“Aid olmaq” hissi ilə bağlı iki məqaləmizdən sonra, bu dəfə olduqca ağrı-acı dolu bir mövzu haqda söhbət açmaq istəyirəm. Təcrid barəsində, yəni; təklənmə, uzaqlaşdırılma və bir sözlə yad və xor görülmə haqda…
Təcrid, bəzən ilk addımlarını insan dünyaya gəlmədən öncə başlayır. İstənməyən uşaq olmaq. Bu istər valideynlərin hər ikisinin, istərsə də, birinin öz övladını ya cinsiyyətinə görə, ya həqiqətən də övlada sahib olmağı arzulamadığına görə, ya da ki, övladı olmasını istəyərək, amma bir ata-ana kimi onun məsuliyyətini qəbul etmədiyinə görə baş verir. Yaxud boşanmış ailələrdə mentalitet təziqinə, ya da məsuliyyətsizlik nəticəsində valideynlərdən birinin övladını təcrid etməsilə də ola bilir.
Təcrid, bəzən ailədə qardaş-bacılar arasında da görülür. İlk övlad, yaxud sonuncu övladın digərləri tərəfindən təcrid edilməsi daha çox görülür. Əlbəttə, bu bəzən əksinə də olur. Hər bir halda, övladlardan biri, digər qardaş vəbacıları tərəfindən yad görülür.
Təcrid, bəzən məhəllədə uşaqlarlar arasında da görülür. Məktəbdə sinif yoldaşları arasında, iş yerində də ola bilir. Yeni gəlinin ərin ailəsindəki təcrid oyunlarını hələ demirəm…
Təcrid, bəzən bir cəmiyyətdə baş verir. Kənarlaşdırmaq, xor görülmək, “bizdən deyilsən” deyə uzaqlaşdırmaq… Aşağı sosial təbəqən olanlara yuxarıların xor baxması, əzməsi və alçaltması… Çoxluq təşkil edən millətin, dini mənsubiyyətin, ideoloji baxışın, mədəniyyətin və sairin azlıqları təcrid etməsi kimi… Yaxud fiziki fərqliliyə görə yadlaşdırma, kök-arıq, ağ-qara, saqqallı-saqqalsız, bəzək-düzəkli, makiyajsız, ləhcəli-ləhcəsiz və sair.
Təcrid, bəzən bir cəmiyyətdəki bərabər gücə və təziqə malik qüvvələrin bir-birindən yadlaşması və uzaqlaşması ilə də baş verir. Təfriqələr, çəkişmələr…
Nevrologiya sahəsindəki tədqiqatlar göstərir ki, beynin hidonik həzzlər və ya sıxıntılar nəticəsində aktivləşən bölgələri, sosial münasibətlərdə yaşanan ağrı və həzz zamanı aktivləşən bölgələri ilə eynidir. Fiziki təhlükələr beynin amiqdala adlı bölgəsini aktivləşdirir. Yaxşı, bizi təhdid edən vəziyyət fiziki deyil, sosial təhlükədirsə, beyin necə reaksiya verir? Məsələn, dost qrupundan uzaqlaşdırıldıqda, cəmiyyət bizi təklədikdə, ailəmiz bizi yad gördükdə və yaxud sevgilimiz bizi tərk etdikdə beynimizdə nə baş verir? Təcrid olunma eynilə bədənə vurulan fiziki zərbələr kimi ağrıya malikdir. Acı xatirələr daşıyır insan onun sayəsində. Dini, məzhəbi, irqi-milli, fiziki fərqlilik, düşüncə fərqliliyi, bacarıq fərqliliyi, sosial təbəqə fərqi və sair təcridin fitilini atəşləyir.
Araşdırmalar göstərir ki, beyin həm fiziki, həm də sosial təhlükələrə eyni şəkildə cavab verir. Sosial münasibətlərin kəsilməsi və yaxud təcrid olunmaq “emosional yara”ya səbəb olur. Beyində fiziki yaralar yaşandığı kimi, emosional yaralar da yaranır. Kimsə ilə əlaqəmiz təhlükə altında olduqda, beyin həyəcan sistemini işə salır. Bu sistemin işə düşməsi ilə mərkəzi sinir sistemi aktivləşir, orqanizmin müdafiə sistemləri hərəkətə keçir və stressor hipofiz vəzi və simpatik sinir sistemini təhrik edir. Bu, insanların və ya digər canlıların xarici stimulları təhlükə kimi qəbul etdiyi andır. Siqnalizasiya sistemi təhlükə ilə mübarizədə ilk addımdır. Bunun davamı isə fərdin mənsub olduğu və birgə yaşadığı yerə, məsələn ailəyə, sinifə, iş yerinə, cəmiyyətə və sairə yadlaşmasını təmin edir. Çünki həmin yerdə artıq əzilib, təhqir olunub, xoş görülüb, kənarlaşdırırlıb, yadlaşıb. Fərd özdəyərini itirib, öz dəyərin itirilməsi isə depressiyaya səbəbdir. Fərd əzab çəkir, yara-bərə içindədir. Ya təkliyə öyrəşir, ya da ki, həyatı alt-üst olmuş halda yaşayır.
Bundan əlavə o olduğu yerdə baş verənlərə də yadlaşır. Təcrid etmək, kənarlaşdırmaq laqeydlik düşmənçilik gətirir, kin və ədavər gətirir.
Təcrid etmək bir növ mühakimə etməkdir. Etiketləməkdir! Etiketləmək, müəyyən bir vəziyyətin və ya insanların heç vaxt dəyişməyəcəyini düşünərək davamlı olaraq onlara qarşı ümumiləşdirici mənfi istinadlar vermək, onu bir növ damğalamaqdır. Yalnız bəzi mənfi sifətləri nəzərə alaraq başqalarını qiymətləndirməkdir. Maraqlıdır ki, dünyanın müxtəlif yerlərində yaşayan əksər insanlar bu mühakiməni dadıb, amma onlar özləri də bir növ bu mühakiməni başqalarına qarşı edirlər.
Lakin bəzi insanların daxilində təcrid edilməyə qarşı gizli bir kin vardır. Ailədə, dostlar arasında, sevgi münasibətlərində, iş yerində və sair məkanlarda sevgisizliklə sınanmış, diqqət və qayğını əldə edə bilməmiş insanlar kədərli olduqları qədər, daxildə qəzəblidirlər. Coker (Joker) filminin məşhurlaşmasının səbəbi də elə budur. Dünyanın müxtəlif yerlərində özlərini təcrid edilmiş kimi hiss edən insanların daxili kini və ədavəti cokerlə empatiya qurmalarına səbəb olmuşdur. Bu olduqca narahat edici bir ruhi haldır. Kontrolsuz kin və ədavət heç bir şəkildə qəbul edilmir. Yanlışdır… Çünki sizə ediləni siz də başqasına etmək hissi ilə özünüzü sakitləşdirmək istəyə bilərsiniz. Bir halda ki, bu sizi sakitləşdirməyəcəkdir. Əksinə daha aqressiv və dağıdıcı xüsusiyyətlərə sahib edəcəkdir. Kin, ədavət, qisas insanı soyutmur, yırtıcılaşdırır. İnsanı yalnız sevgi sakitlərdirir, əhliləşdirir. İlk növbədə, ilahi eşqini nəzərdə alıb özünə qarşı olan sevgi… Allah insanı kərim, yəni alicənab yaratmışdır. Alicənablıq, sizə haqsızlıq edəni qüdrət əldə etdiyiniz zaman bağışlamaqdır. Özünü sevməkdir, özünü dəyərli bilməkdir, mükriklikdir, səbr, güzəşt, mərhəmətdir. Kiminsə sevgisinə bağılı olmamaq, kiminləsə özünü müqayisə etməmək, öz ayaqları üzərində dayanmaq, ətraf səslərə, daha doğrusu hay-küylərə fikir vermədən irəliləmək və inkişaf etməkdir. Kin, ədavət, münaqişə, müqayisə, kiminsə sataşmalarına, istehzasına və sair kimi amillərə baş qoşmaq insanı yolundan saxlayar, irəliləməyə qoymaz, azdırar, yorar… Allah varsa, qəm yoxdur. Onu xatırla, Onun səni təcrid etməməsini dilə, Onunla birlikdə yaşa, yarat, qur və inkişaf et! Onun eşqilə yaşamaq, yaratmaq, inkişaf etmək daha gözəl olmazmı? Onun böyüklüyünü, alicənablığını, səbrini, əfvini, güzəştini, mərhəmətini, iradəsini özündə yaşatmaqla, ilahiləşmək, Allahın adını daim xatırlayaraq onun eşqini könlündə hiss etmək daha gözəl deyilmi? Necə ki, Qurani-Kərimdə buyurulur: “Kim məni xatırlamaqdan üz çevirsə, şübhəsiz, onu məşəqqətli bir həyat gözləyir.” (Taha, 124)
Elə isə, dəyərini gözlərdə arama, gözlər bəzən yanlış görür. Qiymətini qəlblərdə arama, könüllər də hislərə aldanır. Kinsənin vicdan səsinə buraxma özünü, o da qəflət zülmətində susa bilir. Yaradanın rizasında ölç öz dəyərini, bəndənin tərəzisi səni ucuza satar!
PhD. Əfzələddin Rəhimli
İlahiyyat üzrə fəlsəfə elmlər doktoru,
Peşəkar ailə müşaviri, Həyat koçu