Düşünür ki, təhsil insanın əlində olan ən güclü silahdır. Deyir ki, maneələr, problemlər həmişə insanın qarşısına çıxır. Önəmli olan isə heç vaxt ruhdan düşməməkdir. Çünki hər çətinliyin sonunda bir mükafat dayanır.
Müsahibimiz Litvada və Çexiyada təhsil alan Qəmər Səfərlidir. Qəmər Qəbələ rayon Vəndam qəsəbəsində, ziyalı ailəsində doğulub. Atası və anası Azərbaycan dili və ədəbiyyatı müəllimi olan həmsöhbətimiz deyir ki, təhsilə, elmə kiçik yaşlarından maraq göstərib: “Ailəmizdə söhbət həmişə elmdən, təhsildən getdiyi üçün lap kiçik yaşlarımdan elmə marağım olub. Orta məktəbi bitirəndə qiymətlərimin hamısının əla olduğunu görən valideynlərim təbriklə bərabər, məni təhsilə daha da həvəsləndirdilər. Bakı Dövlət Universitetində oxuyanda da valideynlərimin diqqəti üstümdə idi. Bir neçə dəfə universitetdə qalmağımı təklif etdilər. Elmi işə marağım olsa da, Azərbaycandan kənarda təhsil almaq məni daha çox cəlb edirdi. Xaricdə təhsil, oradakı tələbələrin həyatı haqqında mütəmadi olaraq oxuduqlarım, məni daha da həvəsləndirirdi”.
“Valideynlərimin xeyir-duası ilə yola çıxdım”
Müsahibimizin sözlərinə görə, xaricə oxumağa gedərkən ətrafdan təzyiqlər olsa da, ailəsinin xeyir-duası ilə yola çıxıb: “Xarici dil kursunu bitirib sertifikat aldım. Məqsədim xaricdə təhsil almaq idi. Qurduğum bütün planlarda valideynlərimin xeyir-duasını alırdım. Həyatdakı məqsədlərimə valideynlərim heç vaxt narazı yanaşmayıb. Əksinə, hər vaxt dəstək olublar. Xaricdə oxumaq istəyimi bildirəndə də tərəddüd etmədilər və mənə dəstək olduqlarını bildirdilər. Lakin kənardan olan təzyiqlər qaçılmaz idi. Mühafizəkar ailələrdə qızın xaricdə tək yaşaması o qədər də rahat qarşılanmır. Amma mən valideynlərimin xeyir-duası ilə yola çıxdım və təhsilimi davam etdirdim”.
“Xaricdə təhsil almaq insanın həyatında müsbət rol oynayır”
Qəmər ilk olaraq Litva Respublikasının Kaunas şəhərində Vytautas Magnus universitetində “Political sciences and Diplomacy” (“Siyasi elmlər və diplomatiya” fakültəsində təhsil alıb. Beş ay oxuduqdan sonra ölkələrarası təhsil mübadiləsi ( Erasmus exchange ) proqramı ilə Çexiya Respublikasının Plzen şəhərində öz ixtisası üzrə təhsilini davam etdirib. Deyir ki, xaricdə təhsil ona görə maraqlıdır ki, tələbə-müəllim münasibəti Azərbaycandan fərqlidir: “Xaricdə təhsil almaq insanın həyatında müsbət mənada rol oynayır. Bunun üçün hər bir azərbaycanlı tələbə bir semestr da olsa, xaricdə təhsildən yararlanmalıdır. Azərbaycan gəncləri çalışsınlar ki, heç olmasa, ali təhsilin bir səviyyəsini və ya bir neçə semestrini xarici universitetlərdə alsınlar. Bunun onların həyatlarında necə böyük rol oynadığını aydın şəkildə görəcəklər. Müəllim-tələbə münasibətlərinə gəldikdə isə müəllimlər tələbələrə fikirlərini tam şəkildə ifadə etmək üçün imkan yaradır, onları dinləyirlər. Olduğum ölkələrdə olan təhsil sistemi, tələbələrə verilən geniş imkanların da öz ölkəmizin təhsil sisteminə tətbiq olunmasını istəyərdim”.
Qəmər deyir ki, xaricdə olarkən ailəsi və vətəni üçün çox darıxıb: “İnsan doğulub boya-başa çatdığı mühitdən uzaqlaşanda çox darıxır. Mən də ən çox ailəm və vətənim üçün darıxırdım. Çətinliklərin olması normaldır, amma əsas olan o çətinliklərə qalib gəlməkdir”.
“Gözlərinə görünmədən qaçmaq istəyirdim ki…”
Başına gələn maraqlı hadisəni bizimlə bölüşən həmsöhbətimiz deyir ki, xarici ölkədə təhsil alan tələbənin hər günü maraqlı keçir: “Müxtəlif ölkələrdən olan tələbələrlə tanışlıq, mədəniyyət mübadiləsi, fərqli adət-ənənələr insanı çox darıxmağa qoymur. Xaricdə olarkən çoxsaylı maraqlı hadisələrlə qarşılaşmışam. Ən maraqlısı isə Budapeştdə qarşılaşdığım hadisə idi. Avropa ölkələrinin çoxunda metrolarda, ictimai nəqliyyat vasitələrində, Azərbaycanda olduğu kimi nağd ödəniş sistemi tətbiq olunmur. Bilet alıb qeydiyyatdan keçirməklə, istənilən nəqliyyatdan istifadə etmək mümkündür. Səfərimin bitməsinə qısa müddət qaldığı üçün bilet almaq fikrindən daşınaraq, metroya mindim. Çıxışda heç gözləmədiyim halda bilet yoxlayan bir neçə şəxslə qarşılaşdım. Gözlərinə görünmədən çıxmaq istəyirdim ki, qarşımda dayandılar. Belə hallarda cərimə məbləği təxminən 50 avro olur. Bir tələbə üçün bu məbləğ əlbəttə ki, böyük görünür. Çarəsiz qaldığım vəziyyətdə bir əcnəbi xanım mənə yaxınlaşaraq bildirdi ki, özünü sakit apar və yavaş-yavaş aralanaraq qaçmağa çalış və məni qarşıdakı küçədə gözlə. Xanım dediyi kimi elədim, amma qorxu hissi əlbəttə ki, var idi. Tanımadığım ölkə və tanımadığım insanlar… Bir neçə dəqiqə sonra xanım mənə yaxınlaşdı, tanış olduq və hazırda 4 ildir ki, həmin xanımla dostluq münasibətimiz var. İmkan olduqca müxtəlif ölkələrdə görüşürük”.
“Gənclər soyuqqanlıdır”
Mədəniyyət fərqinə gəldikdə isə, müsahibimiz deyir ki, Azərbaycanla Çexiya və Litva arasında adət-ənənə fərqi çoxdur: “Bu ölkələrdə gənclər daha sərbəstdirlər. Amma azərbaycanlılardan fərqli olaraq, çox soyuqqanlıdırlar. Bizim ölkə kimi qonaqpərvər ölkə yoxdur. Bunu vətəndən uzaqda bir daha başa düşdüm. Çexiyaya nisbətən Azərbaycan Litvada daha çox tanınır. Azərbaycanın Litvadakı səfirliyi də bu işdə böyük işlər görür. Səfirlik tərəfindən keçirilən tədbirlər əcnəbilər tərəfindən maraqla qarşılanır. Musiqimiz, xüsusilə də milli mətbəximiz çox sevilir. Litvaya ilk dəfə gedərkən azərbaycanlı xanımlar çox az sayda idi. Növbəti illərdə isə təhsil almağa gələn xanımların artması məni çox sevindirdi”.
“Açarı qoruyub saxlayın!”
Müsahibimiz sonda qeyd etdi ki, oxumaq heç vaxt gec deyil və təhsil üçün sərf edilən əziyyət, maddi vəsait itmir: “Təhsil hər bir insanın əlində olan ən güclü silahdır. Xaricdə oxumaq istəyən gənclərə demək istərdim ki, maneələr problemlər həmişə hər insanın qarşısına çıxır. Önəmli olan isə heç vaxt ruhdan düşməməkdir. Hər çətinliyin sonunda bir mükafat dayanır. O mükafat ki, bizi istənilən vəziyyətdən inamla çıxmağa, gələcəyimizi daha parlaq qurmağa yardım edəcək. Təhsil bütün bağlı qapıların açarıdır. Hər kəsə bu açarı qoruyub saxlamağı, paslanmağa qoymamağı tövsiyə edirəm”. (Kaspi.az)