Xüsusilə, uşaq və yeniyetmələrdə son vaxtlar qəribə bir tendensiya müşahidə olunur. Onlar kompüter oyunlarına o qədər böyük maraq göstərirlər ki, nəinki dərsləri, öhdəlikləri, hətta həmin an, bəlkə, adları da yaddan çıxır. Əlbəttə, heç bir halda xoşagələn və başadüşülən hal deyil. Daha maraqlısı isə uşaq və yeniyetmələrdən savayı, yaşlı adamların da çox vaxt belə oyunların əsirinə çevrilmələridir. Saatlarla kompüter arxasından qalxmır, əllərindəki telefonu yerə qoymurlar. Valideyn belədirsə, övladı necə qınayaq?
Qınamaq fikrimiz də yoxdur. Amma psixoloq Fərqanə Mehmanqızı ilə birlikdə məsələyə aydınlıq gətirmək, xoşagəlməz tendensiyanın sirrini üzə çıxarmağa çalışdıq. O, aysberqin görünməyən tərəflərindən danışdı:
“Asılılıq insanın xislətində var. Və bunun müxtəlif növləri mövcuddur-insana, yeməyə…v s. Belə asılılıqlardan biri də oyunadır. Adətən özgüvən problemi olanlar, özünü təsdiq etməyə ehtiyac duyanlar belə oyunları oynayırlar.
Çünki özlərini real həyatda realizə edə bilmir və virtual mühitə üz tuturlar. Əsas məqam ondan ibarətdir ki, belə oyunların ilk mərhələləri çox asan olur.
Beləliklə, oyunçuya qalibiyyət həzzini yaşamağa imkan yaradılır. Məhz həmin həzzin dadını bildiyinə görə, insan sonradan oyunun əsirinə çevrilir. Qazanan isə oyunu kəşf edənlər olur. Onlar oyunçu sayına və ya başqa amilə görə xeyli gəlir əldə edirlər”.