Sənin canın yanmasın qızcığaz! Yəqin elə hey bunu deyiblər sənə. Evə gələn əmilərin, bibilərin, yolda səni görən insanların dilindən bu söz heç vaxt düşməyib. Yanaqlarını sıxıb, kənardan nazına-qəmzənə tamaşa edib gülümsəyiblər. Elə şirin gülürsən ki, elə günahsızsan ki, sənin yoxluğunu anlayanda adamın lap ürəyi alışır. Yox balaca. O günkü, kimi məsuliyyətsizlikdən alışmır heç yer qorxma, ağrıdan, sızıntıdan alışır.
Çantan nə gözəldi sənin. Nə tez tələsmisən bu yaşda çanta daşımağa? Məktəbi bu qədərmi sevirdin? Oxumağı bu qədərmi arzulayırdın? Kim olmaq istəyirdin böyüyəndə? De mənə, çantandakı arzuların nə qədər idi? De görüm, kimdən öyrənmişdin o şəkildəki kimi sağ əlini çənənin altına qoyub, ədalı-ədalı gülməyi? Mama-papa neçəyə qədər saymağı öyrətmişdi sənə?
***
Bilirsən, bu gün hamı səndən danışır. Hamı səni düşünür, hamı sən mələk olarkən nə çəkdiyini hiss eləmək istəyir. O qara, zəhərli dumanların içində balaca bədəninlə verdiyin savaşda məğlub olmağına etiraz edirlər. Üsyan etmək istəyirlər, ilahiyə. Balaca ciyərinə dolan qara tüstünün sənə necə əzab verdiyini bilmək istəyirlər. Sənə baxıb, evindəki qızının başını qucaqlayıb qəhərə boğulan bibilərin, əmilərin sayı bilirsənmi nə qədərdir? Bu gecə ağlamayan nə qədər böyükləri ağlatdın bilirsənmi heç?
***
Tək olmadığını bilirik. Ömər də, Ayan da, Ayxan da səninlə birlikdə getdilər. Oynadığınız oyunlar qədər ədalətli olmadı bilirəm. Bu oyun da mamanın “Fərəh, mama qurban gəl yeməyini ye, sonra yenə oynayarsan” deməsi ilə bitməli idi. Bu oyun da papanın qapını açıb evə girəndə sevincək qırağa tulladığın oyuncaq qızcığazın bir küncə düşməsi ilə bitməli idi. Amma onların da səsi çıxmadı. Qışqırammadılar evi bürüyən qara tüstünün əlindən, boğuldular…
Ömər də, Ayan da, Ayxan da sən də bu alovların hələ təzə yola saldığımız Novruzdakı tonqala bənzətdiniz. Oradakı kimi şənlik olduğunu düşündünüz. Oyun olduğunu düşündünüz. Papa-mamanın sizi qucağına alıb üç dəfə ocağın başında fırladacağını zənn etdiniz. Amma onların da gücü çatmadı bu oyunda…
Yandı canınız bilirik. Sizin canınız yanmasın deyən böyüklər bu dəfə yanaqlarınızı sıxmadılar. Bu dəfə sözlərində durmadılar böyüklər. Canınızı yandırdılar. Hər tərəfi bürüyən qara tüstünün içində ciyərlərinizi boğdular.
***
Bu gün hamı sizdən danışır. Bu gün hamı sizi düşünür, hamı sizə nağıl danışmaq üçün sıraya düzülmək istəyir. Ölümünüzə səbəb olan əmilərdən cavab gözləyir hamı. Günahkarların tutulmasını, onların cəzalandırılmasına inanırıq. Olacaq. Sizi qara tüstüyə boğan, oyuncaqlarınızı kül edən, bir çanta dolusu arzularınızı, gələcək sevgilərinizi, göz yaşlarınızı, sevgi ilə dolu anlarınızı, ata-ana olmaq arzunuzu, böyük adamlar olmaq istəyinizi əlinizdən alan həmin günahkar cəzalandırılacaq.
Qəlbimizi dağlayan o gözəl gülüşünüzün sönməməsi üçün o adamların cəzalandırılmasını gözləyəcəyik! Sizə – məzarınız başında “canınız yanmasın” deyə bilmək üçün gözləyəcəyik. Bu dəfə yanaqlarınızı sıxmadan, kənardan naz-qəmzənizə tamaşa etmədən gözləyəcəyik!
Əfsəllədin Ağalarov
azxeber.com