internet

Virtual asılılıq sağlamlığımız üzərində necə hökmranlıq edir?

Baxış sayı: 559

Dövrümüzdə bütün yaş kateqoriyalarından olan insanın internet, smartfon, planşet və kompüter kimi məlumat və əyləncə mənbələrindən uzaq durması mümkün deyil. Əvvəl yuxarı yaşlarda rastlanan internet asılılığı indi uşaqlar və körpələrdə də çox müşahidə edilir. Evdə və ya işdə, ictimai nəqliyyatda gedərkən telefon əlində olan insanların sayı sürətlə artır. Əvvəl ictimai nəqliyyatda, parklarda qəzet-kitab oxuyan insanları az da olsa görmək olurdu, amma indi kitabı, qəzeti də telefondan oxuyuruq. Asılılığımız hər gün artır. Əgər telefonunun tez-tez xəbərdarlıq siqnalı verirsə, başqa işlərin olsa da sosial şəbəkələrdə gəzirsənsə, işin heç vaxt bitmirsə, gözün, qulağın daim telefonda, komputerdədirsə, deməli, sən də internet asılılığından əziyyət çəkirsən.

İşi asanlaşdırmaq və məhsuldarlığı artırmaqla yanaşı, kompüterlə, smartfonlar tədricən gündəlik həyatın müxtəlif sahələrinə tamamilə nüfuz etdi, hətta pərçimləndi desək, daha doğru olar. Bu texnologiya vasitəsi ilə məlumat əldə etmək, paylaşmaq kimi faydalı işlər görmək olur, lakin o həyatımıza bir çox problem də daxil edib. İnternet asılılığı və ya texnologiya asılılığı kompüterin insana, ətrafına və münasibətlərinə zərər verməyə başladığı vəziyyətlər üçün istifadə edilən bir termindir. Vəziyyət o həddə çatıb ki, mütəxəssislər kompüter asılılığını narkomaniyaya bənzədirlər.

Uzun müddət kompüterdən istifadə edən insanlar narkomanların zərərli maddələrdən olan asılılığına bənzər bir vəziyyətdə olurlar. İnternet aludəçiləri uzun müddət internetə girə bilmədikdə, gərginlik, əsəbilik, narahatlıq, nə edəcəklərini bilməmək kimi davranışlar göstərə bilərlər. Zaman keçdikcə daima kompüter qarşısında daha uzun müddət qalmaq istəyirlər, internetə baxa bilmədikləri müddətcə fikirləri daim internetdədir, hər fürsətdə telefonda. Kompyuterdə interneti gəzmək onları rahatladır. Bunun zərərini görsələr də bu vəziyyətdən çıxa bilmirlər. Bu cür insanlar, adətən, uzun müddət kompüterlə məşğul olduqlarını, internetdə çox vaxt itirdiklərini, telefonsuz qala bilmədiklərini inkar edirlər.

 

Problemləri həll etmək yerinə internetdə gəzişirik

Bir çox insan gündəlik problemlərindən xilas olmaq, tənhalığını unutmaq, narahatlıq və depressiv hisslərini yatırtmaq üçün internetdə vaxt keçirməyi çarə bilir. İnternetdə gəzirşərkən diqqət dağılır, fərqli istiqamətlərə bölünür və dolayısı ilə qayğılarını unutmağa, narahatlığının azalmasına və rahatlıq hiss etməyə səbəb olur. Ancaq bir müddət sonra istirahət üçün istifadə edilən internet insana zərər verməyə başlayır. Problemlər üst-üstə yığılıb, insan onları həll etmək yerinə onlardan qaçır, internetdə vaxt öldürür və beləcə həyatının səhvini edir.

Xüsusilə, depressiv şikayətləri olan insanlar asanlıqla internet aludəçisi ola biləcək qrupa daxildir. Depressiyanın yaratdığı pessimizm, narahatlıq internetdə vaxt keçirərkən unudulsa da sosial izolyasiya, özünü təcrid, təklik depressiyanın şiddətini daha da artırır. Narkotik, alkoqol, qumar kimi asılılığı olan insanlarda müşahidə olunan davranışlar xüsusilə depressiv internet asılısı insanlarda da müşahidə edilir.

 

Asılı olduğumuzu necə anlayaq?

İnternet asılısı olduğunu, əslində, çox insan qəbul etmək istəmir, lakin müşahidələr və əlamətlərə görə az da olsa, bunu etiraf edənlər də var. Ümumiyyətlə, hansı əlamətlərə görə internetdən asılı olduğumuzu anlaya bilərik? Birinci əlaməti gərəksiz halda uzun müddət onlayn qalmaqdır. Şəxsi işlərin daim gün sonuna saxlanması və ya növbəti günə qalması da internetdə çox vaxt keçirənlərin problemidir. Yeməklər ayaqüstü qidalanmaya keçir, daha rahat başa gələn qidalar qəbul edilir.

Başqa bir əlamət də internetdə çox vaxt keçirdiyinizə dair ailə üzvlərinin iradlarını qəbul etməmənizdir. Onlayn söhbət, dostluqlar real ünsiyyətdən çox olduqda artıq virtuallaşdığınızı qəbul edin. Kədərlənəndə, darıxanda ailə üzvlərinizlə, dostlarınızla söhbətləşmək yerinə online olmaq istəyəndə də asılı olduğunuzu etiraf etmiş olursunuz. Özünüzə vaxt məhdudiyyəti qoya bilmirsinizsə, yuxu, qidalanma rejimi pozulubsa, piylənmə, bel, boyun, bilək ağrılarından əziyyət çəkirsinizsə siz internetdən asılısınız.

 

İnternetdən necə yaxa qurtarmalı?

Əvvəlcə insanı internetdə “yatıb-durmağa” vadar edən səbəb müəyyən edilməlidir. Daha sonra özünüzə iş və mükafat sistemi qura bilərsiniz, həllini gözləyən problemləri aradan qaldırıb bunun müqabilində özünüzə internetdə vaxt keçirmək üçün müddət hədiyyə edin və həmin müddət bitdikdə internetdən ayrılmağı bacarın. Hər axşam eyni vaxtda kompüterinizi və ya mobil telefonunuzu “ofline” rejimə keçirin. Yalnızlıq hissini aradan qaldırmaq üçün internetdə vaxt keçirmək yerinə kitab oxumaq, ailə üzvləri və ya dostlarla canlı söhbətə üstünlük verilməlidir.

Kompüter vasitəsilə ünsiyyət həmişə sizi emosiyadan məhrum edəcək, insani hisslərinizi qətl edəcək. Ona görə də internetdə vaxt itirərkən həyatınızdan nəyi qurban verdiyinizi düşünməlisiniz. Övladınızla, dostunuzla parkda yarım saat gəzmək və ya həyat yoldaşınızla söhbətləşərək birlikdə çay içmək sizin psixoloji sağlamlığınız üçün daha vacibdir. Kompüteri və telefonu yataq otağınızdan uzaq saxlayın, ümumiyyətlə, yataq otağına televizor qoyulması belə yuxu rejiminin pozulmasına səbəb olur.

İnsan, kompüterdən və ya telefondan bu qədər uzun müddət istifadə etməzdən əvvəl bu həzzin onun sağlamlığından nələri apardığını fikirləşməlidir. Unutmaq olmaz ki, zaman çox qiymətlidir, axıb gedərkən bizim sağlamlığımızdan da bir çox şeyi özü ilə aparır.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir