taksi

Xilaskar, yoxsa problem mənbəyi?

Baxış sayı: 552

Metro çıxışlarında hər birimiz ən azı bir dəfə də olsa “filan yerə 1 manat” qışqıran taksi sürücülərini görmüşük. Xalq dilində “manatlıq taksi” adlandırılan bu sərnişindaşıma növü insanların əlindən tutur. Xüsusən də soyuq qış aylarında insanlar bu taksilərin xidmətindən həvəslə istifadə edirlər. Lakin illərdir həm Dövlət Yol Polisindən, həm də digər qurumlardan bu taksilərin qanunsuz fəaliyyət göstərməsi ilə bağlı rəylər eşidirik. Bu günlərdə keçirilən mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev də deyib ki, “1 manatlıq taksilər” insanları ictimai nəqliyyatdan uzaqlaşdırır və yollarda xaotik vəziyyət yaradaraq, tıxaclara səbəb olur. Onun bu fikrinə sosial şəbəkələrdə insanlar etiraz edib. Bildiriblər ki, soyuqda 1 saat dayanacaqda durmaqdansa, avtobus gəldikdə sıxlıqdan minə bilməyib digərini gözləməkdənsə, tıxacda basabasda qalmaqdansa, saat 8-9-dan sonra marşrut tapmamaqdansa, 1 manata getmək daha sərfəlidir.

“Avtobusların hərəkət qrafiki o taksilərə görə pozulur”

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bizimlə söhbətində də bildirdi ki, qanunsuz sərnişindaşımaların şəhər nəqliyyatına müsbət təsiri yoxdur: “Bu gün paytaxt yollarında nəqliyyat şəraitinin xaotik olmasının başlıca səbəblərindən biri qanunsuz sərnişindaşımaların mövcudluğudur. Onların səbəb olduğu sıxlıq və tıxaclara görə müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət qrafiki pozulur, avtobuslarla səyahət müddəti artır və sərnişinlər dayanacaqda uzun müddət gözləməli olurlar. Nəticədə sərnişin səyahətini “manatlıq taksilər”də həyata keçirməyi daha uyğun hesab edir. Bu hal şəhərətrafı avtobus xətləri üzrə daha qabarıq formada hiss olunur”.

Marşrut xətləri üzrə xüsusi zolaqlar təşkil etməliyik

Mətbuat katibinin sözlərinə görə, bu vəziyyətdən ən optimal çıxış yolu ictimai nəqliyyatın cəlbediciliyini artırmaqdır: “Qanunsuz sərnişindaşımalar ictimai nəqliyyatda xidmət səviyyəsinin çatışmazlığı nəticəsində yaranır və inkişaf edir. Bu gün şəhərimizdə ictimai nəqliyyatda xidmət səviyyəsini artırmaq, səmərəli fəaliyyətini təşkil etmək üçün ilk növbədə bütün marşrut xətləri üzrə xüsusi hərəkət zolaqları təşkil etməliyik. Müntəzəm marşrut xətləri üzrə avtobusların sərbəst və maneəsiz hərəkəti tıxac və sıxlığın başlıca səbəbi olan sürətli avtomobilləşmənin qarşısını alacaq”.

Manatlıq taksiləri leqallaşdırmaq lazımdır

Nəqliyyat eksperti Eldəniz Cəfərov isə deyir ki, BNA problemi deyir, amma həlli yolunu göstərmir: “Düzdür, minik avtomobillərinin çoxluğu yollarda sıxlıq yaradır. Lakin bu sıxlığın tıxaca çevrilməsinin səbəbləri fərqlidir. Birmənalı şəkildə heç kim iddia edə bilməz ki, Bakıda taksilərin çoxluğu tıxaclara səbəb olur. Vətəndaşları ictimai nəqliyyatdan taksilər uzaqlaşdırmır. Buna səbəb nəqliyyatın əlçatan olmaması, marşruta buraxılan avtobusların sayının az olması, kart balansının artırılmasındakı problemlər, əlaqədar daşıyıcı qurumların səhvləridir”.

Ekspertin fikrincə, taksi fəaliyyəti ilə qanunsuz məşğul olanlarla bağlı Dövlət Yol Polisi ölçü götürməlidir: “Çalışmaq lazımdır ki, qanunsuz, qeyri-leqal taksi fəaliyyəti olmasın. Bu leqallaşdırılsa, həm dövlət büdcəsinə xeyir gələr, həm də vətəndaş sərbəst şəkildə taksi fəaliyyəti ilə məşğul ola bilər. Problemin qarşısını almaq üçün ilk növbədə taksi dayanacaqlarının yaradılmasına, minik avtomobillərinin rahat parklanma yerlərinin təşkil olunmasına ehtiyac var. Əgər görürüksə ki, sərnişindaşımada “1 manatlıq taksi” daha effektlidir, bu zaman Bakı Şəhər İcra Hakimiyyəti marşrut taksilərini dirçəltməyi düşünə bilər”.

Bu taksilər sərnişindaşımada çox böyük rol oynayır

Ekspert Elməddin Muradlının fikrincə, ictimai nəqliyyatdakı problemlər həllini tapsa, insanlar 30 qəpiklik yolu 1 manata getməz: “BNA etiraf edir ki, avtobusların sayı azdır, interval gözlənilmir, sıxlıq yarananda əlavə nəqliyyat verə bilmirlər. Bu kimi problemlər ucbatından manatlıq taksilər dövriyyədədir. Əslində sərnişindaşıma ilə məşğul olan qurumlar manatlıq taksilərə təşəkkür etməlidir. Çünki manatlıq taksilər sərnişindaşımada çox böyük rol oynayır, onların bacara bilmədiyi işi görür. Avtobuslar üçün xüsusi zolaqları ayırmaqla hərəkəti intensivləşdirsələr, marşrutları inkişaf etdirsələr, o zaman avtobuslara maraq artacaq. Vaxtında hərəkət edə biləcək deyə, insanlar “manatlıq taksi”yə yox, avtobusa minəcək. Amma bu gün insanlar baxır ki, interval azdır, avtobusda sıxlıqdır. Düşünür ki, avtobusla tıxacda yolu ayaq üstə, qucaq-qucağa 1 saata, saat yarıma getməkdənsə, elə 1 manata taksidə rahat oturum gedim. Bu problemlər həll olunsa, ayda 300-600 manat maaş alan insan 30-50 qəpiklik yolu niyə 1 manata getsin ki?”

“Manatlıq taksilər” olmasa, insanlar küçələrdə qalacaq”

E.Muradlı bildirdi ki, bu taksilərin yığışdırılmasındansa, onların verdiyi xidməti inkişaf etdirməliyik: “Bu taksiləri yığışdırsaq, insanlar küçələrdə qalacaq. Manatlıq taksiləri heç kim qadağan edə bilməz. Amma onların özbaşınalığına da son qoymaq lazımdır. Taksi harada gəldi dayanmamalıdır. Bunun üçün xüsusi yerlər ayrılmalıdır. Elə etmək lazımdır ki, hamısı qanuni fəaliyyətlə məşğul olsun, fərqlənmə nişanı alsın və qaydalar çərçivəsində işləsin”.

Ekspertin fikrincə, BNA vaxtında tədbir görsəydi, vəziyyət bu həddə çatmazdı: “Manatlıq taksilər”in sayı hədsiz dərəcədə çoxdur. Çox olduğuna görə də tıxaca səbəb olur. Bakı-Sumqayıt yolunda tıxacın əsas səbəblərindən biri elə həmin taksilərdir. Amma onları yollardan yığışdırmaq da mümkün deyil. Həm deyirik problem yaradır, həm də insanlara alternativ variant vermirik. Normal ictimai nəqliyyatı təmin edəndən sonra, əlbəttə, “manatlıq taksilər”in sayı azalacaq”.

 

Zərif Salmanlı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir