xerceng

Xərçəng və biz: Kimlər gəldi, kimlər keçdi…

Baxış sayı: 541

Ölüm qorxusu bütün canlıların ehtiyat etdiyi hissdir. Hamımız xəstələnməkdən, xüsusilə xərçəng xəstəliyinə tutulmaqdan və ya ölməkdən qorxuruq. Ona görə də bəşəriyyət keçmişdən bu günə qədər ölməzlik arzusundadır. İnsan sağlam ikən xəstəlik faktorunu unudaraq yaşayır, lakin xəstəlik gələndə varlı, kasıb, savadlı-savadsız, uşaq-böyük ayrı-seçkiliyi etmir. Eynilə “Apple” yaradıcısı, milyarder Stiv Cobsu öz qurbanına çevirdiyi kimi. Bu günədək dünyada maddi imkanı kifayət qədər yaxşı olan minlərlə insan Cobs kimi xərçəngdən sığortalana bilməyib.

 

Xərçəng qurban seçmir- məşhuru da var, ulduzu da…

Bayram tətilinin son iki günü sosial şəbəkələrdə iki xəbər ayaq açıb yeridi. Birincisi, qarmon ifaçısı Gülbahar Şükürlü idi. 62 yaşlı əməkdar artist uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi. Bayram tətilinin son günü isə məşhur müğənni, əməkdar artist Aygün Bəylərin ölüm xəbəri yayıldı. Dekabr ayında canlı konsert verən müğənninin vəziyyəti qəflətən pisləşib və o Türkiyədə müalicəyə yollanıb. 3 ildir döş xərçəngindən əziyyət çəkən Aygün Bəylər elə Türkiyədə, xəstəxanada vəfat etdi.

Ölkəmizdə bir çox tanınmış şəxs xərçəngin qurbanı olub. Keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ilk sədri Vurğun Əyyub 62 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. Xalq artisti Fuad Poladov da xərçəng xəstəliyinin qurbanı olub. Tanınmış aktyor 2018-ci ildə 69 yaşında vəfat edib. Uzun illər onkoloji xəstəliklə mübarizə aparan Əməkdar artist Xanım Qafarova da xərçəngə yenildi. Tanınmış rejissor Şahin Zəkizadə 2017-ci ildə 39 yaşında ikən qan xərçəngindən həyatını itirib. Jurnalist Gülər Məmmədova 2015-ci ildə xərçəng xəstəliyinin qurbanı olub. Tanınmış jurnalist Nigar İsmayılqızı 34 yaşında qan xərçəngindən vəfat edib. Şahmat üzrə Azərbaycan milli komandasının sabiq üzvü, qrossmeyster Vüqar Həşimov 2014-cü ildə 27 yaşında beynində olan bədxassəli şişə təslim olub. Xalq şairi Vaqif Səmədoğlu mədə xərçəngindən əziyyət çəkib. O, 2015-ci ildə 75 yaşında həyatdan köçüb. Xərçəngin daha bir qurbanı tanınmış teleaparıcı Ceyran Nəriman olub.

Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən məşhur xanəndə, Xalq artisti Ağaxan Abdullayev 2016-cı ildə 66 yaşında vəfat edib. Azərbaycan Respublikasının sabiq Müdafiə Sənayesi naziri (2006–2018), “Şöhrət” ordenli Yavər Camalov uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib. Sabiq nazir 2018-ci ildə 68 yaşında vəfat edib. Müğənni Xatun Əliyevanın qardaşı, stilist Balaş Əliyev isə 2021-ci ildə 38 yaşında beyin xərçəngindən ölüb. Xərçəng xəstəliyi əməkdar artist, aktyor Novruz Qartalın (74 yaş) da həyatına son qoyub. Uzun illər xərçənglə mübarizə aparan, tanımış aktrisa və aparıcı, “Toppuş” bacı” ləqəbli Əməkdar artist Tünzalə Əliyeva da 49 yaşında xəstəliyə təslim oldu.

 

Xərçəng qadınları sevir

Xərçəng çoxalan hüceyrələr xəstəliyidir, bir orqanda nə qədər sürətli və çox böyümə varsa xərçəng riski də bir o qədər yüksəkdir. Normal halda hüceyrələr orqanda yenilənmə məqsədi ilə çoxalmalıdır. Amma hər hüceyrənin də bir ömrü var, ölən hüceyrənin yerinə yenisi yaranır. Bəzən bu hüceyrələr orqanizmin nəzarətindən çıxır və sürətli şəkildə çoxalır. Bu çoxalma o qədər sürətlidir ki, ölən hüceyrələr bu sürətə yetişə bilmir və beləliklə, xərçəngin təməli qoyulur.

Orqanizm bir çox hallarda bu hüceyrələri nəzarəti altına ala bilmir, amma mümkün qədər nizamlamağa çalışır. Əgər orqanizmimiz nizamı qorumağa çalışmasa bu gün dünyada xərçəngdən ölənlərin sayı fəlakət həddə çatardı. Xüsusilə süd vəzi xərçəngi dünyada yayılmış ən geniş xərçəng növüdür. Hər il dünyada 400.000 qadına bu diaqnoz qoyulur. Bu 29 saniyəyə bir qadının xərçəng xəstəsi olması deməkdir. Ümumilikdə hər 8 qadından birində xərçəngin bu növünə rast gəlinir. Dünyada 40 yaşdan aşağı qadınlarda bu xəstəliyə görə 1-ci yeri Türkiyə tutur. 40 yaşdan aşağı qadınlarda SVX diaqnozu saya görə dünyada birinci yerdədir.

Azərbaycanda hər 8 qadından biri süd vəzi xərçəngindən əziyyət çəkir və bu rəqəm ilbəil artmaqdadır. Üstəlik, bu xəstəlik artıq çox gəncləşib. Bir çox qadının mammoqrafiya etdirmədiyini nəzərə alsaq bu rəqəmin çox olduğunu ehtimal etmək olar. Endokrinoloq Sahib Məmmədov deyir ki, qadınlarda döş, uşaqlıq, yumurtalıq xərçənginə ona görə çox rast gəlinir ki, onların orqanizmi xərçəng üçün münbit zonadır: “Qadınlıq orqanları xərçəngin yaranması və inkişafı üçün olduqca əlverişli yerlərdir. Uşaqlığın iç təbəqəsi olan “endometrium” qadın bədəninin ən hərəkətli zonasıdır və 1 sm qalınlığındadır, elə buna görə burada xərçəng üçün münbit şərait yaranıb. Yumurtalıq xərçənginin yaranma səbəbi isə bu orqanda da hüceyrələrin hərəkətli olmasıdır”.

Həkim deyir ki, həm hüceyrə yenilənməsi, həm də yumurtalığın özünün tez-tez yenilənməsi səbəbindən bu orqanın xərçəngə yoluxması halları digər xərçəng növlərindən daha çox rastlanır. Heç vaxt uşaq doğmayan, və ya gec doğan, eləcə də tez-tez abort etdirən qadınlarda yumurtalıq xərçənginə çox rastlanır.

 

Bakı xərçəng üçün münbit yerdir

2022-ci ilin statistikasına görə Azərbaycanda xərçəng xəstəsi kimi qeydiyyatda olan şəxslərin sayı 59 min nəfər olub. Məlumata görə, ölkəmizdə vəfat edən hər 9 nəfərdən təxminən 1-i xərçəngdən ölür. Ölümə səbəb olan xərçəngin növünə gəlincə, süd vəzisi 2638, traxeya, bronx, ağciyər 1379, mədə 1372, bağırsaq 701, qida borusu isə 486 təşkil edib.

Qeyd edək ki xərçəng xəstələri daha çox Bakıda yaşayır. Bunun da əsas səbəbi paytaxtda əhalinin sıxlığı və ekoloji durumun pis olmasıdır. Radiasiya faktoru da xərçəngin yayılmasında mühüm rol oynayır. Xüsusilə akasiya ağaclarının kütləvi qırılmasının xərçəng xəstəliyinin artamasına təkan verdiyi barədə tutarlı araşdırmalar var. Bu araşdırmalara görə bir akasiya ağacı 40 kvadratmetr ərazini radiasiyadan təmizləyir.

Qadınların süd vəzisi xərçənginə yoluxmasının səbəbinə gəlincə isə, bu süd vəzilərinin tez-tez hormon dəyilikliyinə uğraması ilə əlaqədardır. 40 yaşını keçən hər yüz qadından 2-si süd vəzisi xərçənginə yoluxur. Erkən diaqnozu qoyulan xəstəliyin sağalma şansı 95 faizdir. Yumurtalıq xərçəngi qadınlarda xərçəngdən ölmə səbəbi arasında 5-ci sıradadır. İlk sıralarda ağciyər, döş, bağırsaq və mədəaltı vəz (pankreas) xərçəngləri qərarlaşıb.

Maraqlıdır ki, tez-tez rastlanan xərçəng növləri daha az ölümə səbəb olduğu halda nadir rastlanan xərçənglər bir anda öldürə bilir. 40 yaşdan yuxarı qadınların ölümünün 2 faizinə yumurtalıq xərçəngi səbəb olur. Bu xərçəng növü ən çox 50-60 yaşlarda rastlanır və ən çətin diaqnoz qoyulan növdür. Xərçəng xəstəliyinin qadınlarda özünü göstərən növləri əsasən yumurtalıq, süd vəzisi və uşaqlıq boynu xərçəngidir. Erkən diaqnozun müalicədə böyük paya malik olduğunu bilmək önəmlidir.

 

Erkən diaqnoz həyat sığortasıdır

Xərçəng xəstəliyi təhlükəlidir, nə elm, nə texnologiya onu kökündən məhv edə bilmir. İnkişaf etmiş mərhələsində bu xəstəlik üçün ediləcək çox az müalicə növü var. Amma erkən diaqnoz qoyulmuş xəstələrin sağalma ehtimalı yüksəkdir. Qadınların xərçəngə yoluxmasının qarşısını alacaq yeganə insan elə insanın özüdür. Xərçəngdən qorunmaq istəyən insanın ən effektiv silahı isə vaxtaşırı həkim müayinəsindən keçməkdir. Xərçəng başlanğıcda çox yavaş irəliləyən xəstəlikdir, bu səbəbdən də diaqnozu çətindir.

Xərçəngi yaradan faktorların başında stress gəlir, stressi həyatınızdan uzaq tutun. Natural qidalanın, fast-food qidalanmadan uzaq durum. İdman edin, gəzintiyə çıxın, real sosial həyat yaşayın, dostlarla, qohumlarla sıx ünsiyyət qurun. Yeri gəlmişkən, doğuşdan sonra körpənizi əmzirən qadınlarda xərçəng nadir rastlanır.

Limon, naringi, nar xərçəngin düşmənidir, bol-bol istifadə edin. Göbələk xərçəng hüceyrələrini məhv edir. Yerkökü döş, uşaqlıq xərçəngi ilə mübarizədə güclüdür. Pomidor xərçəng hüceyrələrini azaldır. Ümumiyyətlə, bütün qırmızı meyvə və tərəvəzlər xərçəng xəstəliyi ilə mübarizə gücünə malikdir. Kələm, yaşıl çay, brokoli, gül kələmi, qatıq, ananası çox istifadə edin. Xərçənglə ona yoluxmamışdan öncə mübarizə aparın. Unutmayın, xərçəng qurbanını seçmir, onun üçün fərqi yoxdur – Stiv Cobs, ya da Əli Məmmədov…

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir