İsti çay içdiyiniz zaman gözlənmədik hadisə baş verə bilər. Çay mebelin, örtüklərin, xalça-xalıların üstünə tökülüb ləkələnə bilər. Belə vəziyyətlərdə təcili müdaxilə etmək lazımdır. “Gencaile.az” Aile.lent.az-a istinadən çay ləkəsini çıxarmağın yolları ilə sizi də tanış edir.
Əgər geyiminizə çay tökülübsə, onu tərsinə çevirin və dərhal soyuq su ilə yuyun. Ağardıcı təsiri olmayan yuyucu vasitə ilə ləkəli hissəni ovun. Ləkə yenidirsə, 5-10 dəqiqə, köhnədirsə, yarım saata qədər yuyucu vasitə tökülmüş suda saxlayın. Ardınca isə təmiz su ilə yaxşıca durulayın. Daha sonra uyğun proqramda paltaryuyan maşında yuya bilərsiniz.
Xalçadakı çay ləkəsi necə təmizlənir?
Tökülən çayın üzərinə dərhal kağız, salfet qoyun ki, hopsun. Belə etsəniz, çayın daha dərinə çökməsinə mane olarsınız. Xalçanı çay ləkəsindən təmizləyən zaman güc tətbiq etməyin. Ağardıcı tərkibi olmayan toz yuyucu vasitəni ilıq suya qatın. Bu qarışığı bezin köməyi ilə xalıya hopdurun, lakin ovmayın. Sonra isə təmiz su ilə ləkəli hissəni durulayın.
Xalçaları çay ləkəsindən xilas etmək üçün tətbiq etdiyiniz üsulu divan-kreslolar üçün də həyata keçirə bilərsiniz.
Mebellərdəki çay ləkəsini necə aparmalı?
Evin bir çox əşyalarında halqa formasında çay ləkələrinə rast gəlmək mümkündür. Çay tökülən zaman təmizlənmədikdə bu ləkələr yaranır. Zərər verməyəcək bezin köməkliyi ilə həmin əşyanı ağardıcı tərkibi olmayan yuyucu vasitəylə silin. Bununla yanaşı, karbonat sirkə qarışığı da istifadə edə bilərsiniz.