Hər mövsümdə paytaxtın bütün geyim mağazalarında yüksək endirimlər göz oxşayır. Amma bu endirimlər təkcə geyim mağazalarına şamil edilmir. Endirimlərin şəbəkəsi genişdir. Həm ətirlərə, həm kosmetik vasitələrə, həm də məişət əşyalarına böyük endirimlər olur. İri, qırmızı şriftlərlə yazılmış endirim kampaniyaları hər bir alıcının diqqətini cəlb edir. Hətta, 50-70 faizədək endirimlər təklif olunur. Hətta, istehlakçıları cəlb etmək üçün “dükan bağlanır” sözləri yazılır, lakin aylarla həmin mağaza bağlanmır. Məqsəd isə hər kəsə bəllidir. Yalançı, “endirimlərlə” mağazaya müştəri cəlb etmək istəyirlər.
Bəs, görəsən, yalandan endirim adı ilə insanları aldatmağın hüquqi məsuliyyəti var? Belələri tərəfindən aldanmamaq üçün nə etməliyik?
Məsələ ilə bağlı danışan marketoloq Nicat Manafov söyləyir ki, son dövrlər sahibkarların istehsalçıları aldatmağa yönəltdiyi reklamlar həm sosial şəbəkələrdə, həm də mağaza vitrinlərində geniş yayılıb:
“Bunun səbəbi isə xarici trend mağazaların ölkədə rahat satış etməsidir. Ona görə də sahibkarlar rəqabətdə dözümlülüyü artırmaq üçün bu üsullara əl atırlar. Bir çox hallarda mağazaların vitrinində 80-90 faizədək böyük məbləğdə endirimlər yazılır. Ancaq içəri daxil olduqda cəmi 1 məhsulda endirim olduğunu görürük. Təbii ki, bu istehlakçının aldadılmasına gətirib çıxarır. Həmçinin, bəzi sahibkarlar mağazanın bağlanmasını şayiə olaraq buraxırlar. Bunun çox böyük hüquqi məsuliyyəti var və həmin şəxslər cərimə oluna bilərlər. Əgər istehlakçılar bu kimi hallarla rastlaşdıqda dövlət orqanına şikayət etsələr, sahibkarları oradan əldə etdiklərindən də böyük məbləğdə cərimələr gözləyir. Bu praktika istehlakçı ilə düzgün kommunikasiya qurmaqda köməklik göstərir. Çünki istehlakçı aldadılarsa, bunu bütün dost-tanışına deyəcək. Nəticədə həmin marka gözdən düşərək imicini itirəcək. Əfsuslar olsun ki, bizim sahibkarlar atdıqları addımların sonrasını fikirləşmirlər. Günü tez bir zamanda qurtamağa çalışırlar. Ona görə də ölkədə bu kimi hallara tez-tez rast gəlinir”.