toy

“Yanğından mal qaçırırmış kimi öz övladlarını ərə verib evləndirməsinlər”

Baxış sayı: 510

Nə qədər acınacaqlı olsa da, erkən nikah problemi bu gün də Azərbaycanda əhəmiyyətli problemlərdən hesab edilir. Gənclərin erkən yaşlarda ailə qurması, sonradan onların ailə həyatında böyük problemlərə yol aça bilir. Təhsilsizlik, iqtisadi asılılıq və s. bu kimi hallar erkən yaşda ailə quran qadınların gələcəkdə zorakılığa məruz qalması ilə nəticələnir. Bunun qarşısını almaq isə, birbaşa valideynlərin məsuliyyətindədir.

Bir çox valideynlər qız övladını ailəyə artıq yük kimi hesab edirlər. “Qız yükü duz yükü” deyib, qızı erkən yaşlarında ailə həyatı qurmağa məcbur edirlər. Bu təkcə Azərbaycanda deyil, bir çox müsəlman ölkələrinin qlobal problemlərindəndir. Və bu ölkələr mövcud problemin qarşısını almağa cəhd etmirlər. Eləcə də Azərbaycanda…

Hazırda Cinayət Məcəlləsinin 152-ci maddəsində; “yetkinlik yaşına çatmış tərəfindən aşkar surətdə on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli başqa hərəkətlər etmə” ifadəsi öz əksini tapıb. Bu əmələ görə şəxs, üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Psixoloq Zeynəb Eyyubova bildirir ki, erkən nikah problemi təkcə Azərbaycanda deyil, bütün ölkələrdə var. Onun sözlərinə görə, erkən nikahdan danışarkən iki istiqaməti nəzərə almaq lazımdır. Çünki erkən nikahlar yalnız valideynlərin təkidi ilə deyil, bəzən qızların erkən yaşlarında “sevərək evlənmək” addımı ilə də reallaşır.

Zeynəb Eyyubova

“Qızlar və oğlanlar nə zaman evliliyə hazır olur? Bunun üçün yaş mütləq 18 olmalıdır deyə bir qanun yoxdur. Hər insanın öz şəxsi fikri, şəxsi təvəkkürü var. Bəzən bir qızın 15 yaşında bildiyini başqa bir qız 25 yaşında bilmir. Və yaxud 30 yaşlı bir kişinin bildiyini 20 yaşlı gənc ondan daha yaxşı dərk edir. Yəni konkret evlilik yaşı deyilən bir yaş yoxdur. Tövsiyyəmiz odur ki, bacardıqca, oğlanlara da, qızlara da təhsil verilməlidir. Orta təhsil aldıqdan sonra ali təhsil verilməlidir. Minimum 18-22 qədər ailələr öz övladlarına sahib çıxmalıdır. Yanğından mal qaçırırmış kimi öz övladlarını ərə verib evləndirməsinlər” – deyən psixoloq bildirir ki, bəzən oğlanın 18 yaşı olur, işi yox, təhsili yox, universitetə gedir, hələ hərbi xidmətini başa vurmayıb və onu yaşıdı qızla evləndirirlər. Bunlar hamısı sonradan ailədaxili münaqişələrə səbəb olur. Əsl sevmək yaşı yetişəndə isə, qız da, oğlanda sevgisini başqa yerlərdə axtarmağa başlayır. Buna görə də, tövsiyyəmiz odur ki,valideynlər uşaqlarının evliliyi barədə 20 yaşından sonra düşünsünlər.

Daxili İşlər Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev qeyd edir ki, Cinayət Məcəlləsinin 176-1.1-ci maddəsi qadını nikaha daxil olmağa məcbur etməni, 176-1.2-ci hissəsi isə nikah yaşına çatmayan qadını nikaha daxil olmağa məcbur etməni özündə ehtiva edir.

“Cinayət qanunvericiliyinə görə, qadını nikaha daxil olmağa məcbur etmə – iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Digər halda – eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə – üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

 

İlahin Zaman




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir