köklük

Xanımlar ən qorxulu kabusdan necə qurtula bilər?

Baxış sayı: 1. 936

Gündəlik alınan enerjinin xərclənən enerjidən çox olması qalan enerjinin bədəndə yağ olaraq yığılmasına və köklüyün meydana gəlməsinə səbəb olur. Ümumdünya Sağlamlıq Təşkilatının məlumatında qeyd olunur ki, obezli (həddən artıq köklük xəstəliyi) bədəndə sağlamlığı pozacaq ölçüdə piyin yığılması ilə müşahidə edilən xəstəlikdir. Mütəxəssislərin fikrincə, obezlik bədəndə çox miqdarda yağ yığılması nəticəsində ortaya çıxır və mütləq müalicə edilməsi lazımdır. Köklük qidalarla alınan enerji miqdarının, maddələr mübadiləsi və fiziki fəaliyyətlə istehlak edilən enerji miqdarını aşdığı vəziyyətdə ortaya çıxır. Köklük insan bədənində ürək-damar sistemi, tənəffüs sistemi, hormonal sistem, həzm sisteminə təsir edir və bir çox əhəmiyyətli narahatlığa zəmin yaradan bir xəstəlikdir.

Ürək xəstəlikləri, yüksək təzyiq, şəkər xəstəliyi, yüksək xolesterol, tənəffüs narahatlıqları, oynaq xəstəlikləri, mensturasiya nizamsızlığı, sonsuzluq, iqtidarsızlıq, öd kisəsi xəstəlikləri, bəzi xərçəng növləri köklüklə birbaşa əlaqəli olan xəstəliklərdir. Araşdıramalara görə, son 20 ildə köklük epidemiya kimi gəzən bir xəstəliyə çevrilib.

Açıqlanan rəqəmlərə əsasən, Azərbaycanda 60%-ə yaxın əhali artıq çəkidən əziyyət çəkir. Ölkəmizdə insanlar arasında artıq çəki 35,8%, piylənmə isə 21,9% təşkil edir. Aparılan sorğular nəticəsində məlum olub ki, piylənmədən əziyyət çəkən qadınların sayı kişilərdən əhəmiyyətli dərəcədə çoxdur.

Dietoloq Samir Quliyev bildirir ki, qadınların kökəlməsində qidalanmanın, stressin və bu kimi digər amillərin rolu böyükdür. “Köklük Bədən Kütlə İndeksi (BKİ) ilə ölçülür. Bunun üçün bədən ağırlığını boyun kvadratına bölmək lazımdır. Tutaq ki, bir xanımın çəkisi 70 kq, boyu 160 sm-dir. Bu, belə hesablanır. 70 / (1.60)2= 70 / 1.60 x 1.60 = 70 / 2.56 = 27.34 kq/m2” deyən həmsöhbətimiz bildirir ki, BKİ dəyəri 18.5 kq/m2 -dan aşağı olanlar arıq, 25-29.9 kq / m2 olanlar normal çəkili, 30-39.9 kq/m2 arasında olanlar çox kilolu, 40 kq/m2-dan çox olanlar xəstəlik dərəcəsində kök olanlardır. Quliyevin dediyinə görə, bədəndəki yağların hansı tərəfdə daha çox yığılması da sağlamlıq üçün böyük əhəmiyyət daşıyır. Belə ki, qarın ətrafında yığılan yağlar, omba və bədənin digər tərəflərində yığılmış yağlara nisbətən sağlamlığı daha çox risk altında qoyur. Bu riski müəyyən etmək üçün bel ətrafı ölçü indeksindən istifadə etmək lazımdır. Bu ölçü aparıldığı təqdirdə bel ətrafı xəstəlik riskini müəyyən etmək mümkün olur. “Kişilərdə bel ətrafı 94 sm artmış risk, 102 sm-də isə yüksək risk hesab edilir. Qadınlar üçün isə bu rəqəm 80 sm artmış risk, 88 sm-dən yüksək riskdi. Bel ölçünüzü ölçdükdən sonra bu rəqəmləri əldə etmisinizsə, sizdə obezlik riski yüksəkdir. Müalicə üçün həkimə müraciət etməlisiniz”.

Həmsöhbətimiz hesab edir ki, köklükdən qorunma uşaqlıq yaşlarından başlanılmalıdır. Uşaq yaşlarından yaranan köklük sağlamlıq üçün daha təhlükəlidir. Onun sözlərinə görə, bu səbəbdən də ailə, məktəb və ətraf kafi və balanslı qidalanma mövzularında bilgili olmalıdır. Köklüyə müalicə fərdin dözümlülüyü və təsirli olaraq iştirakını tələb edən, müalicəsi zəruri, uzun və davamlı bir prosesdir. “Bəzi valideynlər köklüyü sağlamlıq kimi qəbul edirlər. Bu səbəbdən uşaqlarının kökəlməsi üçün əllərindən gələni əsirgəmirlər. Əslində isə normal sağlam insanın çəkisi boyuna uyğun olmalıdır. Bu barədə müxətlif cədvəllər var. Odur ki, uşaqlarınızın sağlamlığınızı istəyirsinizsə, həkimə müraciət edib, boy-çəki cədvəlini əldə edin. Və uşaqlarınızı bu cədvələ uyğun qidalandırın”.

S.Quliyev deyir ki, evdar qadınlar daha çox kökəlir. Bunun isə müxtəlif səbəbləri var. Bütün günü ev işləri, yemək, bişir-düşür ilə məşğul olan xanım heç bir pəhriz saxlamır, bununla yanaşı gün içində bir neçə dəfə əlavə qidalar qəbul edir. Bu da qadının zamanla kilo almasına gətirib çıxarır. Müsahibimiz evdar xanımlara məsləhət görür ki, daim gözəl bədən quruluşuna sahib olmaq üçün qidalara fikir vermək lazımdır: “Bəzən böyük bir depressiya özü ilə yemək istəyi gətirir. Bütün günü özünə qapılan xanım özünü yeməklə sakitləşdirir. Onun ən çox yediyi qidalar isə şirniyyat, çips, müxtəlif yağlı yeməklər olur. Depressiyadan çıxandan sonra xanım özünə güzgüdə baxanda istər-istəməz yenidən depresiyaya düşür. Gözəl qalmaq üçün ilk növbədə əsəblərinizi qoruyun, daha sonra isə qida rasionunuzu nəzarətdə saxlayın. Tez-tez, az-az yeyin. Çox maye qəbul edin. Şokolad, şirniyyat və spirtli içkilərdən uzaq olun”.

 

Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir