Fidan Haciyeva

Xalq artisti: “Mənə sevgi sözlərini Azərbaycan dilində deyir” – MÜSAHİBƏ

Baxış sayı: 2. 279

“Gencaile.az” Aile.lent.az-a istinadən Akademik Opera və Balet Teatrının solisti, xalq artisti Fidan Hacıyevanın müsahibəsini təqdim edir:

Fidan xanım, üçüncü övladınız dünyaya gəldikdən sonra əvvəlki çəkinizə tez bir zamanda qayıtdınız. Bunun öhdəsindən necə gəldiniz?

– Çalışdım özümü toparlayım. Çünki səhnə incəliyi sevir. İdmanla məşğul oldum. Əslində mən çox məşğul biriyəm, yerimdə oturmuram. Səhər saat 6-da yuxudan oyanıram, uşaqlara səhər yeməyi hazırlayıram, məktəbə yola salıram. Ardınca balacanı bağçaya aparıram. Sonra bir saat səsimlə məşğul oluram. Bu yaxınlarda pedaqoji fəaliyyətə başlamışam, tələbələrim var, Opera və Balet Teatrında işləyirəm, məşqlər, tamaşalarım olur. Sonra uşaqlar məktəbdən gəlir. Gün boyu bu cür qaçhaqaçda olmağım normal çəkidə qalmağımı təmin edir. Təbii ki, həm karyeranı davam etdirmək, həm ana olmaq çox çətindir. Ancaq çatdırıram. Sadəcə özümə yetəri qədər vaxt ayıra bilmirəm.

Hamiləlikdə də çəkiniz çox artmamışdı.

– Elədir. Çalışdım az yeyim, sağlam qidalandım, meyvə-tərəvəzə üstünlük verdim. Bunlar adamı kökəltmir. Uşaq dünyaya gəldikdən sonra karyerama tez başladım, fasilə olmadı. Heç analıq məzuniyyətinə də çıxmadım. Evdəkilər də dəstək olurdu. Uşaq olandan sonra əvvəl bir az pəhriz saxladım, indi hər şey yeyirəm. Çünki həyat tərzim, işlərim enerji tələb edir.

Gərgin iş qrafikinizin olduğunu dediniz. Uşaqlara baxmaqda sizə kim kömək edir?

– Uşaqlar artıq böyükdür. Balaca da bağçaya gedir. Təbii ki, evdə anam, bacım kömək edir. Dayəmiz yoxdur. Bəlkə də anamla bacım olmasaydı, mən də dayə tutardım. Amma onlar olduğu üçün ehtiyac yoxdur. Uşaqlara özümüz baxırıq. Axşam saat 4-5-də evdə olmalıyam. Uşaqlara vaxt ayırıram, gəzintiyə çıxırıq, dərsləri ilə maraqlanıram. Onların yeməkləri mənim üçün çox önəmlidir. İşləri vaxtında edəndə, planlaşdıranda hər şeyə vaxt tapırsan.

Son illər mədəniyyət sahəsində çoxuşaqlı analara rast gəlinir. Elnarə Xəlilovanın 4-cü övladı dünyaya gəldi, Gülyanaq Məmmədovanın 4-cü övladı olacaq. Sizin də belə bir planınız var?

– Bu, bir qismətdir. Həm də bacının qardaşı, qardaşın qardaşı, bacının bacısı olmalıdır. Çox uşaq saxlamağın da öz çətinliyi var. Sənətdə olmaq, həm də çoxuşaqlı ana olmaq, övladlarla məşğul olmaq, onların qayğısına qalmaq asan deyil. Mən də çoxuşaqlı ailəni sevirəm. İngiltərədə olanda bir də görürdün ki, ana gedir, 5-6 uşaq da onun arxasınca.

Uşaqlara yeməkləri özünüz bişirirsiniz?

– Xeyr. Şirniyyatı çox sevirlər. Özüm onlara yalnız şirniyyat bişirirəm. Yemək işlərinə anam kömək edir. Çünki mənim mətbəxə girməyə vaxtım olmur. Təbii ki, hansısa yeməkləri özüm bişirirəm. Əsasən səhər yeməklərini özüm hazırlayıram. Çalışıram özüm də nəsə edim, görsünlər ki, mətbəxdə ana da var.

– Belə çıxır ki, mətbəxlə aranız yoxdur?

– Əslində, mətbəxi çox sevirəm. Mətbəxlə aram yaxşıdır, əlimdən də gəlir. Özümdən improvizasiyalar edirəm. Hansısa restorana gedəndə menyulara baxıram. Oradan da reseptlər götürürəm. Özümün də iştaham yaxşıdır. O qədər enerji sərf edirəm ki, onu bərpa etmək üçün yemək lazımdır. Amma gərək daim hərəkətdə olasan. Elə adamlar var ki, yeyirlər, sonra da uzanıb yatırlar. Təbii ki, kökələrsən. Yedin, gərək işinlə məşğul olasan. Ev xanımısansa, ev işləri ilə məşğul ol. Oturmaq olmaz, daim hərəkətdə olmalısan.

Bizdə belə bir söz var kişinin ürəyinə gedən yol mədəsindən keçir. Sizin həyat yoldaşınız da bu cür kişilərdəndir?

– Yox, elə deyil. Amma təbii ki, bütün kişilər yeməyi sevir. Ac adam əsəbi olur. Ona görə də gərək kişini yedizdirəsən, sonra da sözünü, istəyini deyəsən (gülür).

– Həyat yoldaşınız Azərbaycan mətbəxinə öyrəşib?

– Bizim mətbəxi çox sevir. Aşı, fisincan plovu, dolmanı sevir, paxlava, şəkərburanı bayramlarda məmnuniyyətlə yeyir.

Özü də sizə kömək üçün mətbəxə keçir?

– Öz bayramlarında mətbəxə keçib Avropa yeməkləri bişirir. Biz bölüşürük, onun vaxtı olanda mətbəxə keçib öz ölkəsinin yeməklərini bişirir, mənim vaxtım olanda mən mətbəxə keçib milli yeməklərimizi hazırlayıram. Məsələn, dünən qızımla bərabər ata-bala şirniyyat bişirdilər. Çox da dadlı alındı, səhər yeməyində yedik. Kişinin həyat yoldaşına kömək etməsi çox yaxşıdır.

– Hamiləlikdə qadınların üzü şişir, sonra arıqlayırlar və dəridə boşalma, sallanmalar baş verir. Təbii ki, kosmetoloqa müraciət etməli olurlar. Bu baxımdan özünüzə necə qulluq edirsiniz?

– Kosmetoloqa az müraciət edirəm. Öz kremlərim, maskalarım var. Evdə özüm-özümə qulluq edirəm, oxuyub araşdırıram. Müasir dövrdə internetdə hər şey var. Cürbəcür maskalar, kremlər hazırlayıram. Gözəllik salonuna yalnız makiyaj və saç üçün gedirəm. Saç ustam var, saç düzümlərimə diqqət edir, dəyişir. Bunlar səhnə üçün çox vacibdir.

– Səhnə daim təravətli olmağı, gəncliyi sevir. Gələcəkdə lazım olarsa, estetik, kosmetoloji prosedurlardan bəhrələnərsiniz?

– Lazım olanda təbii ki, etmək olar. Üzdə qüsur yaranarsa, səhnə adamı bunu aradan qaldırmalıdır. Amma hələ etdirməmişəm. Lazım olsa, mən də estetik, kosmetoloji prosedurlardan bəhrələnərəm.

Bədən quruluşunuz imkan verir ki, istənilən geyimi geyinəsiniz. Geyim seçimini necə edirsiniz?

– Klassik müğənni olduğum üçün əsasən klassik üsluba üstünlük verirəm. Mənim stilim budur. Çox nadir hallarda cins geyinərəm. O da ki, uşaqlarla gəzməyə, əylənməyə gedəndə. İngiltərəyə gedəndə bütün alış-verişi oradan edirik. Başqa xarici ölkələrdən də geyimlər alıram. Aralarında brendlər də var. Bəzən də fikrimə hər hansı geyim forması gəlir, dizaynerlə məsləhətləşib tikdirirəm. Baxır vəziyyətə.

Zinət əşyalarına, aksessuarlara nə dərəcədə önəm verirsiniz?

– Zinət əşyaları üçün ürəyim getmir. Amma təbii ki, hər qadının zinət əşyası olmalıdır. Gündəlik aksessuarlardan istifadə edirəm. O da geyimə uyğun olaraq.

Ən çox hansı mövzularda həyat yoldaşınızla məsləhətləşirsiniz?

– Ev, ailə-məişət mövzularından tutmuş, yeməyə, bazarlığa qədər bütün mövzularda. Bazarlığa birlikdə gedirik. O da hər şeylə, eyni zamanda mənim işim, yaradıcılığım, planlarım, tamaşalarımla maraqlanır. Həmişə deyir ki, repertuarını genişləndir. Həyat yoldaşım mənim dostumdur. Bütün mövzularda mənə məsləhət verir. O da həmçinin bütün işlərində mənimlə məsləhətləşir.

Sizcə, azərbaycanlı kişi ilə ailə qursaydınız, indiki Fidan Hacıyeva olardınız?

– Təbii ki. Mən elə adam seçərdim ki, sənətimlə məşğul olmağıma icazə versin. Lakin ailə qurmaq, həyatının kiminlə birləşməsi qismətdir. Mən Filippə rast gəldiyim üçün çox sevinirəm. Həyat yoldaşım özünü azərbaycanlı hesab edir, bizim ölkəmizi çox sevir. Artıq uzun illərdir burada yaşayır. Ailəsi, dostları burdadır.

Azərbaycan kişilərinin çoxu üçün qadın evdə daha gözəl, daha mükəmməldir.

– Deməzdim. Təbii ki, hər insanın öz xarakteri var. Elə kişilər var ki, həyat yoldaşının səhnədə olması ilə qürur duyur, onun uğurlarına sevinir, karyerasına kömək edir. Xaricilərdə də evdar qadın sevən kişilər çoxdur. Deyirlər, yox, mən istəyirəm qadın evdə otursun, uşaqlara baxsın. İnsanın psixologiyası milliyyətə baxmır.

Bildiyimizə görə, həyat yoldaşınız yaradıcılıqdan uzaq insandır.

– Çox. Lakin musiqini çox sevir. Ona görə də məni dəstəkləyir. Mənim üçün bir çox əsərləri tərcümə edib. Axırıncı ifa etdiyim və klip çəkdirdiyim “Arşın mal alan” əsərini də mənim üçün tərcümə edib.

Azərbaycan dilində danışa bilir?

– Bir az danışır. Ona öz dilimizi öyrətmişəm.

Gündəlik məişət mövzularını hansı dildə müzakirə edirsiniz?

–  İngilis dilində. Çünki onun üçün Azərbaycan dilində bu mövzuda danışmaq çətindir. Amma mənə sevgi və gözəl sözləri yalnız Azərbaycan dilində deyir. Bütün sevgi sözlərini çox yaxşı bilir. Problemləri isə ingilis dilində həll edirik. Lakin hərdən nəyisə müzakirə edəndə mən öz dilimizdə danışıram, o da öz dilində (gülür).

– Bəs uşaqlar Avropa psixologiyası, dünyagörüşü ilə böyüyür, yoxsa Azərbaycan?

– Mənə elə gəlir ki, Azərbaycan. Çünki anam, bacım, mən – biz onların ətrafındadır çoxluq təşkil edirik. Uşaqların dostları da azərbaycanlılardır. Oğlum Davud deyir ki, ana, evdə ata ilə Azərbaycan dilində danış. Deyirəm, axı ata Azərbaycan dilində çox şeyi başa düşmür. Deyir, onda öyrət. Harasa gedəndə bəzən ingilis dilində danışırıq, oğlum narazılıq edir ki, ana, mənimlə Azərbaycan dilində danış. Ataları ilə ingilis, mənimlə Azərbaycan dilində danışırlar. Hər iki dili də çox gözəl bilirlər.

Həyat yoldaşınızın işi Bakı ilə bağlı olduğu üçün burada qaldı, yoxsa məhz sizə görə?

– Mənə görə Bakıda qaldı. Sənətimlə məşğul olum deyə buranı seçdi. Bilir ki, sənətimi çox sevirəm, ölkəmi xaricdə təmsil edirəm. Özü də görür ki, Azərbaycana lazım olan insanam. Ona görə də hər zaman məni anlayır və bütün işlərimdə dəstəkləyir.

Amma sizin də İngiltərəyə gedib orada karyera qurmaq imkanınız var idi.

– Düzdür. Amma mən ölkəmdə qalmağı üstün tutdum. Davamçılarımı yetişdirirəm. Bizim sənətimiz böyük peşədir. Təbii ki, çox çətinliklər çəkmişəm. Bu sahədə biznes yoxdu. Amma düşündüm ki, ölkəmdə, öz yaxınlarımın, əzizlərimin yanında daha yararlı olaram. Klassik musiqini, opera sənətini saxlamaq, yüksəltmək mənim borcumdur. Tək mənim yox, bu işlə məşğul olan dostlarımın da. Biz mədəniyyətlə məşğul oluruq, incəsənətimizi dünyada təbliğ edirik.

Bəlkə də başqa xanım olsaydı, İngiltərəyə köçüb orada karyera qurmağı özünə şans bilərdi.

– Mənim üçün bu, bir şans deyil. Mən həyat yoldaşımı bura gətirdim. Dedim, sən gəl bura, mənim vətənimdə qal. O da gəldi və artıq bura onun da vətənidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir