emeliyyat

Xəstələrin əməliyyat masasında həyatını itirməsində günahkar kimdir?

Baxış sayı: 2. 224

30 il əvvəl əməliyyat zamanı 3 min xəstədən biri dünyasını dəyişirdisə, indi 20 min xəstədən biri vəfat edir. Bu rəqəm bütün dünya üçün nəzərdə tutulub. Ölkəmizdəsə son bir neçə ay ərzində 3 nəfər əməliyyat masasında həyatını itirib.
Əslində burun əməliyyatı – rinoplastika – sağlamlıq üçün təhlükəli deyil. Mütəxəssislərə görə, təhlükəli olan  əməliyyat öncəsi xəstəyə verilən narkozun – anestezinin miqdarıdır.

Plastik ve rekonstruktiv cərrah Murat Türegünün sözlərinə görə, rinoplastika əməliyyatı zamanı burunun forması yenidən planlaşdırılıb şəkilləndirilir. Estetik görüntü ilə yanaşı sağlamlıq problemləri də rinoplastik əməliyyatı ilə həll olunur. Burunun içindəki əyriliklərin düzəldilməsi, hava yolunun açılması daha rahat nəfəs alınmasını təmin edir. Həkim qeyd edir ki, bu əməliyyatla burunla əlaqəli istənilən cür narahatlıq və əyriliklər aradan qaldırılır. Dediyinə görə, estetik burun əməliyyatına qərar verməzdən əvvəl pasiyentin istəkləri mütləq soruşulmalı və dəyərləndirilməlidir. Əməliyyat yaşı qadınlarda 16, kişilərdə isə 17 yaşdan başlayaraq oluna bilər: “Rinoplastika əməliyyatında həm lokal, həm də ümumi anesteziya tətbiq olunur. Bu isə ağır bir ümumi anesteziya deyil, xəstə istəsə əməliyyatdan 3-4 saat sonra evinə gedə biləcək vəziyyətdə olur”.

Onun sözlərinə görə, əməliyyatın təcrübəli həkim tərəfindən aparılması fəsadların ehtimalını azaldır. Əməliyyat sonrası infeksiya, müvəqqəti burun qanaması və ya bədənin anesteziyaya göstərdiyi reaksiya kimi fəsadlar hər zaman ola bilər. “Bu tərz ehtimalların meydana gəlməməsi üçün əməliyyat öncəsi və sonrası verilən tövsiyələrə əməl olunsa, risklər azalmış olar. Əməliyyat sonrası sızıntı şəklində qanamalar görülə bilər və bunlar bir-iki gün içində tamamilə dayanacaq. Əməliyyatı həyata keçirən həkim və anestezioloq təcrübəlidirsə, burun əməliyyatının heç bir fəsadı olmur.  Çünki əməliyyat öncəsi xəstə müəyyən yoxlamalardan, analizlərdən keçir. Və həkim əməliyyat zamanı heç bir fəsadın yaranmayacağına əmin olur. Xəstə əməliyyata uyğundursa, əməliyyata alınır”.

Ümumi cərrah Fuad Nəzərovun bildirdiyinə görə, xəstələr əməliyyatxanaya gəldikdə, anesteziya həkimi tərəfindən qarşılanır, xəstə əməliyyat masasına əməliyyat qrupu tərəfindən anesteziya həkiminin köməyi ilə aparılır. Bundan sonra anesteziya həkimi xəstəyə təzyiq alətini, ürək monitorunun elektrodlarını və puls oksimetre (qandakı oksigeni ölçər) qurğusundan barmaq ucu kabelini bağlayır.  Bunlar əməliyyat müddətincə xəstənin həyati funksiyalarını yaxından müşahidə etmək üçündür: “Lazım olsa, anesteziya başlamadan əvvəl 3-5 dəqiqə müddətlə maskayla oksigen verilə bilər. Bundan sonra sırasıyla ağrı xəbərdar edənləri azaldacaq, anesteziya deyilən xüsusi yuxu halını meydana gətirəcək və əzələ boşalmasını təmin edəcək dərmanlar damar yolu ilə xəstəyə tətbiq edilir. Daha sonra anestezioloq tərəfindən xəstənin nəfəs borusuna yerləşdirilən bir balon sayəsində xəstəyə oksigenlə qarışdırılmış keyidici qazlar verilir. Bu qazlar verildiyi müddətcə anesteziya davam edir, kəsildikdən qısa bir müddət sonra anesteziya sonlanmış olur və xəstə oyanır. Bu müddət içərisində anesteziya həkimi davamlı xəstənin yanında olur və əməliyyatın seyri ilə əlaqədar lazımlı müalicələri edir”.

Həkim qeyd edir ki, anesteziya müddəti bir neçə dəqiqə və ya saatlarla ola bilər. Bu əməliyyatın növünə və seyrinə bağlıdır, əməliyyatın nə qədər olması lazımdırsa, anesteziya da kəsilməz olaraq o qədər davam etdirilir.

F.Nəzərlinin sözlərinə görə, anesteziya veriləcək xəstələrin mədəsi boş olmalıdır: “Xəstə anesteziya altındaykən, dolu mədədə olan qidalar və turşulu mədə mayesi yemək borusundan geri gələrək, nəfəs borusuna qaça bilər, bu da arzulanmayan bir vəziyyətdir və həyati təhlükəyə səbəb ola bilər. Əməliyyatdan 2 saat əvvəl maye (su, şəkərli su, çay, cökə, meyvə suları) qəbul edilə bilər (süd, qazlı içkilər, şorba istisna olmaqla). Dərmanlar əməliyyatdan 1 saat əvvəl bir qurtum su ilə içilə bilər”.

Bəzi anaların az miqdar bir şeylər yeməyin uşaqlara zərər verməyəcəyini, onları doyurmayacağını düşünərək, həkiminin icazəsi olmadan əməliyyatdan əvvəl körpələrini bəsləmələri və ya əmizdirmələri təhlükəli bir vəziyyət yaradır: “Bu cür xəstəliyi olan xəstəni müayinə edən anesteziya həkimi, edəcəyi tədqiqlərlə xəstəliyin dərəcəsini təyin edib əməliyyat əvvəli ediləcək müalicəylə xəstəliyin əlamətlərinin azaldılması üçün səy sərf edər, əgər ehtiyac hiss edərsə, əlaqədar hissələrdən görüş istəyər. Bütün bu səyin məqsədi xəstə üçün ən az təhlükə yaradacaq uyğun anesteziya dərman və texnikanı seçməkdir. Bütün bu işlər nəticəsində uyğun şərtlərdə hər xəstəyə etibarla anesteziya  tətbiq edilə bilər”.

Həkim-anestezioloq və həkim-cərrah öz işini peşəkarcasına yerinə yetirirsə, bu zaman əməliyyat və anesteziya insan sağlamlığı üçün təhlükə yaratmır. Xəstə həkimin əlində dünyasını dəyişirsə, bununla hüquq-mühafizə orqanları məşğul olmalıdır.

İradə CƏLİL




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir