Hər həftə sizə mətbəx nümunələri təqdim etmək ənənəmizi davam etdiririk. Bu dəfə sizə hazırlanması çox asan amerikan pirojnasının reseptini təklif edirik. Bu, çay süfrələrinizi standart şirniyyatlardan xilas edəcək bir reseptdir.
Pirojnanı hazırlamaq üçün bizə lazım olan ərzaqlar:
Tərkibi
Xəmir üçün
1 ədəd yumurta
80 qr kərə yağı
100 qr şəkər kirşanı
3 x/q kakao tozu
100 ml süd
130 qr ələnmiş un
1 ç/q qabartma tozu
1 q vanil
Krem üçün
150 ml qaymaq (35%)
4 x/q şəkər kirşanı
Hazırlanma qaydası
Yağı əvvəlcədən soyuducudan çıxardırıq. Unu, kakao tozunu, qabartma tozunu və vanili qarışdırırıq.
Yağı şəkər kirşanı ilə yumşalana və qabarana qədər qarışdırırıq. Yumurtanı üzərinə töküb, qarışdırmağa davam edirik.
Daha sonra əvvəlcədən hazırladığımız un və kakaoya südü əlavə edərək qarışdırırıq. Bütün inqridientlər bir-birinə tam qarışana qədər bu prossesi davam etdiririk.
Hazır olan xəmiri xörək qaşığı vasitəsilə sobanın qabına düzün. (Şəkildəki kimi) Çalışın ki, halqalarınız çox böyük olmasın. Çünki bişdikcə də həcmi artacaq. Sobanı 180 dərəcədə qızdırıb 10-12 dəqiqə bişiririk.
Pirojnalarımız bişənə qədər biz kremi hazırlayaq. Şəkər kirşanı ilə qaymağı bir-birinə tam qarışana qədər çalın. Hazır olan pirojnaların ortasına kremi qoyun.
Bu şirniyyatın hər hansı bir bəzəyə ehtiyacı yoxdur. Lakin siz zövqünüzə görə bəzək verə bilərsiniz.