İnsanlar xəyanəti müxtəlif şəkildə qəbul edirlər. Bəzi kişilər var ki, ailədən kənarda olan münasibətlərini xəyanət saymırlar. Onların həyat yoldaşları olur və onlara ailədə yaxşı baxırlar. Belə kişilər düşünürlər ki, kənardakı münasibət onun ailəsinə aid olmayan bir şeydir.
“Əgər mən ailəmə yaxşı baxıramsa, uşağım üçün hər şey edirəmsə, kənardakı münasibətin ailəmə heç bir aidiyyatı olmamalıdır. Kənardakı münasibət mənim özümündür, əyləncəmdir, rahatlığımdır” düşüncəsi ikinci bir ailənin yaranmasına səbəb olur. İllər keçir, alışqanlıq, bağlılıq yaranır. Kişi bu “əyləncədən” qopa bilmir. Və bəzən bu “əyləncə” birinci ailənin dağılması ilə yekunlaşır.
Psixoloq Fərqanə Mehmanqızının sözlərinə görə, bəzi insanlar xəyanəti ruhi olaraq qəbul edirlər: “Məsələn, belə insanlar düşünürlər ki, əgər xəyalından hər hansı qadın və ya hər hansı bir kişi keçirsə, bu, xəyanət hesab edilir. Bəzi insanların kənarda görüşdükləri biri olur. Bəziləri isə bir neçə insanla görüşürlər. Və onlar bunu xəyanət hesab etmirlər. Bu, artıq psixoloji problemdir”.
“Bəzi insanlar var ki, həyatında hansısa şəraitdə bir-iki dəfə xəyanət etsə də, ömür boyu bunun peşmançılığını çəkir. Həyatında dəfələrlə xəyanət edən insanların ruhi vəziyyətini psixoanaliz edəndə görürük ki, onların sevgi aclığı var. Yəni, onların tapa bilmədiyi hiss var ki, insan dəyişməklə bu hissi tapmağa çalışırlar. Bu insanlarda özünəinam inkişaf etməmiş olur. Belə insanlar həyatlarna müxtəlif insanlar salmaqla özlərinə sübut etməyə çalışırlar ki, hər kəs məni sevir, hər kəs mənimlə olmaq istəyir və mən yaxşıyam. Bu insanların həyat yoluna baxanda görmək olur ki, kimsə onlara xəyanət edib, kimsə onları tərk edib və onlarda eqo əzikliyi yaranıb. Onlar öz əzik eqoları ilə hamını əldə etməyə çalışırlar. Onlar ətrafa sübut etməyə çalışırlar ki, “bütün qadınlar və ya bütün kişilər məni sevir və mən sevilməyə layiqəm”. Bununla da belə insanlar öz eqolarını doydurmağa çalışırlar — mən hər kişi və ya hər qadın tərəfindən arzuolunan qadınam və ya kişiyəm” — psixoloq bildirir.
Müsahibimiz bildirir ki, qadınlar xəyanətkar ruhlu olmadıqları üçün daha az xəyanət edirlər: “Qadın xəyanət edirsə, bunun kökündə dərin bir depressiya durmalıdır. Onların xəyanət etməsi üçün həyatında müəyyən boşluq olmalıdır. Amma bu da iradəsizlikdir. Bu boşluq, travma, depressiya xəyanətə haqq qazandırmır. Çünki insan heç bir halda sədaqətsizlik nümayiş etdirməməlidir. “Bu mənim ərimdir, bu mənim arvadımdır” fikri qadında və ya kişidə arxayınlıq yaradır. “Mən nə etsəm, gedən deyil, məni hər halımla qəbul edəcək” kimi fikirlər qadını və ya kişini xəyanətə meylləndirir”.
Mehmanqızının sözlərinə görə, ümumiyyətlə, kişi və qadın bir-birinə xəyanət etməmək üçün çalışmalıdr ki, münasibətlərdə boşluq olmasın: “İnsanların düşüncə səviyyəsi də eyni olmadıqda, onlar münasibətdə bir-birindən geri qalır və həmin boşluğa kənardan biri asanlıqla girə bilir. Qadınlar çox zaman deyirlər ki, “filankəs mənim ailəmi dağıtdı, filankəs gəlib həyatımıza girdi”. Bu, yanlış düşüncədir. Çünki boşluq olmayan yerə heç kim girə bilməz. Faciələr də bu boşluqlardan yaranmağa başlayır. Zaman keçdikcə insanlar bir-birinin xoşuna gəlməyə, bir-birinin üzərində əsməyə səy göstərmirlər. İnsanlar unudurlar ki, münasibətlər canlıdır və onu canlı saxlamaq üçün səy göstərmək lazımdır. Münasibətlər xoş rəftardan, səmimiyyətdən, qayğıdan, sevgidən qidalanır. Bu hisslər yoxdursa, münasibətdən söhbət gedə bilməz”.
Psixoloq kişi və qadının xəyanət etməsini belə sıralayır. Əgər bir kişi xəyanət edirsə:
1) Sevgiliniz içindəki günahkarlıq duyğusunu biruzə verməmək üçün sizin istəklərinizə hər zamankından daha çox diqqət yetirir. Bu, xüsusilə ikinci münasibət yeni başlayan dövrdə özünü biruzə edir.
2) “Bir gün ayrılsaq, nə edərsən” kimi suallarla xəyanət üzə çıxan zaman sizin göstərəcəyiniz reaksiyanı öyrənməyə çalışır.
3) Yaşadığı hiss müxtəlifliyi ilə tez-tez səbəbsiz mübahisələr edir.
4) Müxtəlif bahənələrlə sizinlə daha az zaman keçirməyə, daha az danışmağa başlayır. O, belə etməklə xəyanətini ört-basdır edə biləcəyini düşünür.
5) Özünü birdən-birə daha çox bəyənməyə başlayır, zamanının çoxunu güzgü qarşısında keçirir.
6) Sizi və ya münasibətinizi başqalarıyla müqayisə etməyə başlayırsa, bu artıq sizin onun həyatında tək olmadığınıza işarədir.
7) Artıq bütün tənqidlərinizə səbrsizlik göstərir. Daim özünü müdafiə halındadır.
8) Sizin necə göründüyünüz onu daha maraqlandırmır, saçlarınız və libasınız haqqında fikir bildirmir.
9) Sizin etdiyiniz sürprizləri daha əvvəlki kimi çoşğulu qarşılamır. Bu da içində olan günahkarlıq hissindən irəli gəlir.
10) Özünü başqası ilə müqyisə edirsə, bu, artıq onun sizə marağı olmadığını bildirir.
11) Birdən-birə dostlarına daha çox zaman ayırmağa başlayır.
12) Münasibətlərinizin gələcəyi, evlilik haqqında daha danışmır.
13) Etdiyi zarafatlar sizi daha güldürmür, sadəcə incidir.
Qadın xəyanət edirsə:
1)Özünə əvvəlkindən daha çox fikir verməyə başlayır. Arıqlamağa çalışır, makiyaj, saç düzümü dəyişir.
2) Daha mehriban davranır. Daha əvvəlki kimi qısqanclıq səhnələriniz olmur.
3) Xasiyyəti də dəyişir, əvvəl sizi həyatın mərkəzinə qoyan qadın, iş və ya yeni münasibət haqqında düşündüyü üçün sizə daha az vaxt ayırır.
4) Qarşınızda həyacanlı olur, telefonunu gizlətməyə çalışır.
5) Xəyanət edən qadın düşüncə qarışıqlığı yaşadığı üçün ünsiyyətdən qaçır.
6) Sizin yoxluğunuz, uzaqlığınız, saatlarla sosial şəbəkələrdə olmağınız, onu axtarmamağınız daha qadını çox az maraqlandırır.
7) Sizi daha azad buraxa və ya daha çox axtara bilər.
8) Qadınlar səbəbsiz aldatmaz, aldadırsa, qisas alır.
9) Qadın aldadırsa, fikirli gəzər. Varlığınız daha əvvəlki kimi önəmli deyil.
Qadın və ya kişi fərqi yoxdur, xəyanət edirsə bunda qarşı tərəfində günahı var. Bu səbəbdən də sevgiliniz, həyat yoldaşınız sizə xəyanət edirsə, birinci günahı özünüzdə axtarın.