybəcər uşaqlar ayağı yer, dili söz tutan kimi Parisin arxa, qaranlıq, sisli-hisli küçələrində pul dilənəcəklər…
Bizdə ailə qurmağa az qala belə baxırlar; ata-analar öz qızını kimə, necə və nə vaxt istədi versin və öz oğluna özləri kimi uyğun görürsə, alsınlar; təki bir ildən sonra… uşaq olsun. Əlbəttə ki, Hüqonun romanındakı kimi eybəcər və şikəst deyil, sağlam və gözəl uşaqlar. Ancaq heç də hər ata, hər ana fərqinə varmır ki, sağlam və gözəl uşaqlar sevgi üzərində qurulmuş ailələrdə doğulur.
Bizim toplumda sevgi ilə nikah bəzən bir-birinə qarşı qoyulur. Sevgi yoxdur, nikah var – ailədir. Sevgi var, nikah yoxdur – ayıbdır. Nə sevgi var, nə nikah – bu, artıq faciədir. Həm də təkcə iki insanın faciəsi deyil…
Amma hər şey bir az dəyişib; nikah olmadan qurulan ailələr də, bu ailələrdə doğulan uşaqlar da çoxalır.
Gecikmiş məhəbbət və…
“Hələ zamanım var, əvvəl karyera, sonra ailə” fikrindən yola çıxan qadınlar da var. Bir gün ayılıb görür ki, gecikib; qatar çoxdan gedib. Təşvişə düşür: “Tənha qaldım, qocalanda mənə kim baxacaq?” deyə sarsıntıya, üzüntüyə düşür. Və bu zaman çıxış yolunu vətəndaş nikahında görür; dünyaya nikahdankənar uşaq gətirməklə sonrasını sığortalayır. Amma əksinə də olur; yaşları nikaha çatmadığı üçün valideynlər tərəfindən məcburu ərə verilən qızlar da var; nikahdan kənar uşaqlar belə də doğulur. Rəsmi nikahın “yük”ünü daşımaq istəməyən, buna görə vətəndaş nikahına sığınan qadınlar da, kişilər də çoxalıb.
Qanun necə baxır?
Hüquqşünas Vasif Rzayev: “Çoxları üzə çıxarmasa da, belə hallar çoxalıb. İnsanlar rəsmi nikahdan çox, vətəndaş nikahı və ya molla kəbini ilə yaşamağı seçir”.
Səbəb isə sadədir: bir çoxu rəsmi nikahı asılılıq, sərbəstliyin məhdudlaşdırılması kimi qəbul edir. Bəziləri isə düşünür ki, istər rəsmi nikah olsun, istər kəbin – insanlar arasında məcburiyyət olmamalıdır. “Yəni yaxşı ata öz övladına nikahsız da sahib çıxa bilir. Yaxşı olmayan ata isə rəsmi nikah olsa belə, övladı ilə maraqlanmır. Yəni ideal ata olmaq sənədlərlə deyil, xarakterlə, insanlıqla bağlıdır”.
Qanunlara görə, rəsmi nikahda olan cütlüklər boşananda ana öz övladı üçün aliment tələb edə bilir. Bəs nikahdan kənar doğulan uşaqların hüquqları qanunla necə tənzimlənir?
Ailə Məcəlləsi. 44-cü maddə
Bioloji atasının adı doğum haqqında şəhadətnaməyə yazıldığı andan uşaq müəyyən hüquqlara sahib olur.
Ana ilə nikahda olmayan
şəxsin atalığı
Ailə Məcəlləsinin 44-cü maddəsinə görə, ana ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yerini müəyyən etmək mümkün olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə, atalıq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə həmin şəxsin ərizəsi əsasında, bu razılıq olmadıqda isə məhkəmənin qərarı ilə müəyyən edilir. Atalığın müəyyən olunması haqqında birgə ərizə verməyin uşağın doğulmasından sonra qeyri-mümkünlüyü və ya çətinliyi güman olunduğu hallarda gələcək uşağın öz aralarında nikahda olmayan valideynləri bu ərizəni müvafiq icra hakimiyyəti orqanına ananın hamiləliyi dövründə vermək hüququna malikdirlər. Uşağın valideynləri haqqında qeyd uşaq doğulduqdan sonra aparılır. Yetkinlik yaşına çatmış şəxs barədə atalığın müəyyən olunmasına yalnız onun razılığı ilə, həmin şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə isə onun qəyyumu və ya müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yol verilir.
Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər.
Bəs doğulan uşağı
ata qəbul etmirsə?..
Vasif Rzayev deyir ki, nikahda olmadan dünyaya gələn uşağın hüquq və vəzifələri məcəllənin 44-45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, həmin uşaq rəsmi nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyır: “Amma doğulan uşağı ata qəbul etmirsə, o, ananın və ya qəyyumunun adında qalırsa, ata uşağına xoşluqla sahib çıxmaq istəmirsə, bunun məhkəmə yolu ilə həll edilmə üsulları var. Yəni qadın istəsə, övladının atasına atalıq haqqında iddia qaldıra bilər”.
Bu nikahsız birinci qadın…
Binə qəsəbə sakini N.A. 14 yaşında ərə verilib. Deyir ki, Bakının bəzi qəsəbələrində olduğu kimi Binədə də bəzi ailələr qızlarını tez köçürürlər; ya dolanışıq çətinliyindən, ya “qonşudan qalma geri” düşüncəsi ilə, ya da “qız evdə qalar” qorxusundan….
N.A.-nın 3 yaşında oğlu və 1 yaşlı qızı var. Uşaqları üçün hələ də şəhadətnamə almayıb. İndi 21 yaşında olan qadının əri Rusiyadadır. Dediyinə görə, ərinin valideyinləri ilə qaldığı üçün maddi çətinliyi yoxdur. Amma bu gənc qadın da başqaları kimi övladlarının gələcəyindən çox narahatdır.
Sosioloji prizma: nikahsız
ailələrə sosioloq baxışı
Sosioloq Əhməd Mansurov düşünür ki, sənayeləşmənin artması və insanların öz həyatlarında daha maddi və demokratik baxımdan sərbəstlik əldə etməsi nikahdankənar münasibətlərin çoxalmasına səbəb olur: “Başqa səbəb daha gənc yaşlarında ailə qura bilməmə və normal cinsi həyatın olmamasıdır”.
İctimai qınaq
və diskriminasiya
Sosioloq deyir ki, nikahdankənar uşaq dünyaya gələndə valideynlərə qarşı cəmiyyətdə qınaq və diskriminasiya baş verir. Adətən valideyn öz qarşılaşdığı vəziyyətdə uşağın problemlərindən əlavə olaraq ailəsi, yaxınları tərəfindən də psixoloji travma alır. “Bu, düzgün yanaşma deyil; bu cür məsələlər sosial problemlərin üzərindən yaranır”.
Ritorik sual: Axı o uşaqların nə günahı var?
Əhməd Mansuov deyir: “Cəmiyyətdə nikahdankənar doğulan uşaqlara qarşı hər zaman qınaq olub. Onlara dəstək göstərmək əvəzinə, ayrıseçkilik davam edir, “bicbala”, “atası bilinməyən” və başqa bu kimi epitetlərlə damğalanır. Bununla da toplum onların zərərli vərdişlərə, küçə yaşamına yuvarlanmasına, zorakılığın, cinayətin, insan alverinin qurbanı olmasına şərait yaradır, onları “qaranlıq həyata” sürükləyir”.
Dövlət nə etməlidir?
Müsahibimizin sözlərinə görə, bu sosial qrupla bağlı heç bir proqram icra edilmir. Dövlət dəstəyi isə yalnız ünvanlı sosial yardım ayırmaqla kifayətlənir. Çox hallarda tənha ana kimi uşaq böyüdən valideynlər Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinə yaxınlaşır və qanunla müəyyən edilmiş qaydada ünvanlı sosial yardım ala bilirlər. “Lakin ƏSMM-də ÜSY təyin edən işçilərin böyük əksəriyyəti riyaziyyat, mühasibatlıq, iqtisadiyyat təhsilli olduqları üçün onların problemlərini anlaya və hətta dinləyə bilmir. Daha yaxşı olardı ki, ƏSMM-lərə sosial işçilər və psixoloqlar cəlb edilsin, onlar da sosial təhlükəli ailələrin psixo-sosial vəziyyətini qiymətləndirərək dəstək olsunlar”.
Bu da nikahsız ikinci qadın
37 yaşlı iş qadını Samirə Allahverdiyeva da nikahdankənar körpə dünyaya gətirib. Amma o, övladının atasını Şimali Kiprdə – Lefkoşada sperma bankından seçib. Deyir ki, Türkiyədə yaşadığı üçün övladının nikahdankənar doğulması ona görə problem deyil: “Bir zamanlar mən karyeram üçün çalışır, ailə həyatı qurmaq istəyənləri yaxın baxmırdım. 30 yaşından sonra isə kimsə ailə təklifi ilə mənə yaxınlaşmadı. Mən də illərin keçdiyini görüb belə bir qərar verdim. Mənim bütün qazandıqlarım oğluma qalacaq. Və mən ona atası bəlli olan uşaqlardan daha yaxşı həyat verəcəm”.
Psixoloji diaqnoz
Psixoloq Rafiq Allahverdiyevə görə, hər zaman gözlənilməyən və arzuolunmayan hallar rəğbətlə qarşılanmır, nikahdankənar doğulan körpələr də istisna deyil: “Hansısa ötəri sevgidən və ya təsadüfdən doğulan uşaqlar başqalarından heç nə ilə fərqlənmirlər. Bəzən müəyyən məqsədlə dünyaya uşaq gətirmək sonradan acı nəticə verir”.
Teoloji prizma:
Din nə deyir?
İlahiyyatçı Əkrəm Həsənovun sözlərinə görə, İslam dinində evlilik içində doğulan uşağa “səhih nəsəbli”, evlilik xarici doğulana isə “qeyri-səhih nəsəbli” deyilir: “İslam ana-ataya uşaqlarının nəsəbini inkar etməyi qadağan edib. Bir qadının doğduğu uşağı gerçək atasından başqasına bağlamağa çalışması da haram qılınıb.
İslam, uşaqların da atalarından başqasını ata olaraq qəbul etməsini qadağan edib. Hədisdə belə buyurulur: “Bilərək atasından başqasına nəsəb olaraq bağlanmağa çalışan kimsəyə cənnət haramdır”.
Rəsmi prizma:
dövlət nə deyir?
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimovanın sözlərinə görə, ailə qurmaq yaşına çatmamış qızların evləndirilməsi ciddi problemdir: “Azərbaycanda nikah yaşı 18 yaşdır, amma bəzən qızlarımız 15-17 yaşlarında ərə verilir. Təbii ki, onların nkahları rəsmiləşdirilmir. Bəzi insanlar hələ də dini nikaha üstünlük verirlər. Onlara elə gəlir ki, dini nikah bağlamaqla iş bitmiş olur. Amma son zamanlar din xadimləri də rəsmi nikah olmadan kəbin kəsmirlər”.
T.İbrahimova deyir ki, bəzi qadınlar özləri könüllü olaraq belə münasibətərə razılaşırlar; ya bu məsələnin hüquqi tərəfini bilmirlər, ya da bilməkdə maraqlı deyillər.
Statistik arayış
AQUPDK-nın məlumatına görə, qeyri-rəsmi nikahdan doğulan uşaqların sayı 2013-cü ildə 25069, 2014-cü ildə 25486 nəfər olub ki, bu da il ərzində doğulan uşaqların 14 faizi qədərdir. Komitə bildirir ki, əvvəlki illərlə müqayisədə bu göstəricidə artım var.
Rəsmi nikahdan yayınmada… əmlak izi
T.İbrahimovanın mülahizəsi: “Kişi tərəfi qorxudan gələcək gəlinin əmlak tələbidir. Yəni kişi evlənərkən onun valideynləri gəlini rəsmi nikaha almır ki, gəlin sonradan qaynata-qaynananın evindən əmlak tələb edə bilməsin. Amma bu, belə deyil. Əslində gəlin ərinin valideynlərinin əmlakını tələb edə bilməz. Qanunla rəsmi nikah – birlikdə yaşayış zamanı əldə olunan əmlakın yarısını gəlin tələb edə bilər”.
Qanunverici orqanın
təmsilçisi nə deyir?
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin sözlərinə görə, vətəndaş nikahı qarşılıqlı razılaşma əsasında olur. Bu məsələdə kimisə cəzalandırmaq mümkün deyil. Tərəflərin qarşılıqlı anlaşma ilə birlikdə yaşadığını deyən Rəcəblinin fikrincə, bu cür yaşamağa qərar verən qız da hüquqlarının olmadığını əvvəldən fikirləşməlidir. Sadəcə, bu cür nikahlarda qadının mülkiyyət hüququ pozulur. Milli adət-ənənələrimizin xeyli zəifləməsi nəticəsində rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı ən böyük probleminə çevrilib: “Çoxlu sayda azərbaycanlı Rusiya qeydiyyatındadır. Onlar orda ailəli ola-ola gəlib burda azərbaycanlı qızlarla ailə qururlar, amma rəsmi nikah bağlamırlar. Bu da uşaqların qeydiyyatında ciddi problemlər yaradır. Ya da ailə qururlar, nikaha yaşları düşmür, sonra isə qeydiyyata düşmürlər. Bir sıra bölgələrdə qızlar nikah yaşı çatmamış ərə verildiyi üçün rəsmi nikah ancaq uşaq doğulandan sonra, ona doğum haqqında şəhadətnamə almaq lazım gələndə yada düşür”.
Poetik baxış və ya …
Ünlü şairimizin “Azad qadın heykəli” şeirindən:
“Heç sənin canın da daşdan deyilmiş
Gör səni nə günə qoydular qadın.
Əvvəlcə çadranı açdılar sənin,
Sonra paltarını soyundurdular.
Sonra səni soğan kimi
qat-qat soydular, qadın!
Gör səni nə günə qoydular, qadın!..”
İradə CƏLİL