İngiltərədə xərçəng xəstəliyinin müəyyən edilməsində çox qeyri-adi bir yenilik tətbiq ediləcək. ANS PRESS-in məlumatına görə, Milton Kins xəstəxanasında göstərilən Milli Sağlamlıq Xidmətlərində (NHS) itlərin istifadə edilməsinə icazə verilib. Lakin bunlar adi itlər deyil. Bu heyvanlar bəzi xərçəng xəstəliklərini iyləyərək müəyyən edə bilirlər.
Məsələ burasındadır ki, 2009-cu ildə Deyzi adlı it qeyri-adi hərəkətləri ilə diqqəti sahibəsindəki xərçəng xəstəliyinə çəkmişdi. Müayinə zamanı qadının süd vəzisi xərçəngi olduğu məlum olmuşdu. Bundan sonra araşdırmalar aparıldı və 9 it bu cür sınaqların keçirilməsi üçün seçildi.
İndi Deyzi və daha 8 it əvvəlcə prostat vəzi xərçənginin müəyyən edilməsində sınanılacaq. Çünki 2011-ci ildə bu xərçəng növü İngiltərədə 41 min 726 nəfərdə müəyyən edilərək ən geniş yayılan xərçəng xəstəliyi olmuşdu. Daha sonra həmin 9 itin böyrək xərçəngini müəyyən etmə bacarığı yoxlanılacaq. Sonda heyvanlar 3 min adamın sidik analizlərini qoxlayaraq xərçəngin olub-olmadığını müəyyən edəcəklər.
İtlərlə aparılan testlər uğurlu olarsa, bu, insanların yanlış müalicəsinin qarşısını alacaq. Çünki bəzən Prostat Spesifik Antigen (PSA) müayinələrində səhvlər olur və insanlara yanlışlıqla biopsi yoxlamadan keçməli olduqları deyilir. Nəticədə bir çoxları lazımsız və ya səhv müalicə alırlar.