komputer

Virtual aləmi real aləm kimi qəbul edən uşaqlarla necə davranmalı?

Baxış sayı: 1. 208

“Uşağımı tətil günlərində kompüterin olmadığı kəndə – nənəsinin yanına göndərə bilmirəm. O, saatlarla internetdə oynayır!” Valideynlərin əksəriyyəti, xüsusən tətil günlərində qarşılaşdıqları problemin həllində çətinlik çəkirlər. Onlar gününü saatlarla televizorun və ya kompüterin qarşısında keçirən uşaqları alışdıqları aləmdən qopara bilmirlər. Elə bu günlərdə ”Kaspersky Lab” şirkətinin uşaqların Yeni il bayramı tətilində asudə vaxtlarını necə keçirmələri ilə bağlı mətbuatda yer alan  araşdırması da valideynlərin gileyi ilə üst-üstə düşür. Şirkətin araşdırmasına görə, Azərbaycanda uşaqlar aktiv olaraq vaxtlarını internetdə musiqiyə qulaq asaraq və kino və videoçarxlara baxaraq keçiriblər. Şirkətin anonim statistikasına əsasən, dekabrın sonunda – yanvarın əvvəlində Azərbaycanda multimedia məzmunlu saytların payına, uşaqların internetdəki bütün fəallıqlarının 46%-i düşüb. Axtarış sorğularının qəti lideri “YouTube” olaraq qalıb. Striminq xidmətlərindən isə gənc istifadəçilər “Spotify” və “Netflix”ə üstünlük veriblər. Böyüyən nəslin internet-kommunikasiyalarına olan marağı da dəyişməz olaraq, yüksək qalır. Belə ki, sosial şəbəkələrin və messencerlərin uşaqların ümumi şəbəkədə aktivliyindəki payı 23% təşkil edib. Gənc istifadəçilər arasında ən populyar sosial şəbəkə “Facebook” üstünlük təşkil edir. Həmçinin uşaqlar şəbəkədə multimedia əyləncələri və kompüter oyunlarına da çox vaxt ayırıblar. Şirkətin mütəxəssislərinin hesablamalarına görə, həmin müddət ərzində Azərbaycanda uşaqların şəbəkədəki aktivliyində bu kateqoriyanın payı təxminən 10% təşkil edib.

Bir qədər az, lakin nəzərəçarpacaq dərəcədə fəallıqla, uşaqlar onlayn alış-verişlə məşğul olublar – elektron ticarət saytlarının payına uşaqların internetdə aktivliklərinin 5%-i düşüb. Axtarış sorğuları onu da göstərib ki, hesabat dövründə uşaqlar internetdə elektronika dükanlarını və universal alış-veriş saytlarını da vaxt ayırıblar. Bununla yanaşı, uşaqlar Tap.az pulsuz elanlar saytını da fəal olaraq sorğulayıblar. İngilis dilində daxil edilən axtarış sorğuları arasında isə “Amazon” və “eBay” kimi nəhəng onlayn-riteylerlər lider mövqedə olub. Qış tətili ərzində uşaqlar tərəfindən arzuolunmaz saytlara, əsasən də pornoqrafiya məzmunlu resurslara 6%-lik daxilolma cəhdi də qeydə alınıb. Gənc istifadəçilərin daxil olduqları saytların yalnız 4%-i xəbər saytları olub.

“Kaspersky Lab” şirkətinin məzmun analizi üzrə eksperti Anna Larkinadeyib: “Müasir uşaqlar özlərini internetdə təbii və sərbəst hiss edirlər – bu, onlar üçün real aləm kimi gerçəkdir. Bu səbəbdən onların şəbəkədə çox vaxt keçirmələri və istədiklərini etmələri heç də təəccüblü deyil – ünsiyyət qurmaq, musiqiyə qulaq asmaq, alış-veriş etmək. Buna görə, valideynlər və ya digər böyüklər, məsələn, müəllimlər, uşaqları internetdə müxtəlif təhlükələrdən müdafiəyə diqqətlə yanaşmalıdırlar. Lakin yalnız müdafiə həllinin quraşdırılması ilə problemi aradan qaldırmaq mümkün deyil. Əlbəttə, texnologiyalar uşağı bir çox kibertəhdiddən müdafiə edəcək. Amma uşaqlara internetdə təhlükəsiz davranmağı, təhlükələri müəyyənləşdirməyi və onlardan yan keçməyi öyrətmək olduqca vacibdir. Uşaqların internetdə nəyin axtardıqlarını və onların hansı məzmunla rastlaşdığını dərk etmək, bu məsələdə kömək edəcək”.

Məlumatlar “Kaspersky Lab”ın uşaqların onlayn-təhlükəsizliyi üçün proqram təminatının müdafiə komponentlərinin anonim statistikasına əsaslanır. Azərbaycan üzrə təqdim olunmuş bütün göstəricilər 2018-ci ilin dekabrın 22-dən 2019-cu ilin yanvarın 4-dək əldə edilib.

Təəssüf  ki, şirkətin araşdırmaları bugünkü gerçəkliyi dolğunluqla əks etdirir. Bütün yaş qrupları üzrə məktəblilər tətil günlərində boşluqdan əziyyət çəkirlər. Razılaşaq ki, müxtəlif səbəblərdən, ailələrin hamısı öz övladlarının məşğuliyyətini təmin etməyə hazır deyil. Kimsə övladını xaricə və ya ölkə daxilinə səyahətə çıxara bilərsə, bir başqasının bəzən zooparka bilet almağa  maddi imkanı çatmır. Üstəlik, uşaqların təhsil aldığı nə təhsil müəssisəsinin, nə də vətəndaş cəmiyyətinin uşaqlara yönəlik proqramları yoxdur. Dörd divarın arasına sığınan uşaqlar, nəticədə virtual aləmin aludəçisinə çevrilir, istədikləri dünyanı orada axtarırlar. Valideynlərin isə onları virtual aləmdən qoparma üçün apardığı mübarizə isə yalnız bundan sonra başlayır. Belədə valideyn həmçinin uşağının “bəs nə ilə məşğul olum?” haqlı sualı ilə üz-üzə qalır.

Ekspertlərin, məktəblilərin asudə vaxtlarının necə keçirilməsi üçün hazır planları olmasa da, tövsiyələri yox deyil. Onlar məktəbliləri, xüsusən tətil günlərində internetdən qoparmaq üçün valideynlərə övladları ilə daha çox vaxt keçirməyi, onları nəzarətsiz qoymamağı, uşaqları üçün məşğuliyyətlər tapmağı tövsiyə edirlər.

 

“Bizdə imkanlar o qədər də çox deyil”

Təhsil üzrə ekspert Asif Cahangirov hesab edir ki, uşaqların tətil günlərində müəllimlər, onlar üçün hansısa məşğuliyyətlər düşünməlidirlər. Məsələn, şagirdlərin tətil günlərində boş qalmamaları, inkişafları, asudə vaxtlarının təşkili üçün müəyyən tədbirlər nəzərdə tutulmalıdır: “SSRİ dövründə tətillərlə bağlı hər bir məktəbin xüsusi iş planı olurdu. Müxtəlif yaş qrupları üzrə həmin plan əsasında tədbirlər həyata keçirilirdi. Dövlət bayramları istisna olmaqla, şagirdlərin tətili günlərində müəllimlər işə çıxır və şagirdlər üçün proqramlar həyata keçirirdilər. Bu proqramlar sırf şagirdlərin asudə vaxtlarının təşkilinə hesablanırdı. Təəssüf ki, bütün bunlar sovet dövründə idi. İndi isə tətil günlərində tədbirlər nadir hallarda həyata keçirilir. Çünki şagirdlərin asudə vaxtlarının mənalı keçməsi üçün bizdə imkanlar o qədər də çox deyil”. Ekspert sovet dövründə tətil günlərində məktəblilərin teatra, kinoya, muzeylərə, zooparka, sirkə və s. əyləncə məkanların getdiklərini xatırlayır: “Təəssüf ki, indi bu cür məkanlara uşaqlar üçün dəvətlər mütəmadi təşkil olunmur. Uşaq isə yaşından asılı olmayaraq, başını qatmaq üçün vasitə axtarır”.

 

Gündəlik rejimləri düzgün qurulsa

Psixoloqlar məsələyə münasibəti ünsiyyətlə əlaqələndirirlər. Belə ki, əgər uşağın ünsiyyəti zəifdirsə, o, virtual aləmə meyl edir. Psixoloq Narınc Rüstəmovanın fikrincə, uşaqların asudə vaxtının təşkili valideynlər üçün vacib mövzudur. Belə ki, valideynlər tətil günlərində bu haqda ciddi düşünməlidirlər: “Məlumdur ki, dərs günlərində valideyn bütün gününü uşağının yanında keçirə bilmir. Əgər biz bunu onlardan tələb etsək, bu, utopiya olar. Ancaq tətil günlərində onların asudə vaxtının səmərəli təşkili üçün valideyn öncə öz uşağının maraq dairəsini müəyyənləşdirməli, onun yaşını nəzərə almalıdır. Yeniyetmə yaşlı uşaqlar asudə vaxtlarını passiv şəkildə keçirməyi xoşlayırlar. Onlar valideynləri ilə o qədər vaxt keçirməyi xoşlamırlar. Onların daha çox maraq dairələrində olan öz yaşıdları ilə münasibətləridir. Onlar virtual aləmdə daha çox zaman keçirilər. Azyaşlı uşaqlar isə daha çox valideynə ehtiyac duyurlar”.

Psixoloq hesab edir ki, uşağın maraq dairəsinə uyğun olaraq müəyyən kurslar təşkil olunmalıdır: “Dərs vaxtından asılı olub-olmayaraq, həmin kurslar davam edir. Bunlar şahmat kursları, üzgüçülük və s. idman növləri ola bilər. Əgər uşaq kompüterə meyl edirsə, o, futbolla və yaxud kompüterin incəlikləri ilə bağlı hər hansı axtarışlara meyl etsə, yaxşı olar. Ancaq valideyn sanki uşağına oyuncaq alır, ancaq həmin oyuncaqla necə oynamağı öyrətmir. Valideyn uşağı ilə zaman keçirməyi bacarmalıdır. Əlbəttə, uşaq evdə bir oyuncaqla çox oynasa, bu da anormal haldır. Valideynin onu özü ilə parka, hər hansı gəzinti yerinə aparması məsləhətdir. Üstəlik, uşaqların yuxu və qidalanma rejiminə də riayət olunmalıdır. Uşaqların asudə vaxtlarının təşkili üçün düşərgələrin olması da çox vacibdir”.

Psixoloq hesab edir ki, valideyn övladı üçün doğru rejim qurmağı bacarmalıdır: “Əgər uşaq boş qalırsa, təbii ki, sosial şəbəkəyə meyl edəcək. Xüsusən uşağın ünsiyyəti zəifdirsə, o, daha çox sosial şəbəkələrdə gününü keçirəcək. Əgər uşaq virtual aləmə qaçırsa, demək onun ünsiyyət problemi var. Valideyn məktəbdə uşağının davranışı ilə maraqlanmalı, daim uşağının dostları, onların valideynləri və müəllimləri ilə əlaqə saxlamalıdır. Valideyn uşağı ilə dost olmağa çalışmalıdır. Hətta, uşağın maraq dairəsinə uyğun olaraq, psixoloq yardımı da ala bilər. Uşaq asudə vaxtını özü də səmərəli bölə bilər”. Psixoloq hesab edir ki, uşaqların yeniyetməlik dönəmində internetə, sosial şəbəkələrə meyl etməsi təbiidir. Yəni buna tam məhdudiyyət qoymaq qeyri-mümkündür. “Yeniyetmə internetdə musiqiyə qulaq asa, kinolara baxa bilər. Təbii ki, biz pornoqrafik videoları nəzərdə tutmur və tövsiyə etmirik. Ancaq bu şəkildə uşaqların film izləməsi və s. anormal hal deyil. Uşaq evdə qalıb nə etməlidir – ya televizora baxacaq, ya da oyuncaqları ilə oynayacaq. Amma eyni şeylə məşğul olmaq da onu bezdirir. Ona görə, uşaq daha çox çölə çıxmalıdır. O, valideyn nəzarəti altında 1-2 saat həyətdə zaman keçirməlidir. Hesab edirəm ki, uşaqların gündəlik rejimləri düzgün qurulsa, onların lazımsız əyləncələrə zamanı qalmaz”.

Təbii ki, “rəqəmsal nəsl” və ya “dövrün tələbi” deyib yan keçə bilmərik.  Texnoloji biliklər, məşğuliyyətlərlə yanaşı, böyüyən nəslin mənəvi tərbiyəsi ilə bağlı məsələ də düşünmək tələb edir. Bu isə təkcə ölkə üçün vətəndaş yetişdirən valideynin deyil, həm də təhsil müəssisələrinin, vətəndaş cəmiyyətinin qayğısı olmalıdır. Həm də, təkcə tətil günlərində deyil, bütün il boyu…

 

Təranə Məhərrəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir