Xəyanətlər niyə artır?

Baxış sayı: 1. 680

Aldatma və xəyanət insan cəmiyyətinin yarandığı ilk zamanlardan günümüzə qədər aktual mövzudur. Son dövrlərdə qadın xəyanətlərinin bu qədər artmasının səbəbi kimi qadınların iş həyatına aktiv şəkildə daxil olması, cəmiyyət işlərində fəal olaraq iştirak etməsi, kişilərin ictimai-sosial hegemoniyasının zəifləməsi, qadının öz ayaqları üstündə dura bilməsi, kişilərin qarşı cinslə münasibət qurmasının asanlaşması kimi faktorlar göstərilə bilər.

Xəyanətin konkret dəqiqləşmiş tərifi olmadığına görə, bu vəziyyət hər insanın düşüncə tərzindən asılı olaraq dəyişir. Bəziləri üçün yalnız cinsi münasibət aldatma sayılsa da, kimiləri üçünsə gizli bir görüş, qarşı cinslə olan adi bir online söhbət və ya emosional yaxınlıq aldatma kimi qəbul edilə bilir.

Psixoloq Rövşən Hümbətovun sözlərinə görə, psixoloji ədəbiyyatlarda xəyanətkarlar adətən asılı şəxsiyyət tipinə malik olan insanlar kimi xarakterizə edilirlər: “Hələ uşaq yaşlarından yanlış tərbiyə nəticəsində valideynləri tərəfindən narsist (özünü həddindən artıq sevən və olduğundan yüksək qiymətləndirən) şəxsiyyət kimi formalaşdırılan uşaqlar yetkin olduqdan sonra xəyanət etməyə daha çox meylli olurlar. Bunun əsas səbəbi kimi bu tiplərin özlərini digərlərindən daha üstün görməsi, hər zaman bir alternativlərinin olduğunu düşünmələridir. Bu tip şəxslər xəyanət etməklə bərabər, həyatda yalnız qalmaqdan çox qorxduqları üçün mövcud ailələrini və ya sevgi münasibətlərini çətinliklə də olsa, qoruyub saxlamağa və davam etdirməyə çalışırlar”.

Qadın xəyanətlərində həm fiziki, həm də emosional səbəblər mühüm rol oynayır. Psixoloq bildirir ki, qadın xəyanətlərinin kişi xəyanətləri ilə bəzi ortaq nöqtələri olsa da, ümumi götürdükdə qadınlar bir neçə səbəbdən dolayı xəyanət edirlər. Ən geniş yayılmış səbəb kimi qadının intiqam almaq hissləri göstərilir. “Yəni hər hansı bir xanım yoldaşının ona xəyanət etdiyini düşündüyü andan etibarən intiqam almaq və acıq çıxmaq üçün xəyanət edib, qarşı tərəfə bərabər statusda olduğunu sübut etməyə çalışır. Bəzən qadın bunu yalnız bir dəfə etməklə kifayətləndiyi halda, bəzən isə yoldaşı xəyanətə davam etdiyi müddətdə, o da xəyanəti davam etdirir. Digər bir səbəb isə yoldaşı tərəfindən qısqanılmaq və özünə diqqət çəkmək üçün edilən aldatmalardır. Yoldaşı tərəfindən qısqanılmadığını düşünən qadın, yenidən diqqət çəkmək üçün bu vasitəyə əl ata bilir”.

R.Hümbətov hesab edir ki, qadını xəyanətə sövq edən bir başqa səbəb isə yaşlanma qorxusudur. Yaşlandığını düşünən qadın özünü hələ də cavan, arzulanan, əvvəlki tək istənilən qadın olduğunu sübüt etmək üçün xəyanət edə bilir. “Bu da əsasən keçid yaş dövrlərində, yəni 30-35-40 yaş aralıqlarında daha çox özünü göstərir. Bunu etdikdən sonra həmin qadında günahkarlıq və peşmanlıq hisslərinin olması müşahidə olunur çox zaman. Qadın xəyanətlərinin bir səbəbi kimi də qadının yeni macəralar axtarmaq həvəsi göstərilə bilər. Bəzən biz şahidi olub görürük ki, hər bir istəyi təmin olunan, maddi və mənəvi olaraq sıxıntı yaşamayan qadınlar sadəcə, monotonluqdan uzaqlaşmaq və həyatlarına rəng qatmaq üçün xəyanət edirlər. Belə vəziyyətdə olan qadınlar özləri üçün gənc, vaxtını yaxşı keçirə biləcəyi, macəraçı partnyorlar tapmağa çalışırlar. Bu səbəb xəyanətlərdə üstünlük təşkil etməsə də, bu tipdə olan xəyanətlər mövcuddur. Həyatdan heç bir gözləntisi olmayan, daima mənəvi boşluq içərisində yaşayan, özünü digərlərindən fərqləndirmək istəyən qadınlarda da xəyanət etmək potensialı daha yüksəkdir”.

Dünyada ən qarışıq və anlaşılmaz məntiq qadın məntiqi sayılır. Bu səbəbdəndir ki, qadın davranışlarının altında yatan səbəblərin nələr olduğunu qabaqcadan təxmin etmək və anlamaq çox çətindir.

 

İradə Cəlil




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir