yol

Xaricə uğurla köçmək üçün – 12 QIZIL QAYDA

Baxış sayı: 1. 227

Xaricə köçmək istəyirsiniz? Bu işi uğurlu başlayıb, həyatınızı düşündüyünüz kimi qurmaq və səhvə yol verməmək üçün miqrasiyanın 12 qaydasına əməl etməlisiniz.

Beləliklə, , miqrasiya mütəxəssislərinin məsləhətləri əsasında xaricə uğurlu köçməyin qaydalarını təqdim edirik.

 

1. Birinci və əsas qayda – miqrasiya üçün düzgün, məhz sizə uyğun gələn proqramı seçmək. Bunun üçün köçmək istədiyiniz ölkənin səfirliyi və ya XİN-in saytındakı bütün proqramlarla maraqlanmaq lazımdır. Əgər sizə uyğun gələn proqram tapa bilməsəniz, həmin (yəni getmək istədiyiniz) ölkədə xaricilərlə məşğul olan vəkillə məsləhətləşin. Bu zaman heç bir ümumi cavab ola bilməz, hər bir hal özünə görə unikaldır və fərdi qaydada baxılmalıdır. Heç vaxt forumlarda və ya sosial şəbəkələrdə bu sahəni bilməyən adamların yazdıqlarına əsaslanmayın. Çünki problem olsa, onun mənfi nəticələrini o yox, siz görəcəksiniz. Yadda saxlayın, uğurlu emiqrasiya etmək üçün köçəcəyiniz ölkədə leqallaşma birinci dərəcəli və ən vacib işdir.

2. Gedəcəyiniz ölkənin dilini əvvəlcədən öyrənin. Bunu etməsəniz, özünüzün qiymətli vaxtınızı və pulunu itirməli olacaqsınız. Sizinlə öz dilinizdə yalnız öz ölkənizdə danışacaqlar. Başqa dillərə – rus, türk, hətta ingilis dilinə də ümid etməyin (əgər ingilisdilli ölkəyə getmirsinizsə), məhz gedəcəyiniz ölkənin dilini örənməlisiniz. Çox tez-tez insanlar şikayətlənirlər ki, onlar İspaniya, Fransa və ya Almaniyaya köçüblər, amma ingilis dilləri əla olsa da, onları işə qəbul etmirlər. Bu, təbiidir – həmin ölkədə ingilis dili əsas deyil və əhalinin də çox az hissəsi ingilis dili bilir. Əgər ingilis dilini bilirsinizsə və başqasını da öyrənmək istəmirsinizsə (ya da bacarmırsınızsa), onda köçmək üçün ingilisdilli ölkə seçin.

Bəziləri fikirləşər: köçəndən sonra insanların arasında düşüb həmin ölkənin dilini məcbur öyrənərəm. Bu, mümkün deyil, həmin nağıllara inanmayın. Çünki siz insanların sizə nə dediyini başa düşməyəcəksiniz və heç kim də sizin nazınızı çəkməyəcək. Dil bilmədən, heç bir ünsiyyət imkanı olmadan siz tezliklə öz həmsöhbətiniz üçün maraqsız olacaqsınız. Ona görə də dili əvvəlcədən öyrənin. İndi bunun üçün bütün imkanlar var: kurslar, internet dərslər, kitablar, öyrədici filmlər. Həmin dildə heç nə başa düşməsəniz də, mahnılara QULAQ asıb kitab oxuyun.

3. Uğurlu miqrasiya üçün növbəti vacib məqam – sizin şəxsi iqtisadi durumunuz. Əgər sizin kənardan sabit gəliriniz varsa, bu, əladır və bu bənd haqqında düşünməyə bilərsiniz. Amma kənardan gəliriniz yoxdursa, yeni ölkədə necə pul qazanacağınız barədə əvvəlcədən düşünməlisiniz. Ümid eləməyin ki, siz, məsələn, yüksək səviyyəli həkim, Avropa və ABŞ-a gəlib bir həftə sonra öz ixtisasınız üzrə işə düzələcəksiniz. Xeyr, bizim istənilən diplomumuz yeni ölkədə təsdiq olunmalıdır və buna bəzən bir neçə ay, hətta bir neçə il vaxt tələb oluna bilər. Hətta ola bilər ki, siz bu ixtisas üzrə yenidən təhsil almalı olasınız. Amma əks hallar da olur. Məsələn, musiqi müəllimi xadimə işləyir. Halbuki, musiqi müəllimi kifayət qədər gəlirli peşə sayılır. Sadəcə, bu potensialı reallaşdırmaq lazımdır. Bir sözlə, yeni ölkədə pulu necə qazanacağınız barədə əvvəlcədən düşünməlisiniz, lazım olarsa, həmin ölkədə tələbat olan peşə öyrənmək də pis olmaz.

4. Hətta siz ölkəyə pulla gəlmisinizsə, çalışıb özünüzü qazancınızla dolandırın, nəinki, gətirdiyiniz pulları xərcləməklə. Əgər bu prosesi yoluna qoymasanız, bütün pulları, hətta böyük məbləğ olsa da, itirmək mümkündür. Əgər siz dərhal biznesə başlamağa və ya sizi maraqlandıran işə düzəlməyə hazır deyilsinizsə, istənilən işə gedir. Bu sizə maliyyə cəhətdən üzdə qalmağa və ehtiyatınızı xərcləmədən məqsədinizə çatmağa imkan verər. Digər tərəfdən, işləmək sizə yeni ölkənin cəmiyyətinə qaynayıb-qarışmağa, özünüzə yeni dost-tanış tapmağa, dil biliklərinizi artırmağa da kömək edəcək.

5. Köçəcəyiniz ölkənin regionlarını seçəndə ucuzluq olan yeri deyil, iş çox olan yeri seçin. Miqrantların əksəriyyəti bu məsələdə səhv buraxırlar. Onlar ucuz ev axtararkən necə qazanacaqlarını fikirləşmirlər. Nəticədə daha çox pul itirirlər. İnsanlar hesab edirlər ki, ucuz yer seçəndə, özləri ilə gətirdikləri pul onlara daha uzun müddət kifayət edəcək. Nəticədə vaxt gedir, iş tapılmır və nəhayət, pul qurtarır. Bu o qədər çox baş verən haldır ki, onun dəfələrlə təkrarlanması adamı təəccübləndirir. Sonra isə öz səhvləri ucbatından gəldikləri ölkəni lənətləyirlər. Ona görə də yeni ölkəyə gələndə elə birinci gündən məqsəd qoymaq lazımdır ki, artıq bir aydan sonra pul qazanmağa başlayacaqsan. Deməli, iş çox olan yerləri seçmək lazımdır.

6. Əgər emiqrasiya etməyə qərar vermisinizsə, tərəddüd etməyin.Ölkədən köçəndə özünüzə “Gedim baxım, alınmasa, geri qayıdacam” deyirsinizsə, deməli, artıq indidən heç nə alınmayacağı ilə razılaşırsınız. Çünki evdə hər şey aydındır, bir tikə çörək var, bir şey baş verəndə də qohumlar yaxınlıqdadır və s.

Amma əgər siz birdəfəlik getmək niyyətindəsinizsə, geriyə qayıtmaq üçün bütün yolları kəsməlisiniz – onda komfort zonasına qayıtmayacaqsınız. Bunun üçün isə vətəndəki hər şeyinizi satmalısınız, geri çəkilməyə yolunuz olmayanda bütün diqqətiniz yeni ölkəyə yönələcək və burada işləriniz daha yaxşı gedəcək.

7. Müftəxorluq – çox pis aludəçilikdir. Əgər siz heç nə vermədən hər şey əldə etmək üçün yer axtarırsınızsa, heç nə alınmayacaq. Pulsuz heç nə axtarmayın, ən yaxşısı, qazanc yolları arayın ki, özünüz-özünüzü təmin edib normal həyat qurasınız.

8. Xaricə köçməklə bağlı həmin ölkədə yaşayan “təcrübəli” həmvətənlərinizin dediklərinə o qədər də fikir verməyin. Çünki onların həmin ölkə haqqında bilikləri yalnız orada yaşadıqları illərdə toplanıb. Xüsusilə də əgər onların təcrübəsi yalnız mənfi hallardan ibarətdirsə. Yadda saxlayın ki, bu neqativ bütün ölkənin deyil, həmin adamların öz uğursuzluqlarının nəticəsidir. Əvəzində yeni gəldiyiniz ölkədə yaxşı cəhətləri görməyə öyrəşin. Əgər sizi həddən artıq optimistlikdə günahlandırırlarsa, qoy olsun, bu, bədbinlikdən daha yaxşıdır. Digər məsələ, xaricdə öz yerlilərinizdə dostluq sizə yeni ölkəyə uyğunlaşmağa kömək etməyəcək. Bu, böyük səhvdir. Siz daha yox yerlilərlə dostluq edin, onların vasitəsilə yerli ənənələri, yerli şəraiti öyrənin. Üstəlik də daimi praktika ilə dil biliklərinizi təkmilləşdirin. Özünüzə tərcüməçi axtarmayın, nə qədər ki, yanınızda tərcüməçi var, siz dil öyrənə bilməyəcəksiniz.

9. Xaricdə, elə öz ölkənizdə də mənfi enerji saçan adamlardan uzaq olun, onları həyatınızdan uzaqlaşdırın, belələri hədəflərinizə çatmaqda sizə mane olur. Özünüzü uğurlu, enerjili, pozitiv, məqsədi olan və artıq nələrəsə nail olan şəxslərlə əhatə edin.

10. Yeni ölkədə bütün pullarınızı dərhal daşınmaz əmlaka yatırmayın. Bu da emiqrantların ən çox yol verdiyi səhvlərdəndir. Bəziləri ölkə haqqında geniş məlumatları olmadığı halda rieltorların elanlarına aldanıb pullarını perspektivsiz əmlaka yatırırlar. Bundansa, ölkəni səyahət edin, bütün cəhətlərinə görə sizə uyğun gələn yer seçin. Daimi gəlir mənbəyi tapın, yalnız bundan sonra daşınmaz əmlak barədə düşünün. Yalnız o halda pulu daşınmaz əmlaka qoymaq olar ki, bu, sizin sonuncu pullarınız deyil və alınan əmlakın likvidliyi 100%-dir (yəni lazım olarsa, onu dərhal sata biləcəksiniz).

11. “Gəmidə oturub gəmiçi ilə dava etmək” olmaz. Gəldiyiniz ölkəni və buradakı insanları sevin, onun mədəniyyətini və ənənələrini qəbul edin. Sizin xoşladığınız və seçdiyiniz ölkəni yaradan insanlara hörmətlə yanaşın. Bəzi miqrantlar getdikləri ölkədə çox şeydən şikayətlənirlər. “Çörəyi pis bişirirlər”, “səmimi gülmürlər”, “evləri pis tikirlər”, “qadınları kifir, kişiləri kobuddur”, “təmizkar deyillər” və sair və ilaxır. Siz də belə sözlər deyəcəksinizsə, unutmayın ki, bu ölkəyə sizi heç kim çağırmayıb, özünüz seçib, özünüz də gəlmisiniz. Ona görə də ölkəni olduğu kimi qəbul edin. Ən əsası, xırda məsələlərdə də yaxşı cəhətlər görün. Miqrasiya böyük stress deməkdir. Mənfi fikirlərlə onu daha da ağırlaşdırmayın. Sadəcə, bütün gözəlliklərə valeh olub, ləzzət alın.

12. Nəhayət, ən əsas məsələlərdən biri. Başa düşməlisiniz ki, siz hansı yeri, hansı həyatı seçmisinizsə, həmin yerin bir parçasısınız. Əgər miqrant məhəlləsində məskunlaşmısınızsa, buradakı problemlər həmin yerin problemləridir. Əər siz fəhlə və işsizlərin arasındasınızsa, bu, o demək deyil ki, bütün ölkə savadsızdır. Bu, yalnız sizin seçdiyiniz dairədir. Buradan çıxmaq da sizin öz əlinizdədir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir