bosanma

Xaricdə yaşayan Azərbaycan vətəndaşları necə boşana bilər?

Baxış sayı: 1. 361

Hər hansı ailədə tərəflər boşanma  haqqənda qərar qəbul edərkən bunu qanun müstəvisindəki mövcud qaydalarla asanlıqla həyata keçirə bilir, amma xaricdə yaşayan azərbaycanlılar üçün bu proses bir qədər çətin olur. Əksər hallarda ölkə hüdudlarından kənarda yaşayanlar proseslərin ardıcıllığı ilə bağlı öhdəliklərini bilmədikdə, başqa sözlə, prosedurlarla bağlı məlumatsız olduqda problemlər meydana çıxır. Bəs görəsən, xaricdə yaşayan Azərbaycan vətəndaşları necə boşana bilər?

Xarici ölkələrdə daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşları nikahın pozulması məqsədilə ərizə ilə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarına (bundan sonra – konsulluq) müraciət edə bilərlər.

 

Nikahın pozulmasının qeydə alınması üçün tələb olunan sənədlər bunlardır:

1) Nikahın pozulması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi;

2) Yetkinlik yaşına çatmayan ümumi uşaqları olmayan ər-arvadın nikahın pozulması haqqında birgə verdikləri ərizə;

3) Məhkəmə qaydasında itkin düşmüş hesab edilən, məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən və ya cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunan şəxslə nikahın pozulması haqqında ər və ya arvadın birinin ərizəsi;

4) Məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi.

 

Nikah aşağıdakı hallarda məhkəmə qaydasında pozulur:

 

1) Ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda;

2) Ər (arvad) nikahın pozulmasına razı olmadıqda;

3) Ər-arvadın razılığı olduqda, lakin onlardan biri konsulluqda nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.)

 

Nikah ərin (arvad) və ya onların hər ikisinin, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi əsasında konsulluqlar tərəfindən pozula bilər.

Nikah aşağıdakı hallarda yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) birinin ərizəsi əsasında konsulluqlar tərəfindən pozulur:

 

1) Ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə;

2) Ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;

3) Ər (arvad) cinayət törətməyə görə ən azı 3 il müddətində azadlıqdan məhrum olunduqda.

 

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 16.3-cü maddəsinə əsasən, nikahın pozulmasının (boşanmanın) qeydə alınması və əlaqədar əməliyyatlar üçün 40 dollar rüsum ödənilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir