fitat m

Xocalı faciəsinin şahidi: “Ərimin ürəyini diri-diri çıxartdılar…”

Baxış sayı: 1. 493

Tariximizin ən qanlı səhifələrindən biri olan Xocalı faciəsindən 26 il ötür. Fevralın 26-da erməni cəlladlarının xalqımızın başına açdığı müsibətlər dünya tarixinin ən qəddar və ən amansız cinayətlərini də geridə qoyur. Bu qanlı tarixi yaşatmaq üçün hər il olduğu kimi, bu il də “Yeni Müsavat” Xocalı şahidlərinin dili ilə o günləri yad edir.

Bu dəfə də Xocalıda baş verən dəhşətli cinayətləri öz gözü ilə görmüş birinin – 58 yaşlı Fitat Məmmədovanın ağrılı-acılı xatirələrini təqdim edirik.

Onun həyat yoldaşı, bir övladı, iki qardaşı və bir qardaşı oğlu Xocalıda faciəvi şəkildə şəhid olub. Anası isə əsirlikdə ağır əzablara dözüb. Onun həyatı da, acı xatirələri də dinlədikcə insanı dəhşətə gətirir.

Fitat Məmmədova 1960-cı ildə Xocalı şəhərində anadan olub və orada böyüyüb. Ailədə 6 qardaş, 2 bacı olublar. Ailə faciədən sonra uzun müddət Naftalanda məskunlaşıb, hazırda isə Goranboy rayonunda Xocalı qaçqınları üçün tikilib istifadəyə verilmiş binada yaşayırlar. Fitat xanım Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy  rayon şöbəsində çalışır.

Xocalı soyqırımının dəhşəti sanki Fitat xanımın üzündə əks olunub. Ogecəki faciə barədə hər kəlməsini titrəyişlə, acı göz yaşları ilə nəqli edir. (Mənbə: “Xocalı şahidləri danışır” kitabı)

Xocalı şahidi deyir ki, bir gecədə ən yaxın ailə üzvlərindən bir neçəsini itirib: “Həmin gecə Ağdamda xəstəxanadaydım. Yurdumuz Qaraqaya deyilən yerdə idi. Faciə zamanı anam bir gecə girov qalıb. O qayıdıb gələndə dedi ki, uşaqların hamısını öldürüblər. Çıxanda ikisinin meyitini asfaltın üstündə görüb. Qardaşımın birini meşədə öldürüblər. Təpənin arxasında gizlənibmişlər. Qardaşım anama deyib ki, mən çıxıb onların başını qatacam, siz keçin. Çıxan kimi alnından atıblar. Anam həmin vaxt oturub yanında qalmışdı. Bu zaman o biri qardaşım  gəlib çıxıb. Anama deyib ki, dur gedək, indi gəlib bizi də vuracaqlar. Sonra hansı yolla olur-olsun gəlib qardaşımın meyitini götürəcəm. Anam deyib ki, oğlumu qoyub heç yerə gedə bilmərəm. Onun üstündəki silahı götürüb gizlədib ki, ermənilər gəlib onun hərbçi olduğunu görməsinlər. Xocalıdan çıxanda anamgilə əl qumbarası vermişdilər ki, əsir düşsəniz özünüzü partladın. Yazıq anam onu qoynuna qoyubmuş, qardaşım nə qədər eləyib, anam gəlməyib. Qolundan tutub çəkəndə anam yumalanıb, həmin əl qumbarası anamın sinə sümüyünü qırıb. Uzun müddət bunun əziyyətini çəkdi. İndi anamın 87 yaşı var. Amma hər gün onun əzabını çəkir. Elə orada da bunları mühasirəyə alıb əsir götürürlər”.

xocalı soyqırımı ile ilgili görsel sonucu

Xocalı şahidinin sözlərinə görə, ikinci qardaşı və həyat yoldaşı erməni əsirliyində ağır işgəncələrlə öldürülüb: “Anam deyir ki, saxlanıldığımız yerə bizdən qabaq da nə qədər adam gətirmişdilər. Anamgil oraya gətirəndə görüblər ki, yoldaşım Rasim də buradadır. Yoldaşımgil başqa bir qrupla hərəkət edirmişlər. O qrupdan yalnız Valeh adında oğlan sağ çıxa bildi. O deyir ki, yoldaşımı orada ağır işgəncə ilə öldürüblər. Diri-diri, bağırda-bağırda ürəyini çıxarıblar. Vasif adlı qardaşımı da orada öldürüblər. Valeh azad olunandan bir sutka sonra anam gəldi. Dedik, ana, nə gördün, uşaqlardan nə xəbər? Anam danışa bilmədi. Bir həftə paltarı qanlı gəzdi, əynindən çıxara bilmədik. Dedi ki, balamın qanı üstümə tökülüb, qucağımda keçinib, mən onu çıxara bilmərəm. Sonra dedi ki, oğlumun meyitinin harada olduğunu bilirəm, onu gətirməyə özüm gedəcəm. O, bunun üçün dəfələrlə Naftalandan Ağdama gedib-gəlir. Axırı bir gün Ağdamda görür ki, bir qrup adam meyit gətirməyə gedir. Deyirlər ki, Tamaşa xala, sən getmə, biz bilirik Vasifin nəşi hardadı, özümüz gətirəcəyik. Bir neçə gündən sonra zülmlə onun cəsədini tapıb gətirmişdilər. Meyitə baxırdın, elə bil ki, ölməyib, yatıb. Anam onun meyitini həmərsin kolunun altına qoyubmuş, dağın döşündə, şaxta, ayaz tutan yer imiş. Qardaşım onu Allaha əmanət etmişdi ki, burada qalsın, gəlib aparacam. Belə bir el sözü var: Əmanət edəndə meyit olduğu kimi qalır. Qardaşımın meyiti torpağa tapşırılandan sonra anam onun paltarını əynindən çıxardı”.

xocalı soyqırımı ile ilgili görsel sonucu

Xocalı sakinlərinin çəkdiyi zülm təkcə 25-26 fevralla bitmir. Fitat xanımın sözlərinə görə, Xocalının yer üzündən silinməsinə qədərki 4 ilin hər anını  təhlükə hissi ilə, ölüm qorxusu ilə yaşayıblar: “Ermənilər dörd bir tərəfdən Xocalını mühasirəyə almışdılar. Gecələr güllələri nə təhər yağdırırdılarsa, hərə bir tərəfə qaçırdı. Dörd il bax belə yaşamışıq. Bir gecə bizi raketlə necə bombardman etdilərsə, neçə gün kənddən barıt iyi gəldi. Zəhərlənənlər, ölənlər var idi. Həmin vaxt mənim iki yaşlı oğlum da zəhərlənib öldü. Yoldaşım şəhid olandan sonra min bir zillətlə bir qızım dünyaya gəldi. Dedilər ki, adını nə qoyacaqsan, dedim onun adı özündə gəlib həyata. Qızın adını Nişanə qoydum” – deyə, dərindən köks ötürdü. Bir az ara verdikdən sonra sözünə davam etdi: “Qardaşım oğlunun 17 yaşı vardı. O, öz pulu ilə əsgər forması alıb geyinmişdi. Ona dedik ki, ay bala, sən məktəblisən, geyinmə onu. Nə qədər elədik, xeyri olmadı. Atası Xocalıda yox idi, Rusiyada işləyirdi. Oğlu atasının əvəzinə torpağı qorumaq istəyirdi. Axırı mümkün olmadı, dedik ki, döyüş, amma formanı geyinmə. Yenə xeyri olmadı. Bax, əynindəki o formaya görə ermənilər onu əsgər bilib güllələmişdilər. Meyitinə baxanda bədənində düz 17 güllə yarası gördük. Anam deyir ki, əsir düşəndə içəridə Nənəş adlı dayısı qızı da vardı, onun da bütün ailəsini qırmışdılar. Evində dörd başıpapaqlıdan biri sağ qayıtmadı. Hər dəfə fevral ayı gələndə qanımız quruyur. Qəbirləri belə yoxdur ki, gedib ziyarət edək…”

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir