Dənizin havası, suyu, qumu insan sağlamlığı üçün əvəzsiz faydalara malikdir. Bu səbəblərdən yay ayları gələndə insanlar çimərliklərə üz tuturlar. Ancaq hər il dənizə gedənlərin “bəd xəbər”ini də tez-tez alırıq. Builki mövsüm də istisna deyil. Dənizə gedən hər kəs evinə qayıtmır. Bəs çimərliklərə üz tutanlar nələrə diqqət etmirlər ki, belə itkilər tez-tez olur?
Nə ötən il, nə də bu il…
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlili bildirdi ki, həyatımızı riskə atmamaq üçün nəzarətsiz çimərliklərə getməməliyik: “FHN-in sulardan xilasetmə əməkdaşları dövlət tərəfindən nəzərdə tutulmuş çimərliklərdə, o cümlədən İDEA İctimai Birliyinin təşəbbüsü ilə yaradılan 6 çimərlikdə 24 saat fəaliyyət göstərirlər. Həmin çimərliklərdə Təcili Tibbi Yardım xidməti də var. Qalan çimərliklərdə bunlar yoxdur. Deməli, orada sizi xilas edən olmayacaq. Nə ötən il, nə də bu il nəzarət etdiyimiz ərazilərdə boğulma təhlükəsi ilə üzləşənlərin ölüm faktı qeydə alınmayıb. Bədbəxt hadisələr nəzarət olunmayan çimərliklərdə baş verir. Düzdür, istənilən ərazidən məlumat daxil olanda dərhal hadisə yerinə gedirik. Lakin sularda xilasetmədə saniyələrin rolu böyükdür”.
Bizdən asılı olmayan təhlükə
A.Əlili deyir ki, nəzarət olmayan çimərliklərdə insanların özündən asılı olmayan təhlükəli situasiyalar yarana bilir: “Xəzər dənizinin hidrometeoroloji şəraiti sualtı relyefə də təsirsiz ötüşmür. Dalğalar nəticəsində su altında müxtəlif çuxurlar, yarğanlar yaranır, sualtı axınların sürətində artımlar müşahidə olunur. Küləklər sahil zolaqlarına müxtəlif yad cisimlər – daş, qaya parçaları, müxtəlif beton qırıqları və s. gətirirlər. Bu təhlükələrin qarşısını almaq üçün mövsümqabağı nəzarətimizdə olan çimərliklərdə dalğıclar vasitəsilə sualtı müayinələr aparırıq. Nəzarətsiz çimərliklərdə bunlar aparılmır. Bəzən vətəndaşlar nəzarət olunmayan ərazilərdə qəfləti dərinliklərə, yarğanlara düşürlər, yaxud suya baş vurduqda müəyyən zədələr alırlar”.
Üzgüçülük qabiliyyətlərinə arxalanırlar, amma…
A.Əlili nəzarət olan ərazilərdə isə təhlükəsizlik qaydalarını pozanların boğulma riski ilə üz-üzə qaldıqlarını dedi: “Dənizdə üzmə sərhədlərini müəyyən edən nişanları keçmək təhlükəlidir. Suda kobud hərəkət edənlər olur, sonra müvazinəti tamam itirir. Yaxud “kim uzağa üzər” iddiasına düşürlər, bu da bədbəxt hadisələrlə nəticələnir. Bəzən üzgüçülük qabiliyyətlərinə arxalanırlar, amma ən peşəkar üzgüçülər də dənizdə boğulublar. Uşaqların çimərlik ərazisində nəzarətsiz qalması halları olur. Sərxoş halda çimərlikdən istifadə də boğulmağa səbəb olur. Küləyin sürəti saniyədə 10 metrdən çox olanda dənizə girmək təhlükəlidir. Amma küləkli havada dənizə girənlər də çoxdur. Küləkli havada dənizdə olan dalğalar ölümə səbəb olan əsas faktordur. Dalğalı dənizdə xilasetmə əməliyyatları aparmaq da çətindir”.
“Özümüzü suyun altına çatdırmağa çalışaq”
A.Əlilinin sözlərinə görə, sualtı axınlar və kiçik burulğanlar da boğulma səbəbləri sırasındadır: “Dənizdə sahilə üzməyə doğru çalışırıq, amma sahilə çıxa bilmiriksə, deməli, sualtı axınlara düşmüşük. Sualtı axın odur ki, dənizin içərisindən çay axır. Qəti təşvişə düşməməliyik. Suda boğulmanın əsas amillərindən biri təşvişə düşməkdir. Sualtı axınlar insanı suyun altına çəkmir, onların uzunluğu o qədər də çox olmur. Biz sahilə paralel olaraq 10 metr üzməklə sualtı axından rahatlıqla çıxa bilərik.
Bəzən burulğan baş verir. Burulğanı su üzərində görmək olur. Bu zaman təşvişə düşməyək. Özümüzü suyun altına çatdırmağa çalışaq. Suyun dib hissəsinə ayağımızla təkan verərək burulğandan kənarlaşaq”.
Təhlükəsiz istirahət səhər saat 9-dan…
A.Əlilinin sözlərinə görə, hava qaraldısa, dənizə girmək təhlükəlidir: “Təhlükəsiz istirahət səhər saat 9-dan axşam 20:00-a qədərdir. Axşam vaxtı icazə verilməməsinin səbəbinə gəlincə, hava qaraldıqdan sonra su üzərində məhdudlaşdırıcı nişanları görə bilmirik. Üstəlik, bədbəxt hadisə baş verərsə, qaranlıqda axtarış etmək çətinlik yaradır. Xilasetmə əməliyyatlarında bəzən su nəqliyyatı vasitələrindən istifadə olunur. Qanunvericiliyə görə, kiçik həcmli gəmilərin istismarına yalnız günün işıqlı vaxtında icazə verilir. Bu baxımdan, vətəndaşlar diqqətli olsunlar”.
Dənizlə hovuzun fərqi
Üzgüçülük üzrə məşqçi Zöhrab Sultanlı deyir ki, üzgüçülük qabiliyyətinin olması bir çox məqamlarda xilas üçün vacib amildir: “Birincisi, üzgüçülük sağlamlıq deməkdir. İkincisi, üzgüçülük qabiliyyətin olur, özünü müəyyən məqamlarda xilas edirsən. Üzə bilən adam suda gücünü bölüşdürür. Üçüncüsü, kimsə boğulanda ona yardım edə bilir. Ona görə, valideynlər uşaqlarında üzgüçülük bacarıqlarının olmasına diqqət etsələr, yaxşı olar. Məktəblərdə üzgüçülüyün də tədris proqramına salınması yaxşı olardı. Çünki heç də hər valideynin uşaqlarını üzgüçülük kurslarına aparmağa imkanı, həvəsi olmur”.
Ancaq Z.Sultanlı bildirdi ki, dənizdəki bütün boğulmaların səbəbi heç də insanların üzə bilməməyi, yaxud dəniz təcrübəsi olmaması ilə bağlı deyil. Nə qədər üzgüçülük qabiliyyətiniz olsa da, bilməlisiniz ki, dənizlə hovuz fərqlidir: “Əksər boğulmalar küləkli havada və ya dənizin qadağan olunmuş zonalarında olur. Dəniz təbiətdir. Təbiətə hörmətlə yanaşıb ondan çəkinmək lazımdır. Hovuzda insana heç nə maneə olmasa da, açıq su hövzəsində dalğa, külək, cərəyan, qayalıq, suyun temperaturu, insan tərəfindən atılan hansısa əşyalar və s. problem yarada bilir”.
Hazırlıqlı və hazırlıqsız bədən
“Suda çox qaldıqda bədən yorulur, sonra təhlükəli situasiyada özünü xilas etməyə gücün qalmır” kimi fikir də var. Məşqçi suda qalmaq müddətinin də vacib olduğunu dedi: “Suda qalma müddəti fərdi yanaşmadır, hər kəsə görə dəyişir. Ancaq ümumi götürsək, suda qalma müddəti 45 dəqiqə, 1 saatdır. İdmançılar, təbii ki, daha çox qala bilirlər. Ümumilikdə, hazırlıqsız bədən suda daha az qalmalıdır. Bu məsələni də diqqətdə saxlamaq lazımdır”.
Aygün Asimqızı