sevgi

Xoşbəxt olmaq istəyirsənmi?

Baxış sayı: 1. 906

Biz həmişə əzizlərimizə, yaxınlarımıza xoşbəxtlik arzulayırıq. Bəs xoşbəxtlik nədir? Görəsən kimlər xoşbəxtdirlər? Bəzən bizə elə gəlir ki, xoşbəxt olmaq üçün böyük sərvət sahibi olmaq lazımdır, lakin varlılar da özlərini xoşbəxt hiss etmirlər. Vəzifə sahibi olmaq, cəmiyyətdə yüksək mövqe tutmaq insanı xoşbəxt edə bilərmi? Tarixdən hökmdarların talelərini yadımıza salaq: onlar xoşbəxt idimi? Əgər varlılar xoşbəxtdirlərsə, onda kasıblar bədbəxtdirlər? Bəlkə xoşbəxtlik insanın sağlamlığındadır? Ancaq elə kasıb və ya şikəst insanlar var ki, onlar özlərini xoşbəxt hiss edirlər.

Bəzən biz özümüzü başqaları ilə müqayisə edərək xoşbəxtliyimizi onların bədbəxtliyində görürük.

İnsan nə vaxt xoşbəxt olur? Uşaqlıq dövrünü yadınıza salın, onda özünüzü çox xoşbəxt sanırdınız, heç bir qayğınız yox idi. Yaşa dolduqca isə problemlər, çətinliklər (bunlar lap çoxdur) bizə xoşbəxt olduğumuzu düşünməyə imkan vermir.

Bəşər tarixinin inkişafına nəzər salaq. İbtidai insanlar tox olduqda özlərini xoşbəxt sanırdılar. Cəmiyyət inkişaf etdikcə insanların  maddi və mənəvi tələbatı artır və insan öz tələbatlarını ödəyə bildikdə özünü xoşbəxt hiss edə bilir, lakin tələbatların sonu olmadığından tam  xoşbəxtlik də olmur.

Nə sərvət, nə vəzifə, nə hakimiyyət, nə də sağlamlıq (bunların heç biri daimi deyil) insanı xoşbəxt edə bilmir.

Fikrimizcə, xoşbəxt olmağın üç şərti vardır: Allah sevgisi, azadlıq və nəfsin tərbiyəsi.

Dərkedilməz, zaman və məkana sığmayan Allah özünü bizi əhatə edən bütün cismlərdə təcəssüm etdirir. Allah sevgisi təbiətdə olan bütün cansız və canlı  varlıqlara məhəbbət hissidir. İnsan  nəyə sevgi ilə yanaşırsa, onlardan da həmin münasibəti görür. Allahını sevən insan sevgi və qayğı ilə əhatə olunur və onun qarşısında tamam başqa aləm açılır. Sevgiyə nəinki insanlar, bitki və heyvanlar, hətta cansız təbiət də sevgi ilə cavab verir. Daşlara, mərmər və ya ağac parçasına qayğı ilə yanaşan insan ondan nələr yaratmır? İnsanın yaratdığı  bütün gözəlliklər Allah sevgisinin nəticəsidir.

Bioloji və ictimai varlıq olan insan fiziki və mənəvi cəhətdən azad olmadan heç vaxt xoşbəxt ola bilməz. Fiziki azadlıq heç kimdən asılı olmamaqla, mənəvi azadlıq isə elmlərlə qazanılır. Cahil insan təbiət və cəmiyyət hadisələrini dərk edə bilmədiyindən, həmişə onlardan qorxur  və onlardan asılı olur. Elmlərə yiyələnmədən azad olmaq, azad olmadan isə xoşbəxt olmaq mümkün deyildir.

İnsan doğulduqda onda heyvanlarda olduğu kimi ancaq nəfs (instinktlər) olduğu halda, tərbiyə və təhsil prosesində o, hisslərini ağlına tabe etməyi öyrənir. Nəfsi (ona şeytan da deyirlər) cilovlamaq çox çətindir. Həzrət Əlinin bir kəlamını yadınıza salın: “Özünə qalib gəlmək ordulara qalib gəlməkdən çətindir”. Yalnız öz hisslərini (arzu və istəklərini) və ya nəfsini idarə edə bilən insanlar xoşbəxt ola bilərlər. N. Tusi “Əxlaqi Nasiri əsərində nəfs haqqında belə yazır: “Nəfs elə bir şeydir ki, onu öz halına buraxsan, alçaqlığa meyil göstərib bataqlığa batar, cilovlayıb istiqamət versən, fəzilət yüksəkliklərini fəth edib kamala çatar”.

Tarix boyu insanlar nəfslərini ağıllarına tabe etməyə çalışmış, buna nail olanları kamil insan adlandırmışlar. N.Tusi kamil insanı belə  səciyyələndirir: “Kamil insan nə itirilmiş var-dövlətinin həsrətini çəkər, nə arzularının həyata keçməməsindən kədərlənər, nə qələbə çalanda çaşar, nə də kama çatdıqda həddini aşar”.

Bizi əcdadımıza yaxınlaşdıran, heyvani hiss olan nəfsi kamilləşdirməyin məqsədi səadət və xoşbəxtlikdir. Nəfsini (arzu və istəklərini) idarə edə bilməyən insan heç vaxt xoşbəxt olmur. Nəfs və ağlın sonu olmadığı üçün xoşbəxtliyin də sonu olmur və xoşbəxtlik hər bir insan üçün fərdi xarakter daşıyır.

Xoşbəxtlik  –  insanda gözəl, xoş duyğuların yaranması, müsbət enerjili impulsların qəbul edilməsidir. İnsan ömrü boyu neqativ enerjili impulsları özündən uzaqlaşdırmağa çalışmalı, olana sevinməli, itənə təəssüf  etməməlidir.

Xoşbəxtlik öz daxilimizdədir, onu kənarda axtarmaq, vəzifə, hakimiyyət və şöhrətdə görmək səhrada ilğımı su sanmaq kimidir.

 

Zaman Azərbaycan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir