Son illərdə bir çox gənclərimiz təhsil almaq üçün yerli universtetlərə deyil, xarici ali məktəblərə üz tuturlar. Onların bir hissəsi dövlət xətti, digər bir qismi isə öz vəsaitləri hesabına xaricdə təhsillərini davam etdirirlər.
Statistikaya görə, hazırda ölkədən kənarda tək öz vəsaiti hesabına təhsil alanların sayı 40 min nəfərdən çoxdur.
Bu ildən isə yeni Dövlət Proqramı çərçivəsində azərbaycanlı gənclər yenidən dövlət hesabına xaricdə təhsil almağa yollanacaqlar. Yeri gəlmişkən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın hədəf göstəricisi 2022–2026-cı illərdə hər il 400 nəfərədək olmaqla, ümumilikdə isə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin təmin edilməsidir. Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin ən azı 80 faizi ali təhsilin magistratura səviyyəsini əhatə edəcək.
Bundan başqa, Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində 2022-2023-cü tədris ili üzrə Macarıstanda 149, Çində 31, Latviyada 10, Rumıniyada 3 və Türkiyədə (doktorantura/YTB) 7 nəfər təhsil almaq hüququ qazanıb. Tələbələr təhsilini sözügedən ölkələrin aparıcı ali təhsil müəssisələrində, bakalavriat, baza ali tibb təhsili, magistratura və doktorantura səviyyələrində ölkənin iqtisadi inkişafı üçün zəruri olan ixtisas sahələrində davam etdirəcəklər.
Maraqlıdır, görəsən, hazırda xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələr daha çox hansı ölkələrdə və hansı ixtisaslar üzrə təhsil alırlar? İndiyədək, ümumilikdə, dövlət xətti ilə təhsil alan tələbələrdən neçə nəfəri təhsilini başa vuraraq Azərbaycana qayıdıb? Onların təhsil almasına nə qədər vəsait xərclənib? Hazırda Azərbaycanda daha çox hansı ölkələrin ali məktəblərinin diplomları tanınmır? Xaricdə təhsil almaq istəyən gənclər gələcəkdə sənədlərinin Azərbaycanda tanınmasında problem yaşanmaması üçün nələrə diqqət yetirməlidirlər?
Bununla bağlı apardığımız araşdırmalar göstərir ki, xaricdə yüksək səviyyədə təhsil alan gənclərin böyük bir hissəsi Azərbaycana geri qayıtmaq və burda qalıb işləmək istəmir. Qayıdan məzunlar isə əsasən dövlət deyil, özəl müəssisələrdə işləməyi üstün tuturlar. Məzunlar bunu dövlət sektorunda əmək haqqının o qədər də yüksək olmaması, eyni zamanda karyera qurmaq üçün özəl sektorun daha münasib olması ilə izah edirlər.
3500 nəfərə 90 milyondan çox vəsait xərclənib
Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, xarici ölkələrdə təhsil almaq üçün gedənləri əsasən bir neçə qrupa bölmək olar: “Onlardan biri Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında topladıqları ballar burda ali məktəblərə qəbul olmağa imkan verməyənlərdir ki, bunların sayı hədsiz dərəcədə çoxdur. Bu kateqoriyaya aid olan şəxslər daha çox Ukrayna, Rusiya, Dərbənd, Dağıstan, Gürcüstan kimi ərazilərin universitetlərində təhsil almağa üstünlük verirlər. Bu ölkələrdə təhsil almağa gedənlərin əksəriyyəti hüquq, maliyyə-iqtisadiyyat kimi ixtisaslara daha çox üstünlük verirlər. İkinci kateqoriyanı o şəxslər təşkil edir ki, onlar Azərbaycanda ali məktəblərə qəbul olurlar, amma aldıqları təhsil onları qane etmir. Ona görə də daha yüksək səviyyədə təhsil almaq üçün xarici ölkələrə üz tuturlar. Müəyyən şəxlər də var ki, ali təhsil almaq istəyir, amma Azərbaycanda təhsil haqları yüksək olduğu üçün daha ucuz təhsil haqqı olan ölkələrə gedirlər. Bu şəxslər daha çox Türkiyə, Macarıstan, və digər Avropa ölkələrinin universitetlərinə üz tuturlar və seçdikləri ixtisaslar tibb, kompüter və ya informasiya texnologiyaları, nano texnologiya kimi ixtisaslar olur. Üçüncü kateqoriyanı isə 2007-2015-ci illəri əhatə edən xaricdə təhsil dövlət proqramı çərçivəsində xarici ölkələrdə təhsil almağa gedənlər təşkil edir. Bu proqram çərçivəsində daha çox Azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədi güdülürdü. Xaricdə təhsillə bağlı 2007-2015-ci illəri əhatə edən ilk proqram çərçivəsində 5 min azərbaycanlının ölkədən kənarda təhsil alması nəzərdə tutulurdu. Amma proqram çərçivəsində 3500 gənc xaricə təhsil almağa göndərildi. Və onların təhsil alması üçün 90 milyon manatdan çox vəsait ayrıldı. Ancaq bu qədər vəsait ayrılmasına baxmayaraq xaricdə təhsil alıb, geri qayıtmayan şəxslər oldu. Halbuki həmin gənclər Azərbaycanda ehtiyac olan ixtisaslar üzrə təhsil almağa göndərilmişdilər. Artıq həmin proqram üzrə təhsil alan sonuncu tələbə qrupu bu il məzun oldu. Bu ildən yeni dövlət proqramı tətbiq olunur. Dövlət proqramının əsas məqsədi rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkəmizin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, istedadlı gənclərin dünyanın inkişaf etmiş ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin səmərəliliyinin artırılmasıdır. Bu proqram çərçivəsində hər il 400 nəfərdən çox olmamaq şərtilə gənclər xaricdə təhsil almağa göndəriləcək. Artıq ilk nəticələr açıqlanıb. Bildiyim qədər 360-ya yaxın namizəd seçimdə uğur qazanıb. Namizədlər daha çox Avropa və Amerikanın bir neçə universitetindən uğur əldə ediblər. Bu yaxşı haldır. Çünki Azərbaycan gəncləri dünyanın nüfuzlu universitetlərində ixtisaslı kadr kimi hazırlanıb bizim əmək bazarına daxil olacaqlar. Bu Azərbaycanda xidmət sektorunun inkişafına, rəqabətədavamlı və dayanıqlı iqtisadiyyatın formalaşmasına müsbət təsir göstərəcək”.
1400-ə yaxın gənc ölkəyə qayıtmayıb
Ekspert vurğulayır ki, yeni proqram əsasında uğur qazanan gənclər əvvəlki proqramdan fərqli olaraq Azərbaycana qayıdıb fəaliyyət göstərəcəklər: “Bu yaxşı haldır. Onlar məzun olduqdan sonra hökumətin müəyyənləşdirdiyi yerdə işləyəcəklər. Əvvəlki proqramda biz bu tələbi görməmişdik. İndi dövlət belə bir tələb irəli sürür ki, həmin məzunlar mütləq şəkildə Azərbaycana qayıdaraq fəaliyyət göstərməlidirlər. Ən vacib məqam isə həmin şəxslərin işlə təminatı məsələsidir ki, bununla bağlı da artıq ciddi addımlar atılıb. Bilirsiniz ki, Dövlət qulluğu” haqqında qanunvericiliyin tələblərinə görə, yalnız Dövlət Proqramı çərçivəsində xarici ölkələrdə təhsil alan şəxslər dövlət qulluğu imtahanının test mərhələsindən azaddırlar və onlar birbaşa müsahibə mərhələsinə buraxılırlar. Yəni, artıq onların işlə təminatında heç bir problem yaşanmır. Dövlət qulluğunda əməkhaqqı ildən-ilə artır. Məsələn, təkcə təhsil sahəsində çalışanlara, hətta məktəb direktorlarına 1500 manatdan da çox əlavə ödənişlər ödənilir. Başqa sözlə, bu gün dövlət qulluqçularının əməkhaqqı kifayət qədər Şərqi Avropa ökələrinə çatdırılıb. Bu kimi müsbət dəyişikliklər həmin gənclərin heç bir tərəddüd etmədən ölkəyə qayıtmasına, rahat şəkildə iş tapmasına imkanlar yaradır”.
K.Əsədov onu da qeyd edir ki, birinci dövlət proqramı çərçivəsində xaricdə təhsil alan 3500 gəncdən təxminən yarısı geri qayıtmayıb: “Birinci ili 600 nəfər geri qayıdıb. Sonrakı illərdə isə geri qayıdanların sayı əhəmiyyətli dərəcədə azalıb. Ümumilikdə bizdə olan 1400 nəfər geri qayıtmayıb”.
Hansı ölkələrin diplomları tanınmır?
Ekspert həmçinin vurğulayır ki, hazırda xarici ölkələrdə öz vəsaiti hesabına təhsil alan azərbaycanlı tələbələrin sayı 42 min nəfərdir: “Onlardan 21 min 600-ü qardaş Türkiyədə, 8 mini Ukraynada, qalan 6 minə qədəri Rusiya və Gürcüstanda, eyni zamanda, digər Avropa və ABŞ universitetlərində təhsil alırlar: “Birmənalı şəkildə qeyd edim ki, nüfuzlu universitetlərdə öz vəsaiti hesabına təhsil alan gənclərin Azərbaycanda təhsil sənədlərini rahat şəkildə təsdiqlədə bilirlər. Amma Ukrayna, Gürcüstan və Rusiyada təhsil alanlar bu məsələdə ciddi problem yaşayırlar. Çünki müsahibə mərhələsində həmin gənclərin ya tədris dilini bilmədikləri, ya da təhsil aldıqları ölkədə cəmi 2-3 dəfə olduqları ortaya çıxır. Hesab edirəm ki, Elm və Təhsil Nazirliyi bu məsələdə haqlıdır. Məsələn, Azərbaycanda distant təhsil tanınmır, amma gənclər gedib oxuyurlar. Qiyabi təhsil alma forması bizdə tanınmır, amma yenə də gənclər təhsil alırlar. Xaricdə təhsil almaq istəyən gənc təhsil sənədinin tanınmasını istəyirsə, dövlətin müəyyən etdiyi qaydada təhsil almalıdır ki, sonradan diplom sənədinin tanınmasında hansısa problem yaşamasın”.
Sevinc Osmanova