tehsil

Xaricdə təhsil almaq üçün nələri bilməliyik?

Baxış sayı: 1. 700

Son dövrlər gənclər xaricdə təhsil almağa böyük maraq göstərirlər. Xüsusilə də, xaricdə təhsil sərgilərinin ölkəmizdə geniş şəkildə keçirilməsi bu işdə böyük rol oynayır. Amma gənclər üçün bu mövzu ilə bağlı bəzi qaranlıq qalan məqamlar var. Məsələn, “ixtisas seçimini necə etməli”, “hansı ölkə daha məqsədəuyğundur”, “təqaüdlü təhsil verən ölkələr hansılardır” kimi suallar yaranır. Bu suallara cavab tapmaq üçün xaricdə təhsil üzrə mütəxəssis Həsən Əliyevlə həmsöhbət olduq.

Həsən Əliyev qeyd edir ki, xaricdə təhsil almaq istəyən tələbə ilk olaraq gedəcəyi ölkənin yaşam tərzini, mədəniyyətini, dilini bilməlidir: “Əslində, dil o qədər də problem deyil. Çünki sonradan həmin dili öyrənəcək, əsas yaşam tərzini öyrənməli, gedəcəyi universitetin təhsil sistemindən xəbərdar olmalıdır. Əgər təqaüdsüz gedirsə, təhsil haqqını bilməlidir. Qeyd edilənlər haqqında təkcə tələbə yox, həm də valideynlər bilgi əldə etməlidirlər. Daha sonra gedəcəyi ölkənin təhsil şərtləri ilə yaxından tanış olmalıdır. Məsələn, bəzi ölkələrdə təhsil sistemi 12 il olduğu üçün Azərbaycandan 11 illik təhsili bitirənləri bakalavra götürmürlər. Gərək bir il də əlavə oxuyub, 12 illik təhsil alsın ki, bakalavra qəbul olunsun. Həmçinin, ixtisas seçimi də önəmli məqamlardan biridir. Təbii ki, xaricdə təhsil almağın üstün cəhətləri çoxdur. Tələbənin dünyagörüşü artır, fərqli ölkələrdə dostlar qazanır, inkişaf edir, ailədən, ölkədən uzaq, tək yaşayaraq özünü formalaşdırır. Ən azından, bir xarici dili mükəmməl öyrənir. Amma yenə də şəxsin özü qərar verməlidir ki, nəyə görə xaricdə təhsil almalıdır”.

Həmsöhbətimizdən təqaüdlə təhsil verən xarici ölkələr və ora qəbul olmağın nə qədər asan, çətin olduğu barədə soruşduq: “Təqaüdlü təhsil təklif edən olduqca çoxdur. Hətta, deyərdim ki, sayı-hesabı yoxdur. Çünki hər universitet müxtəlif təqaüd proqramları ilə çıxış edir. Amma indi xüsusi olaraq dövlət proqramları haqqında danışacağam. Məsələn, xüsusilə azərbaycanlı tələbələr üçün Macarıstanın təqaüd proqramı var, bundan başqa Çin, İtaliya, Polşanın təqaüd proqramları ölkəmizdə geniş yayılıb. Əslində, bunlar tək Azərbaycan üçün yox, inkişaf etməkdə olan ikinci dərəcəli bütün ölkələr üçün nəzərdə tutulub. Asan və ya çətin deyə bir şey yoxdur. Müəyyən göstəricilər var ki, tələbələr ona uyğun olmalıdır. İlk olaraq tələbənin yaxşı bir sertifikatı, fundamental bilikləri, yüksək qiymətləri, tövsiyə və motivasiya məktubu olmalıdır. Motivasiya məktubu burada böyük rol oynayır. Yəni tələbə yaxşı bir motivasiya məktubu yazmalıdır ki, nəyə görə xaricdə təhsil almaq istəyir, nəyə görə bu ölkə ona təqaüd versin? Tələbələr ora müraciət edərkən onların hobbilərinə belə fikir verirlər. Baxmayaraq ki, göstəriciləri aşağı olsa da, onu götürə bilərlər”.

Ekspert ixtisaslar üzrə hansı ölkəni seçməyin məsləhətli olduğundan da danışdı: “Tibb üçün ən güclüsü təbii ki, İngiltərə, Almaniya, Amerika kimi inkişaf etmiş ölkələrdir. Amma təəssüf ki, tibb sahəsində bu ölkələrin şərtləri də ağırdır. Hər tələbəni qəbul etmirlər. Texniki fənlər üzrə son zamanlar Çinin təhsili daha güclüdür. Amerika, İngiltərə, İsveçrə, Norveç, Almaniyanın da bu sahədə universitetləri var. Tələbələr bu məqamda seçim edərkən, ilk olaraq ölkənin universitetinə, sonra müəllim, professor heyətinə baxmalıdırlar. Daha sonra karyera imkanları nəzərə alınmalıdır”.

Maraqlıdır, təqaüd proqramı ilə getmədikdə, tələbələr hansı nüanslara fikir verməlidirlər? Müsahibimiz qeyd etdi ki, əslində, tələbə geniş araşdırsa, heç bir problemlə rastlaşa bilməz: “Əsas odur ki, universitetin təhsil haqqını nəzərə alsın. Məsələn, elə universitet var ki, orada təhsil haqqı və kitabxana haqqı ayrı olur. Bu məlumatlar çox vaxt saytlarda yazılmır. Sonra gedəcəyi ölkədə həmin universitetə yaxın kirayə evlər, yataqxanaların qiyməti ilə maraqlanmalıdır və ortalama qiyməti hesablamalıdır. Qiymətləri müqayisə etməlidir ki, bunu qarşılaya bilərmi? Bəzi tələbələr var ki, xaricə gedir və düşündüyündən artıq xərci çıxır. Bir il oxuduqdan sonra həm ailəsinə yük olur və geri qayıdır. Ona görə də ölkənin yaşam cəhətlərini tələbənin özü yaxşı araşdırmalı və yaxud da yaxşı bir konsultantla bunu müzakirə etməlidir”. (Kaspi.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir