xosqedem hidayetqizi

Xoşqədəm Hidayətqızı: “İş adamlarından, diplomatlardan evlilik təklifi almışam” – MÜSAHİBƏ

Baxış sayı: 2. 639

Tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı “Lent.az”-a müsahibəsində birinci evlilikdən olan oğlu, həyat yoldaşı Doğuşla münasibətləri, əkizləri ilə bağlı sualları cavablandırıb. “Gencaile.az” həmin müsahibəni təqdim edir.

– Bir neçə aylıq fasilədən sonra yenidən efirə qayıtdınız. Üstəlik, iki proqramla. Günün çox hissəsini dəXəzər telekanalında keçirirsiniz. Bu qədər gərgin iş rejimilə ailənizə, evinizə vaxt ayıra bilirsinizmi?

– Çox çətindir. İki layihəm var. “Bizə danış” verilişi hər gün 3 saat efirdə olur. “Səni axtarıram” isə hər bazar efirə gedir. Gündəlik canlı efir, verilişlərin bütün işlərinə vaxt ayırmaq, efir arxasında baş verənlər – hamısı məsuliyyətdir. İşimi hədsiz dərəcədə çox sevirəm. İşim nə qədər ağır olsa da, övladlarıma, ailəmə vaxt ayırmağa çalışıram. Amma təbii ki, saatlarla onların yanında otura bilmirəm. Keçən həftə iki gün evdə olmadım, onları görmədim. Çünki “Səni axtarıram”ı hazırlayırdıq. Telekanalda qalmışdım. Amma bazar günü saat 2-dən sonra bütün günümü onlara həsr etdim. Səhərlər yuxudan tez oyanmağa çalışıram. Arda və Arın səhər saat 6-da yuxudan oyanırlar. 8-dək onlarla oynayıram. Bu da mənim onlara ayırdığım vaxt olur.

Onların hazırda ana qayğısına daha çox ehtiyacları var. Siz olmayanda onların qayğısına kim qalır?

– Anam, bacılarım. Sizin vasitənizlə onlara təşəkkür edirəm. Anam yaşlıdır, çətinliklə yeriyir, ayaqlarında bir az problem var. Əslində həyət evini daha çox anam üçün aldım. Həkimlər ona yeriməyi məsləhət görür. Anam uşaqlarımı tək qoymur. Baxmayaraq ki, ayaqları ağrıyır, bununla belə uşaqlarıma mənim verəcəyim qayğını anam verir. Təbii ki, bacılarımla birlikdə.

Bildiyimə görə, telekanalda əkizlərinizə xüsusi otaq ayrılıb. Bu, onların evdəki otaqlarını az da olsa, əvəz edə bilirmi?

– Gözəl otağımız var. Uşaqların otağını görəndə zarafatla dedim ki, evdəki çarpayılardan daha yaxşıdır (gülür). Uşaqlara hər cür şərait yaradılıb. Amma təbii ki, nə qədər gözəl şərait də olsa, işdə olduğunu hiss edirsən. Bu həftə 5-ci gün uşaqları telekanala gətirəcəm, bazar gününədək burada qalacağıq. Çünki iş baxımından ən ağır günlərim cümədən başlayır. “Səni axtarıram” verilişinə hazırlaşırıq, şənbə günü çəkiliş olur, bazar günü efirə gedir. Həm də bağda qaldığıma görə gedib-gəlmək çətindir. Bağ havası uşaqlar üçün xeyirdir, təmiz hava alırlar deyə orda qalırıq.

Mütəxəssislər, həkimlər ana südünün faydalarından danışır, körpələri ana südü ilə qidalandırmağı məsləhət görür. Siz uşaqlara ana südü verirsinizmi?

– 4 aya qədər ana südü ilə qidalandılar. Sonra 12 günlük çəkilişlərlə bağlı xaricə səfərim oldu. Bu 12 gündə südüm qurudu. Çox ağladım. İstəyirdim ən azı 6 ay ana südü ilə qidalansınlar. Bu, onların sağlam böyüməsi, xəstələnməməsi üçün çox vacib idi. Həkim demişdi ki, ən azı 6 ay ana südü verməyə çalış. Təəssüf ki, gərgin iş qrafikim və 12 günlük səfərim uşaqlarımı bundan məhrum etdi. Amma nə edim? Məcburam. İşləməliyəm. Həm sevdiyim işlə məşğulam, həm də övladlarımı saxlamaq, onların gələcəyi üçün çalışmalıyam. Yəqin, böyüyəndə buna görə uşaqlarım məni bağışlayarlar. Şükür ki, sağlamdırlar, heç bir problemləri yoxdur.

Uzun illər sonra analıq hissini yenidən yaşamaq sizə necə təsir etdi? İlk dəfə ilə ikinci arasında hansı fərqlər var?

– İlk dəfə 18 yaşımda ana olmuşam. 18 yaşlı gənc qızın ana olması hissi ilə 42 yaşlı  qadının ana olması hissi arasında çox böyük fərq var. Məsələn, keçən həftə burada qaldım, uşaqların yanına gedə bilməmişdim, səhərə yaxın saat 5-də montaj bitdi, dayana bilmədim, başladım ağlamağa. O qədər ağladım ki… Sonra fikirləşdim, axı böyük oğlumun vaxtında da gərgin işləyirdim, həmin vaxt “Üç nöqtə” qəzetini çıxarırdım və onu birinci etmək var idi. Onda da səhərə qədər işdə qalırdım, redaksiyada yatırdım. Lakin o hisslə bu hiss çox fərqlidir. Mən indi qorxuram. Qorxuram ki, onları itirərəm, nəsə olar, kimsə əlindən salar, incidər. Mən də bütün ömür boyu buna görə özümü bağışlaya bilmərəm. O qədər şey düşünürəm ki. Bu hisslər 18 yaşımda yox idi. Ona görə də gərək qadın analıq hissini dərk etdiyi yaşda ailə qursun. 18-20 yaşda o hissi anlaya bilməz. Çünki onun özünə həmin vaxt ana sevgisi, böyük sözü lazımdır. O, ailədə böyüklük edə, güzəştə gedə, uşağa 35-40-42 yaşlı bir ananın verə biləcəyi istiliyi verə bilməz. Amma təbii ki, ana bütün yaşlarda anadır. Sadəcə, qızlar zamanında ailə qurmalıdırlar –  analıq hissini dərk etdikləri yaşda.

Yeri gəlmişkən, qardaşlar bir-biri ilə tanış olub?

– Əlbəttə. Böyük oğlum qardaşlarını çox sevir. Arda eynilə onun uşaqlığıdır. Əkizlərin ikisini də çox istəyir, amma Ardanı daha çox. Sanki Arda ilə əkizdilər. Əkizlər heç özlərinə bir o qədər oxşamırlar. Üz cizgiləri, sifət quruluşları, xasiyyətləri də eynidir, ikisi də dəcəldir. Böyük oğlum da uşaqlıqda Arda kimi toppuş idi. Arın isə bir az zəifdir. O, 14 gün küvəcdə qalıb. Çox əziyyət çəkdi. Onun həyatda qalması üçün çox çalışdıq. 14 gün xəstəxanada qaldıq.

Böyük oğlunuz sizi Doğuşa, qardaşlarına qısqanmır?

– Bəlkə də içində qısqanır. Amma Doğuşla çox yaxın dostdurlar. Bu yaxınlarda işlə bağlı Rusiyada idim. Oğlum da Bakıya gəlmişdi. Onda fikir verdim ki, bir-birindən ayrılmırdılar. Hər yerə – bazara, səhər yeməyinə, axşam restorana, şəhərə gəzməyə birlikdə gedirdilər. Oğlum mənə demədiklərini Doğuşa deyir, Doğuş ona böyük qardaş kimidir. Bu baxımdan çox xoşbəxtəm. Mən həmişə qorxurdum. Gənc yaşlarımda da ailə qura bilərdim. Gözləməzdim ki, onun yaşı bu qədər böyük olsun. Amma düşünürdüm ki, görəsən, ailə quracağım şəxslə oğlum necə münasibət quracaq? Hərdən deyirəm ki, peşmanam, gərək zamanında ailə qurardım. İndi 42 yaşında iki uşaq böyüt (gülür). Heç olmasa, 30 yaşında ilə qura bilərdim. Lakin hər zaman oğlumu düşünürdüm. Deyirdim,  qoy, bir az böyüsün.

Yəqin ki, bu illər ərzində evlilik təklif edən olmuşdu.

– Əlbəttə. Boşandığım ildən evlilik təklifləri almışam. Onların içərisində diplomat da, iş adamı da var idi, bütün sahələrdən olan insanlar mənə evlilik təklif edib. Amma oğluma görə ailə qurmurdum. Hər zaman deyirdim ki, yox, mən onu böyüdəcəm, ona kimsə nəsə deyə, qışqıra bilməz. Hər zaman böyük ailəm, çoxlu uşaqlarım olmasını istəmişəm. İkinci dəfə ailə quranda da ana olmaq istəyəcəkdim. Bu halda isə istər-istəməz uşaqlar, atalıq onun qəlbinə dəyə bilərdi. Bunları düşündüyüm üçün evlilik təkliflərinə “yox” deyirdim. Valideynlərim mənim ailə qurmağımı çox istəyirdilər. Tək qalmağıma razı deyildilər. Yaxşı ki, onları eşitdim, indi tək deyiləm.

Xüsusən də ilk ailəsi uğursuz olan xanımlar ikinci dəfə ailə qurmağa risk etmir, yüz ölçüb bir biçirlər. Siz ən çox hansı qınaqdan qorxdunuz, sizi narahat edən məqamlar var idimi?

– Heç bir şey düşünmədim. Çünki Doğuşu çox sevirdim, ailəmin, uşaqlarımın olmasını istəyirdim. O, bütün çətinlikləri yaşayıb, yaşının, həyatının çətin dönəmlərini keçib, səhv etməyəcək bir yaşda idi. Ona görə də ailə qurmağa razılıq verdim. Sevgi olanda insan düşünmür. Bəlkə də bu, yanlışdır. Düzdür, qorxduğum bir məsələ var idi – reklam üçün ailə qurduqlarımı düşünərlər. Lakin mən heç vaxt ailəni göstəriş, reklam, ya da başqa nə üçünsə qurmağı düşünməmişəm. Ailə mənim üçün tamam fərqlidir. Ailə qurub 1-2 ildən sonra da boşanmağı heç vaxt düşünməmişəm. Sözün açığı, heç ailə quranda boşanmaqdan qorxmadım. Çünki ailə qurduğum şəxs ailəyə, yuvaya ehtiyacı olan bir insan idi. Bəlkə də Doğuşun yerinə başqa biri olsaydı, yenidən boşanmaq, tək qalmaq, uşağı atasız böyütmək kimi qorxularım ola bilərdi. Mən oğlan uşaqlarının atasız qalmasının əleyhinəyəm. Ana nə qədər böyük sevgi də versə, oğlan uşaqları atasız böyüməməlidir. Qız övladı fərqlidir. Amma oğlan uşaqlarına mütləq ata lazımdır. Onları atasız böyütmək böyük bir faciə ilə üz-üzə qalmaq qədər dəhşətlidir.

– Doğuşda ən çox dəyərləndirdiyiniz xüsusiyyət hansı oldu?

– Mərhəmət və ədalət. Bu iki xüsusiyyəti məni ovsunladı. Düşməni olsa belə, heç vaxt ona ədalətsizlik etməz. Mən hər zaman ədalətsizliklərlə üz-üzə gəlmişəm. Həmişə yaxşılıq edib pislik görmüşəm deyə, o hisslər üçün ac idim. Daim ədalətsizliklərlə üz-üzə qalan bir qadının qarşısında çox ədalətli və mərhəmətli bir insanın olması artıq o qadını ram etmək demək idi. Doğuş o hissləri ilə məni ram etdi.

Doğuş uşaqlara baxmağa kömək edirmi? Əkiz uşaqlara baxmaq asan deyil, kömək olmalıdır.

– Çox. Uşaqlar ağlayanda o da ağlayır. İlk efirimizdə uşaqları da gətirdik. Efirdən çıxandan sonra Arda çox pis oldu. Onlar sakitliyə öyrəşiblər, yüksək səs eşidən kimi ağlayırlar, reaksiya verirlər. Studiyada o qədər işıqlar, səs-küy uşaqların bütün rejimini pozdu. Arda özündən getdi, ağlamağa başladı, sakitləşdirə bilmədik. Ağlamaqdan  gömgöy göyərdi. Xəstəxanaya aparmaq qərarına gəldik. Maşında bir dəqiqə də dayanmadı. Doğuş maşını saxladı, aldı uşağı qucağına, sinəsinə sıxıb dedi uşaq ağlamağını kəsməsə, maşına minə bilməz. Deyirəm, gəl otur maşına, hamı bizə baxır, uşaq ağlayır, həkimə tez çatdırmalıyıq. Deyir, yox və Arda ilə bərabər ağlayır. Uşaq baxdı ki, atası ağlayır, susdu (gülür). Doğuş uşaqlarını çox sevir. O, sevgi görməyib, 18 yaşınadək çətinliklərlə yaşayıb. Ona görə də uşaqlarına hədsiz dərəcədə bağlıdır. Bu gün səhər uşaqların şəklini çəkib yollamışdım. Hər gün səhər özüm durub onlarla oynayanda şəkil, video çəkib ona yollayıram. Mənə yazıb ki, uşaqları görəndə göz yaşlarımı saxlaya bilmirəm. Deyirəm axı niyə? Bunlar oynayır, sən niyə ağılayırsan? Deyir, “onların elə bir vaxtıdır ki, mən onların yanında olmalıyam. Amma işlərimlə əlaqədar ola bilmirəm deyə, özümü qınayıram”.

– “İnstagramda sizi izləyirəm, nə paylaşmağınızdan asılı olmayaraq Doğuşu tag edirsiniz.

– Bu barədə məndən çox soruşurlar. Çünki o, mənim bir parçamdır, mən də onun. O gün də öz-özümə fikirləşdim ki, bir gün Doğuşu tag etməsəm, deyəcəklər ayrıldılar. Biz ailəyik. Hər şeyimiz birdir, ortaqdır deyə, heç düşünmədən onu bütün paylaşımlarımda tag edirəm.

sələn, mən baxanda düşünürəm ki, tag etməklə ona nə işlə məşğul olduğunuzu bildirirsiniz.

– Yox. İlk növbədə biz bir-birimizə inanırıq. Həm də biz hər saniyəmizi bir-birimizlə paylaşırıq. İndi telefonum o biri otaqdadır, əmin olun ki, bir neçə dənə sms yazıb. Çünki ailəsinə düşkün insandır. 4 yaşından 18 yaşınadək ailə nədir bilməyib. İndi isti bir yuvadadır, ailəsi, həyat yoldaşı, uşaqları var. Heç vaxt sənin olmayan nəyəsə sahib olanda ona möhkəm sarılırsan, qorxursan ki, itirərsən, yenidən onsuz qala bilərsən. Bir-birimizdən uzaqda olmaq bizə problem yaratmır. Çünki texnologiya var. Bəzən mən studiyada olanda telefonun kamerasını açıq qoyuram, o da mənə canlı baxır (gülür).

Gərgin iş qrafiki, ana öhdəliyi. Bir qadın olaraq özünüzə vaxt ayıra bilirsinizmi?

– Hər zaman. Səhər saat 6-da oyanıram, 8-dək uşaqlarla oynayıram, 8-də idmana başlayıram. Evdə özüm üçün o şəraiti yaratmışam. Çünki mənim üçün ən çətini idman zalına getməkdir, bu, çox vaxt aparır. Amma evdə vaxt itirmirəm. 2 saata yaxın evdə idman edirəm. Bazar günləri mütləq gözəllik salonuna gedirəm. Hər gün efirdə olduğum üçün də onsuz da saçım, makiyajım yerində olur. Eyni zamanda, özüm də özümə çox qulluq edirəm, özümə qarşı baxımlıyam. Mütləq saç maskaları edirəm. Hamısını da özüm təbii yağlardan, bitkilərdən hazırlayıram. Axşam evə gedirəm, səhər saçımı yuyacamsa, maska edirəm. Əgər səhəri saçlarımı yığacamsa, yumuram ki, fen vurulmasın. Çünki fendən çox istifadə saçları yandırır. Gözümdən yuxu tökülsə də, saçlarıma mütləq qulluq edirəm. Özünə baxmayan qadınları sevmirəm. Görürsən ki, bir qadın özünə baxmır, amma brend, marka geyinir. Bunların heç birini sevmirəm. Mən gündəlik həyatda yalnız idman üslubunda geyinirəm. Heç kim məni dəbdəbəli, brend geyinən görməz. Mənim üçün brend, marka çəkimin yerində olması, özümə qulluğumdur. Yaşımdan gənc görünməyə çalışıram. Bu da kimin üçünsə yox, sırf özüm üçündür. Ruhum gəncdir, fiziki görünüşüm də gənc görünsün deyə idman edirəm, sağlam qidalanıram. Özümə bahalı kremlər də almıram. İlk növbədə mənim o qədər qazancım yoxdur, ikincisi, olsa belə, onlara pul xərcləmərəm.

– Maraqlıdır, hamiləlikdə yığdığınız artıq çəkidən necə azad oldunuz?

– Bir aya 24 kilo arıqladım. Türkiyədə dietoloqa getdim, uşaqların da südü kəsilməsin deyə xüsusi pəhriz təyin etdi. Bir də, ən əsası, idmanla məşğul oldum. Əkizlər əməliyyatla dünyaya gəldikləri üçün idman etmək olmazdı, amma mən elədim, çoxlu su içdim, hər gün piyada yeridim. Təbii ki, qidalanmaya da fikir verdim. Hazırda 6 kilo artıq çəkim qalıb. Bu çəkini bir aydır ata bilmirəm. Dietoloq deyir ki, son 4-5 kilonu vermək çətin olur. Bəzən həftəyə 100-200 qram verə bilərsən. Ona görə narahat olmağa dəyməz. Ümid edirəm ki, bir aya ideal çəkimə qayıdacam.

Xüsusi pəhriziniz varmı? 

– Mənim üçün su və idman çox önəmlidir. Əlimdən hər şeyi alsınlar, su və idmandan başqa. Qidalanmamda şəkər, un yoxdur, çox yağlı, şirniyyat yemirəm. Meyvələrdən alma, ananas, qreypfrut, portağal olsun, bir də göy-göyərti. Bir sözlə, evdə meyvə-tərəvəz, su, limondan başqa yemək olmur (gülür). Çünki Doğuş da pəhrizdə olur, mən də. Biz eyniyik, eyni şeyləri istəyirik, eyni xarakterə malikik, həyat tərzimiz eynidir. O da idman və susuz qalmır, o da mən yediklərimdən yeyir. Mənə qədər də belə olub. Anamın da şəkəri və təzyiqi var deyə, onun üçün da xüsusi yeməklər hazırlanır. Bir dəfə bizə qonaqlar gəldi, anam dedi ki, soyuducunu açmayın, onsuz da orada heç nə yoxdur.

Belə anladım ki, geyimlərə qarşı biganəsiniz. Geyim alış-verişini hardan edirsiniz?

– Son vaxtalar geyimlərimi Doğuş alır. O da idman üslubunu sevir. Bütün ailəmiz üçün t-şörtlər sifariş etdirib, hamısı eynidir – mənim, onun, əkizlərin, böyük oğlumun. Beşimiz də eyni geyinəcəyik (gülür). Mənə ketlər, cinslər almağı çox sevir. Özününkü ilə eyni olan koftalar alır. Xüsusi geyim olanda özüm alıram. Qalan geyimlərimi rəfiqələrim, dost-tanışlarım hədiyyə edir. Türkiyədə geyim butiki olan xanım rəfiqəm var. Geyimlərimin əksəriyyətini o yollayır. İdman üslubunda rahat oluram. Çünki mən rahatlığı, azadlığı sevirəm. Bu, mənim geyimlərimdə də özünü göstərir. Bəzən baxıram ki, bir xanım boğazından qızıl, brilyantlar asıb. Deyirəm, görəsən, onu necə daşıyır? Mən bunu bacarmıram.

Yeri gəlmişkən, Doğuş geyimlərinizə nə dərəcədə müdaxilə edir?

– Mütləq fikrini bildirir. Məsələn, dükana giririk, mən gözəl geyimi görmürəm, o görür. Çox qısa, açıq-saçıq geyinməyimi sevmir. Doğuş çox ağır xarakterli insandır, hədsiz dərəcədə. Mərhəmətlidir, yumşaqdır, görən deyər ki, aman Allahım, pambıq kimi ürəyi var. Amma bir gün burada tərs üzünü göstərdi, bizim əməkdaşlarımız şoka düşdü. Hətta bizimlə ər-arvad işləyir, qadın dedi ki, Doğuşu görəndən sonra ərimi daha çox sevdim (gülür). Doğuş hər zaman deyir ki, qadın sirli, maraqlı olmalıdır. Əri, ailəsi ilə danışığı, geyimi, abır-həyanı, örtünü saxlamalıdır. Bir az qısa geyinən kimi o geyimi mütləq dəyişdirtdirir.

Doğuşun sizə qadağa və məhdudiyyəti varmı? Yəni olar-olmazları nədir?

– Kiminləsə sərt danışmaq, bir də imkansıza kömək etməmək. Bəzən qarşımıza yardım istəyən insan çıxır. Adamın da hər zaman pulu olmur axı verməyə. Sonuncu bir manatım da varsa, əgər onu kömək istəyən adama verməsəm, çox pis olur. Deyir niyə vermədin? Cavab verirəm ki, insan cibindəki son qəpiyini verməz. Deyir yox, verər, yardım istəyənə yardım edəcəksən. Bir də yerini biləcəksən. 3 ildir birlikdəyik, bir-birimizə səsimizi yüksəltməmişik. Kimsə bizim bir-birimizlə yüksək səslə danışdığımızı eşitməyib. Çünki ilk qadağalarından biri də bu idi. Əslində mən heç qışqırmaram da. Bəzən bacım deyir ki, siz heç dalaşmırsınız? Çünki bir həftə bizdə qaldı, gördü ki, biz hər gün səhər oyananda da, ayrılanda da görüşürük, bir-birimizə “can”, “həyatım”, “canım” kimi kəlmələr deyirik. Bizim elə yaşımızdır ki, artıq çılğınlıq keçib. Sanki oturuşmusan, müdrikləşmisən, sakitləşmisən. Düzdür, bəzən kişilər 60 yaşda da çılğın olurlar. Amma Doğuş elə deyil. Çünki onun xarakterinin formalaşmasında keçmişi böyük rol oynayıb.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir