yaddas

Yaddaşımız niyə zəifləyir? – SƏBƏBLƏR

Baxış sayı: 1. 443

Son zamanlar yalnız yaşlılarda deyil, gənclərdə də yaddaş probleminin şahidi oluruq. Yəqin ki, hər kəsin ətrafında “görəsən, nə edəcəkdim”, “filan əşyanı hara qoymuşam” və bu kimi sualları tez-tez özünə verən insanlar var. Digər xəstəliklər kimi bu problemin də yaşı cavanlaşıb deyə bilərik.

Maraqlıdır, buna  səbəb olan amillər nələrdir?

 

Yaddaşsızlıq probleminin əsasında 3 əsas psixoloji səbəb durur

 

Psixoloq Taryel Faziloğlu bildirir ki, bu problem yalnız Azərbaycanda deyil, digər ölkələrdə də aktualdur:

“Əvvəllər yaddaş problemi sadəcə yaşlı insanlarda olurdu. Bu artıq fizioloji prosesdir. Yaşlandıqca beynin müəyyən funksiyalarını zəifləməyə başlayır və yaddaşsızlıq özünü biruzə verir. Bu problemlərin psixoloji tərəflərinin kökündə duran əsas amil insanların gələcəklə bağlı  hədəf planlamasının olmamasıdır.  Amma indiki halda  gənclərin yaddaşsızlıq probleminin əsasında 3 əsas psixoloji səbəb durur.

İlk səbəb gənclərin  plansız yaşamaqlarıdır. İkinci, gələcəyə heç bir güvən və inamları yoxdur. Sonuncu əsas amil isə psixoloji immunitetlərinin zəif olmasıdır.

Yəni  psixoloji əhval-ruhiyyələri tez-tez dəyişir və bu dəyişkənlik onlarda zehni yorğunluq  yaradır. Bunun nəticəsində də yaddaş pozğunluğu özünü biruzə verir”.

 

İnsanlar psixoloji yardım alaraq problemin öhdəsindən gələ bilərlər

Psixoloqun sözlərinə görə yaddaşsızlığa təkan verən digər səbəblərdən biri informasiya bolluğudur:

“İnformasiya zəhərlənməsindən əziyyət çəkən gənclərdə  qeyd etdiyim hər üç psixoloji amil nəticəsində yaddaş pozğunluğu yaranır. Bu, artıq dünyada da aktual bir problemdir. Bununla bağlı inkişaf etmiş ölkələrdə  problemin həlli istiqamətində xidmətlər təyin olunur. İnsanlar mütəmadi olaraq psixoloji dəstək alırlar. Təəssüf ki, son zamanlar bu kimi hallar Azərbaycanda da müşahidə edilir və artmaqdadır. Bu problemi yaşayan insanlar psixoloji yardım alaraq bunun öhdəsindən gələ bilərlər”.

 

“Texnologiya, mənşəyi bilinməyən məhsullar…”

Nevropatoloq Fərhad Əhmədov qeyd edir ki, yaddaş probleminin bir neçə səbəbləri ola bilər:

“Hazırda informasiya bolluğunun olduğu zamanda yaşayırıq. İstər televiziyalar, istər digər media orqanları, eyni zamanda internet vasitəsilə əldə edilən informasiyalar həddindən artıq çoxdur. Bu da sinir sisteminə ağırlıq edir.

Nəticə olaraq gənclərdə də yaddaşsızlıq problemləri müşahidə edilir. Yaddaşın da müəyyən qədər həcmi var. Onu artıqlaması ilə yükləyən zaman istər-istəməz bu cür problemlərlə qarşılaşmaq mümkündür. Məsələn, əvvəllər texnologiya bu qədər inkişaf etməmişdi. Fikir verirsinizsə, həmin zamanlarda  yaddaşla bağlı şikayətlər də az idi.

Digər tərəfdən mənşəyi bəlli olmayan, şübhəli məhsullar da problemin yaranmasına səbəb ola bilər. Yaddaşı gücləndirmək üçün yaxşı, düzgün qidalanma və bol su içmək, ağır pəhriz və uzun müddətli aclıqdan uzaq durmaq, idman etmək, hərəkətlilik, kitab oxumaq, musiqi dinləmək, lazımdır”.

 

F.Əhmədov bütün günü masa arxasında oturmağın da yaddaş zəifliyinə səbəb ola biləcəyini bildirir:

“Eyni zamanda masa arxasında davamlı oturduqda beynə qan getmir və unutqanlıq başlayır. Səhərdən axşama qədər ofisdə oturub çalışan işçilərin onurğasında yaranan sərtlik bir müddət sonra beynə gedən qan axınının azalmasına səbəb olur. Bunun nəticəsində insan hansı işi görəcəyini unudur, söyləyəcəyi fikir yadından çıxır. Belə insanlar adətən yorğun olurlar”. (Modern.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir