İsti yay günləri deyəndə, hər kəsin ürəyindən dəniz, qum, sahil, təbiət qoynu və əyləncə keçir. İnsanlar zövqə görə, yay günlərində istirahət etmək üçün müxtəlif məkanlara üz tutur. Biz də yayın dadını çıxarmaq üçün çimərliyə üstünlük verənlərdən olduq. Ancaq gördüklərimiz bizi bir qədər təəccüblədirdi. Belə ki, çimərliyə gələn xanımların bəzilərinin ağır makiyaj, toy libası və bərbəzəkli geyimlərlə diqqətimizi çəkdilər. Axı cəmisi bir neçə dəqiqədən – dənizə baş vurduqdan sonra bu bəzək-düzəkdən əsər-əlamət qalmayacaqdı… Belə geyim və makiyaj kənardan çox vulqar və zövqsüz görünürdü. Biz xanımlar harada oluruqsa olaq, həmin məkana yeni daxil olan xanımların ilk növbədə geyimlərinə fikir veririk. Çimərliyə hündürdaban ayaqqabı ilə gələn, qızıl, daş-qaşlardan bolluca istifadə edən xanımlarımın zövqü insanlarda bir qədər neqativ əhval yaradırdı. Bu o deməkdir ki, hələ də bir çox xanımlar gedəcəkləri məkanla geyimlərini uyğunlaşdıra bilmirlər. Elə bu amili nəzərə alıb, ekspertlərə müraciət etdim ki, xanımlarımıza məsləhət versinlər.
Modelyer Şəlalə Maqsudova deyir ki, əslində bu məsələ xanımların yaralı yeridir: “Çünki elə bir cəmiyyətdə yaşayırıq ki, bəzi şeylər bizə qınaq olsa da, bunu qeyd etməmək mümkünsüzdür. Bəzi xanımlarımız müəyyən yerlərə gedərkən necə geyinmək lazım olduğunu bilmirlər. Bir modelyer kimi, bunun, xanımlarımızın ən böyük problemi olduğunu düşünürəm. Yay fəsli deyəndə ilk növbədə ağlımıza dəniz mövsümü, çimərlik gəlir. İnsanlar çimərliyə rahatlanmaq və istirahət etmək üçün getdiyi halda, bəzi xanımlarımız ora məhz özlərini göstərmək üçün gedirlər. Ağır makiyajdan istifadə edərək, saçlarını salonda düzəltdirib çimərliyə üz tuturlar. Geyimi belə düzgün seçməyib, dənizə gedən xanımlarımız var. Bu gün sosial şəbəkələr günümüzün çoxunu zəbt edir, insanlar günü-gündən burada daha da aktivdirlər. Çimərliyə gedərkən bəzənən xanımların şəkillərini çəkib paylaşırlar. O da saytlara və mətbuata yol tapır. Bu, gülünc bir haldır. Əslində, çimərliyə bəzənərək gedən xanımları qınayıram. Xanımlar özlərini belə gülünc vəziyyətə salmamalıdırlar. Çimərlik, bəzək-düzək vurub gediləcək məkan deyil. Çimərliyə gedərkən düzgün geyim tərzi seçə bilməyən xanımlar başqa məkanlara gedərkən də düzgün seçim edə bilmirlər. Ayırd edə bilmirlər ki, bu istirahət geyimidir, yoxsa şənlik”.
Moda ustası dənizə güzgü ilə gələnlərin də şahidi olduğunu bildirir: “Mən bunun şahidi olmuşam. Dənizə gedərkən xanımlarımız dəsmal, krem, rahatladıcı vasitələr götürmək əvəzinə pomada, güzgü və bu kimi şeylər aparırlar. Bu da kənardan çox pis görünür. Əslində, illər öncə nə internet, nə sosial şəbəkələr vardı. Ancaq o dövrdə xanımlarımız daha doğru seçim edirdilər. İnternetin bol olduğu bir zamanda xanımlarımız düzgün seçim edə bilmirlər. Maarifləndirici bilikləri almaq üçün internet çox gözəl bir vasitədir. Ancaq xanımlarımız bundan yararlanmırlar”.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış modelyer- dizyner Gülnarə Xəlilova isə fərqli düşünür. O, belə halı normal qəbul edir: “Xanım hər zaman baxımlı olmalıdır. Bu baxımdan yanaşsaq, bəzi xanımlar hər zaman formada qalmağı və gözəl görünməyi sevirlər. Gündəlik olaraq makiyajdan istifadə edirlərsə, düşünürlər ki, dənizə gedərkən də gözəl görünməlidirlər. Belə məqamlarda xanımların fikrinə hörmətlə yanaşılmalıdır. Yəqin ki, o xanımlar qalıcı makiyajlardan istifadə edib, dənizə girirlər ki, suda o makiyaj axmır. Amma yenə də məsləhətdir ki, dənizə gedərkən rahat olsunlar. Günəşdən qoruyan kremlərdən istifadə etsinlər. Çünki günəşdən qorunmaq mütləqdir. Açığı, mən dənizə getməyi o qədər də sevmədiyim üçün xanımlarımızın orda necə geyindiklərinin şahid olmamışam. Dənizi yalnız seyr etməyi sevirəm. İnsanlar çimərliyə gedəndə, geyimləri toy libasından fərqlənməlidir. Bu barədə xanımlara məsləhət vermək olar. Dinləyən dinləyəcək, dinləməyən öz bildiyini edəcək”.
Türkiyədə yaşayan dizayner-modelyer Ləman Süleymanova bizimlə söhbətində bildirdi ki, dünyanın heç bir yerində kimsə çimərliyə gedərkən hündürdaban ayaqqabıdan istifadə etmir: “İnsanlar çimərliyə istirahət etmək və dincəlmək üçün gedirlər. İstirahətə gedərkən xanımlarımız və bəylərimiz rahat geyimlərə üstünlük verməlidirlər. Hansı ki, onlar həmin geyimdə özlərini çox rahat və sərbəst hiss edirlər. İndi müasir dövrdür harada nəyi, necə geyinmək lazım olduğunu bilmək üçün heç bir pul xərcləmədən, bu kimi məlumatları internetdən öyrənmək mümkündür. Çimərliyə gedərkən özünüzü sərbəst hiss etdiyiniz geyimlərə üstünlük verməlisiniz. Günəşdən qorunmaq üçün qoruyucu vasitələrdən istifadə etmək də məsləhətdir. Təbii ki, o da makiyajsız halda qəbul edilməlidir. İstər Türkiyə olsun, istər Avropa, xanımların çimərliyə toy libasında, makiyajlı şəkildə gəlmələrini görməmişəm. İndi dünyanın hər bir tərəfində insanlar öz rahatlıqlarını düşünürlər. Dənizə gedirlərsə, bilirlər ki, dənizlə makiyaj uyğun deyil. Çimərliyə gedərkən şortlardan və tərliklərdən istifadə edilməlidir. Yeni moda, yeni terndlər belə yanaşmanı qəbul etmir. Çimərliyə dəniz suyuna girmək, dərinin yenilənməsi üçün gedirlər, moda göstərmək üçün yox. İnsanlar, hər şeydən öncə öz rahatlıqlarını düşünməlidirlər. Avropada idman stili ilə klassik klassik geyimlər uzlaşdırılır. İnsanlar özünü önəmli göstərmək üçün modaya meyl etmir, sadəcə, işlərini vaxtında yekunlaşdırmaq üçün rahatlığa üstünlük verirlər”.
L.Süleymanova əlavə etdi ki, indi işgüzar insanlar belə günlük idman geyim tərzinə üstünlük verirlər: “Misal üçün, günlük geyimlərdə belə klassik nəsə geyinirlərsə, onu idman ayaqqabısı ilə dəstləşdirirlər. Bundan başqa, gecə mərasimləri üçün kokteyl libasları hələ də dəbdədir. Bu ilin dəbi isə pambıqdan və kətandan hazırlanan geyimlərdir. Mən öz kolleksiyamda da pambıq parçalardan istifadə etmişəm. Onlar çox dəbdədir”.
Psixoloqların fikrincə, geyimlə xarakterin çox zaman əlaqəsi olmasa da, amma libas insanlar haqqında müəyyən fikirlərin yaranmasına səbəb ola bilir. Ekspertlərin də dediyi kimi, hara getmənizdən asılı olmayaraq, əsas odur ki, bu geyimlərdə özünüzü rahat hiss edəsiniz.
Xəyalə Rəis