Andrey Kurpatov Rusiyanın ən məşhur psixoterapevtlərindən biridir. Onun bu mövzuda yazdığı kitabları milyonlarla insanın masaüstü vəsaitinə çevrilib. Xüsusilə valideynlər “Xoşbəxt uşaq. Universal Qaydalar” kitabının bir çox cəhətdən əhəmiyyətli olduğunu qeyd edirlər.
Bu kitabdakı bir çox sitatlar valideynləri düşünməyə vadar edir və uşaq tərbiyəsi ilə bağlı mühüm nüanslarla tanış olmağa imkan yaradır.
Kitabdan bəzi sitatları təqdim edirik.
1. Biz valideynlər övladlarımız üçün güzgüyük. Həm də təkcə sözdə deyil, onlar öz kimliyini bizim münasibətimizdə, davranışımızda və reaksiyalarımızda görür və oxuyurlar.
2. Uşağa qarşı davranışımızla əslində, onun portretini çəkirik. Çəkdiyimiz bu portret sonradan onun özünün özünə münasibəti olacaq. Və bu kətan üzərində yeni ştrixləri necə və nə cür çəkdiyimizin fərqinə varmırıq. Uşağımıza demək olar ki, həmişə şüuraltı səviyyədə siqnallar göndəririk.
3. Müstəqil, aktiv, özünə güvənən, məsuliyyətli, xeyirxah, həssas, başqalarına qarşı diqqətli, özünə hörməti olan bir insan yetişdirmək maksimum edə biləcəyimiz bir işdir. Bu məqsəd mənə həm düzgün, həm də real görünür. Bu barədə düşünmək olar və düşünülməlidir, sonra isə buna nail olmaq üçün lazım olan vasitələr tapılacaq.
4. Tərbiyənin məqsədi – onlara bizsiz də keçinə bilməyi öyrətməkdir.
5. Tərbiyənin nə qədər ciddi olduğunu kifayət qədər yaxşı başa düşmürük. Bizə elə gəlir ki, tərbiyə uşaqda gözəl əxlaqın formalaşması, ona cəmiyyətdə davranış qaydalarının öyrədilməsi və yaxşı təhsil vermək deməkdir. Əslində bütün bunlar sonra gəlir. Birincisi və ən önəmlisi odur ki, övladımıza özünə münasibəti öyrətməliyik. Axmaq, çirkin, paxıl, aqressiv, ağlağan və s. kimi xüsusiyyətlərlə qiymətləndirən bir mühitdə yaşayan uşaq inanın ki, elə belə də olur.
6. Uşağın xarakteri valideynlərinin xarakteri əsasında formalaşır və inkişaf edir.
7. Əgər eşidilmək istəyiriksə, ona çatdırmağa çalışdığımız şeylə maraqlanmasını istəyiriksə, əvvəlcə uşaqda buna qarşı motivasiya oyatmalıyıq. Motivasiya etməyin bircə yolu var – bizim üçün vacib, dəyərli olduğunu, ona hörmət etdiyimizi, bizim üçün əziz olduğunu göstərməliyik. Sevilən, həssas və səbirli olmaq istənilən dialoqun prinsipləridir. Sizdə bu xüsusiyyətlər olmasa, uşaqla ünsiyyət qurmaq heç bir şəkildə alınmayacaq.
8. Sağlam, daxili ziddiyyətlərdən və komplekslərdən məhrum şəxsiyyət yetişdirməyin təməlində bütün dünyanın ən yaxşı övladı olduğu inancı, eyni zamanda səmimi, dərin və qarşılıqsız sevgi dayanır.
9. Hər hansı bir səhvə yol verəndə, uşağı qorxutmamaq, yaxşı və düzgün bir iş gördüyü zaman onu dəstəkləməklə möhtəşəm nəticə əldə etmək olar.
10. Uşağın tərbiyəsi prosesində etiraf etməli olduğumuz əsas prinsip: “Yalnız bacardığını edə bilərsən”. Bu, həm uşağa, həm də özümüzə aiddir. Onun bu mərhələdə bir bacardığı, bir də səlahiyyətinlərindən kənar məqamlar var. Valideyn olaraq da övladımızın inkişafının bu və ya digər mərhələsində edə biləcəklərimiz və edə bilmədiklərimiz də var. Əgər nə isə sizin imkanınız xaricindədirsə, ancaq özünüzə zərər verəcəksiniz.
11. Bəlkə də bu ifadə qəribə səslənir: “Onu sevdiyimizə inanmaq”, “Onun ən yaxşısı olduğuna inanmaq” lazımdır. Uşağı sevmək kifayət deyil. Onu ağıllı və xeyirxah hesab etmək də kifayət deyil. Biz də buna inanmalıyıq, çünki bu iman körpəmizi böyütməyin bütün əzab-əziyyətlərə və çətinliklərinə tab gətirməyə kömək edəcək.
12. Uşağın pozitiv emosiyalarına neqativdən daha ciddi yanaşmalı, həm də onun bacarıq və məziyyətlərini çatışmazlıqlarından daha yüksək qiymətləndirməliyik. (“Publika.az”)