tehsil

Xaricdə təhsil planlaşdıran abituriyentlər qeyri-müəyyənlik içində – ARAŞDIRMA

Baxış sayı: 1. 142

Pandemiyanın ən çox zərər vurduğu sektorlardan biri də təhsildir. Bu il tələbə adını qazanmaq üçün çalışanların daha çox əziyyət çəkdiyini də deyə bilərik. Bu qrupun içərisində isə ən qeyri-müəyyənini seçsək, bu, xaricdə təhsil planlayanlardır. Fərqli ölkələrdə, fərqli şərtləri olan universitetlərdə təhsil planlayanların problemləri, tərəddüdləri, sualları da fərqlidir. Bəs necə olacaq?

 

Metropol YÖS Kurslarının Azərbaycan şöbəsinin nümayəndəsi Zaur Məmmədzadə deyir ki Türkiyə universitetlərində təhsil almaq istəyənlər stressə girməsinlər: “YÖS imtahanları adətən, aprel-may aylarında olurdu. Bu il isə iyul-avqust, hətta İstanbul Universiteti sentyabr aylarında imtahan edəcəklər. Bu səbəbədən də Türkiyə universitetlərinə hazırlaşan abituriyentlər stressə girməsinlər. Çünki universitetlər imtahanları keçirəcəklər. Düzdür, pandemiyaya görə xarici ölkələrə çıxışlar bağlı olduğu üçün bəzi universitetlər həqiqətən imtahanı ləğv ediblər. Amma bəzi universitetlər avqust ayında – ən vacibi İstanbul Universiteti sentyabr ayında imtahan edəcək. TQDK, YÖS, SAT hətta attestat nəticələri ilə Türkiyə universitetləri tələbə qəbul edəcəklər. Prosesdə bir az ləngimə olacaq. Bu il Türkiyə Ali Təhsil Şurası (Türkiye Yüksek Öğretim Kurumu) da qərar verdi ki, bəzi ölkələrdə diplomların, yəni attestatların verilməsində gecikmələr var. Yəni bu prosesi uzadacaq. Universitetlər oktyabr, noyabr ayında da tələbə qəbul edəcəklər. Hətta attestatını gec alan ölkələrdəki tələbələrin ilk qeydiyyatını alacaq və sənədlərində əskiklik olan tələbələrə qeydiyyatını tamamlamaq üçün dekabrın 20-nə kimi vaxt verəcək”.

SAT imtahanlarında iştirakla bağlı tərəddüd

Dünyanın bir çox ölkəsində tələbələrin kollec və universitetlərə qəbulunu həyata keçirən “The Princeton Review”in Azərbaycan nümayəndəliyinin direktor müavini Hafiz Atakişiyev bildirdi ki, qeyri-müəyyənlik içində olan abituriyent və valideyn çoxdur: “SAT imtahanları ölkəmizdə ildə 5, bəzən isə 6 dəfə təşkil olunur. Pandemiya ilə əlaqəli olaraq isə mart və may aylarında keçirilməsi nəzərdə tutulan imtahanlar ləğv olundu. Bu, tək Azərbaycanda yox, eyni zamanda bütün dünyada, hətta “College Board”un (SAT imtahanını təşkil edən qurum) mərkəzi olan ABŞ-da da baş verdi. Mart və may imtahanlarının ləğvindən sonra SAT imtahanlarının avqustun 29-dan 2020-ci ilin sonuna kimi hər ay (26 sentyabr, 3 oktyabr, 7 noyabr, 5 dekabr) təşkil olunacağı elan edildi. Mart və may aylarındakı imtahanlara hazırlaşan şagirdlər kütləvi şəkildə 29 avqust tarixindəki imtahanlardan qeydiyyatdan keçdilər. Hətta bu səbəbdən də “College Board”un veb səhifəsində problem yaşandı. Baxmayaraq ki, 29 avqust tarixindəki SAT imtahanının 5 mərkəzdə təşkil olunması nəzərdə tutulur, ancaq kütləvi qeydiyyat səbəbi ilə qeydiyyatdan keçə bilməyən şagirdlər də oldu. Adətən bu kimi hallar baş verəndə, yəni, şagird imtahana girmək istədiyi tarixdə Azərbaycandakı SAT imtahan mərkəzlərində yerlər olmadığı halda, qonşu ölkələrə Gürcüstana, bəzi hallarda isə Türkiyəyə üz tuturdular. Hazırkı vəziyyətdə isə pandemiya ilə əlaqəli sərhədlər açıq deyil və rəsmilərin bununla bağlı qərarı hər ay uzadılır. Təbii olaraq da, şagirdlər və valideyinlər qeyri-müəyyənlik içindədirlər və ölkə xaricindəki imtahan mərkəzlərindəki imtahanlarda iştirakla bağlı tərəddüd yaşayırlar. Bütün bunlara baxmayaraq, hazırda xaricdə təhsil almaq istəyən şagirdlər demək olar ki, planlaşdırdıqları istəklərindən geri addım atmırlar. İştirak etmək istədikləri imtahan və müraciət etmək istədikləri universitetlərin elanlarını addım-addım izləyirlər. Hətta, 2019-cu ildə SAT imtahanlarında iştirak edərək nəticəsi olan bəzi şagirdlərin universitetlərdən qəbulları gəlməkdədir”.

Növbəti ilin müraciətlərini gözləmək?

H.Atakişiyev bildirdi ki, bundan sonra necə olması ilə bağlı dəqiq nə isə demək mümkün deyil: “Bütün bunlar rəsmilərin pandemiya ilə bağlı verəcəkləri qərarlardan asılı olacaq. Azərbaycanda SAT imtahanı götürən şagirdlərin bir qismi Amerika, Kanada və Avropa, əksəriyyəti isə Türkiyə universitetlərinə müraciət etməyi planlaşdırır. Amerika və Kanada universitetlərinə noyabr, dekabr və yanvar aylarında müraciət edilə bilinəcəyini nəzərə alsaq, eyni zamanda növbəti planlaşdırılmış imtahanlar təxirə salınmadığı halda bu ölkələrə getmək istəyən şagirdlərin müraciətlərində sıxıntı olmayacaq. Təbii ki, bu, universitetlərə görə dəyişəcək. Avropada SAT nəticəsini qəbul edən universitetlərə gəlincə isə, əsasən bu tip universitetlərin qəbulları artıq bitib və ya bitmək üzrədir. Bu universitetlərə müraciət edə bilməyən şagirdlər isə ya alternativlər üzərində düşünür və ya məhz həmin universitetdə təhsilini davam etdirmək arzusundadırsa, o zaman növbəti ilin müraciətlərini gözləmək durumundadır.

Türkiyə universitetlərinə gəlincə isə, dövlət universitetlərinin bəziləri müraciətlərini artıq elan edib, bəziləri isə iyul ayından başlayaraq müraciətləri həyat keçirəcək. Türkiyə universitetlərində qəbulların 2-3 turdan təşkil olunduğunu nəzərə alaraq avqust ayında SAT imtahanında iştirak edəcək şagirdlərin qəbullarında sıxıntı olmayacağı qənaətindəyik. Ancaq sentyabr və oktyabr aylarındakı imtahanlara gəlincə, qeyd etmək lazımdır ki, əgər “College Board” hazıkı vəziyyəti nəzərə alıb nəticələrin elan edilməsini gecikdirməsə və eyni zamanda Türkiyə universitetləri də müraciət tarixlərini bir az da uzatsa, bu zaman şagirdlər təhsil arzularını reallaşdıra biləcəklər. Ancaq hazırkı vəziyyətdə sentyabr və oktyabr aylarında nələrin baş verəcəyini qəti şəkildə demək mümkünsüzdür. Tövsiyəmiz budur ki, şagirdlər və valideynlər imtahanlardan qeydiyyatdan keçməyə çalışsınlar və addım-addım, səbrlə prosesləri izləsinlər”.

Dünyada təhsildə 3-4 aylıq pauza var

“USE Study Group”un rəhbəri Mehman Bədəlzadənin sözlərinə görə, ümumilikdə, xaricdə təhsil planlarının icrası çox gecikəcək: “Qəbul prosesi üçün sənədləşmənin son günləri 15-30 oktyabr arası idisə, bəzi universitetlər bu müddəti noyarın, bəziləri dekabrın sonuna qədər uzadıb. Çünki bəllidir ki, məzun ola, məzun olub imtahana girə bilməyənlər var. Xarici universitetlərin tələblərində İELTS, TOEFL, yaxud SAT imtahanı olur. O imtahanlara girə bilməyən tələbələr məcburi olaraq xaricdə təhsili ertələməli olurlar. Xaricdə təhsildə kifayət qədər gecikmə olacaq. Dünyada təhsildə 3-4 aylıq pauza var. Onu aradan qaldırana qədər ola bilər ki, dərslərə sentyabrda deyil, oktyabr-noyabr aylarında başlasın. Bu da normal prosesdir”.

M.Bədəlzadə deyir ki, bu gecikmədən dolayı hər ölkənin qanunvericiliyinə görə suallar və problemlər ortaya çıxa bilər: “Əgər bizdə 18 yaşı tamam olmuş gənclər bakalavra qəbul olurdularsa, avqust ayında əllərində sənəd var idisə, hərbi xidmətdən möhlət verilirdi. İndi o sənədi oktyabr-noyabr aylarında təqdim etmək imkanları olacaq. Hərbi xidmətə çağırış olsa, onların problemi yarana bilər. Yəqin ki bununla bağlı Azərbaycan dövləti bir tənzimləmə edəcək”.

 

Xaricdə təhsil, amma onlayn

Sənədləşmə prosesi həll olunsa, dərslərin necə olması ilə bağlı suallar yaranır. Mehman Bədəlzadə deyir ki, bir çox dünya universitetləri tədris ilinin əvvəlini onlayn təhsillə başlamaq fikrindədirlər: “Hazırda ən aktiv olan təhsil sistemi onlayn formatdır. Ola bilər ki, xaricdə balakavr və ya magistr təhsili planlayanlar təhsillərinə onlayn formada başlasınlar. Bununla bağlı bir çox dünya universitetləri hazırlıq görüblər. Hətta tələbə universitetə daxil olarkən aparılan ilkin tanışlıq prosesi, universitet kampusunun gəzintisi də onlayn keçiriləcək. Hətta elə universitetlər var ki, onlayn tədrisi daha çox önə çəkib, kifayət qədər endirimlərə gediblər ki, tələbələr onlayn təhsili daha çox seçsinlər. Dünyada onlayn və offlayn təhsil arasında heç bir fərq qoyulmur. Təəssüf ki bizim ölkədə hələ bu yanaşma inkişaf etməyib”.

 

“Career Guide” şirkətinin təsisçisi, xaricdə təhsil üzrə ekspert Toğrul Ələkbərin sözlərinə görə, indiki halda gənclərin seçimi yoxdur, ona görə tədris ilinin əvvəlinin onlayn formada aparılması ilə barışmalı olacaqlar: “Universitetlər çıxış yolunu onlayn təhsil rejiminə keçiddə görüblər. Macarıstan və digər Şərqi Avropa ölkələrində təklif edirlər ki, universitetə qəbul ol, birinci semestri onlayn oxu. Amerika, Kanadada da belə təkliflər var. İndiki halda gənclərin seçimi yoxdur. Xarici universitetlər biznes qurumlarıdır və onlar çevik davranıb məsələyə başqa cür yanaşdılar, onlayn seçimi təklif etdilər. Tələbələrin seçimi yoxdur. Təqaüdsüz təhsil alan tələbələrin daha az xərci çıxacaq. İlkin dövr üçün məncə, pis variant deyil”.

T.Ələkbər deyir ki, qeyri-müəyyənlik çoxdur və buna görə xaricdə təhsil planını təxirə salanlar da az deyil: “Bəziləri başlanğıc üçün onlayn təhsili qəbul etdi, bəziləri saxlamaq qərarına gəldilər. Böyük hissə isə ortada qərarsız qalıb, nə edəcəklərini dəqiq bilmirlər. Qəbul alanlar belə bilmirlər ki, gedə biləcəklər, yoxsa yox. Çünki bəzi universitetlərdə onlayn təhsil yoxdur”.

 

Dərslərin başlama vaxtı qeyri-müəyyəndir

Orxan Həsənzadə Tallinn Texnologiya Universitetində (TalTech) təqaüdlü təhsil qazanıb. Deyir ki, qəbul olduğu universitet attestatların göndərilməsi üçün vaxtı uzatdığı üçün sənədləşmə ilə bağlı heç bir problemi yoxdur: “Artıq sənədlərimin bir qisminin notariusda təsdiqlənmiş formasını göndərmişəm. Attestat və yekun transkript kimi bir neçə sənəd qalıb. Bunun da səbəbi buraxılış imtahanının təxirə salınmağıdır. İmtahandan sona həmin sənədlər verildikdə onları da göndərməyi planlayıram. Universitet attestatların göndərilməsi üçün son tarixi 16 avqusta ertələyib deyə, problem olmadı. Buraxılış imtahanı da bugünlərdə keçirildiyi üçün məncə, o vaxta qədər rahatlıqla göndərə biləcəm. Normalda 1 sentyabrda dərslər başlayır. Mövcud vəziyyətlə əlaqədar ola bilər ki, bir müddət təxirə salınsın və ya distant olsun. Bu haqda hələ dəqiq məlumat yoxdur”.

Təhsildə normalar dəyişir

Xaricdə təhsilin tədrisdən başqa da müsbət tərəfləri var. Proses davam edərsə, xaricdə alınan distant bakalavr təhsili ənənəvi təhsilin effektini verəcəkmi? Təhsil mütəxəssisi Qoşqar Məhərrəmov deyir ki, onlayn təhsil normal təhsilin yerini verməyəcək: “Görünən odur ki, hazırkı vəziyyətdə insanlar buna məcbur qalacaqlar. Ali təhsilin dərs izahı qismi – mühazirələr onlayna çevrilir. Kembric, Oxford universitetləri gələn il bütün tədris ilini onlayn təhsil vermək qərarına gəlib. Elə görünür ki, tələbələr eksperimantal, təcrübi, laboratoriya işləri üçün universitetə gedəcəklər, mühazirələr üçün yox. Bu isə sosiallaşmanın aradan qalxmasına gətirib çıxaracaq. Universitetdə insanlar sadəcə dərs öyrənmir, dünyagörüşü, mədəniyyət də alır, başqa mədəniyyətlərin qaynaşması həyata keçir. Bunlar onlayn təhsildə olmayacaq. Sırf mövzunun, dərsin öyrənilməsi istiqamətində işlər davam edəcək. Bəlkə norma dediyimiz bu olacaq. Artıq normalar dəyişir. İnsanlar öyrəşəcəklər ki, hansısa təhsili almaq üçün auditoriyaya yığılmağa ehtiyac yoxdur. Bu anlayış insanlarda hakim olacaqmış kimi görsənir. Distant təhsildə məsuliyyətin daha çoxu öyrənənin üzərinə düşür. Cem Yılmaz reklamların birində belə bir ifadə deyir: “Stadion adamı oynadır”. Yəni stadion o qədər gözəldir ki, insanı oynamağa sövq edir. Bəzi universitetlərin həqiqətən də belə bir klassik ənənəsi var idi ki, insanı oxumağa, öyrənməyə, araşdırmağa sövq edirdi. Elə bir şey olmadığı üçün bizim mədəni kodlarımızda bir kitab oxuma, kitabın içərisində dalıb getmə var. Kompüter, telefon, planşet ekranında bunların klassik ənənənin yerini nə dərəcədə verəcəyi qeyri-müəyyəndir. Ona görə düşünmürəm ki, sırf onlayn ənənəvi təhsilin yerini verəcək. Ancaq təhsilin qarışdırılmış növü sanki artıq qaçılmaz durumdur”.

Qeyri-müəyyənlik olsa da, xaricdə təhsil istək və arzularının arxasınca getməkdə qərarlı olan gənclər çoxdur. Onlara bu yolda uğurlar arzulayırıq.

 

Aygün Asimqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir