Bu hekayə “sən düz yolu yeriyə bilmirsən, ərə necə baxacaqsan?” cümləsinə inad, həyat yoldaşının da, qayınanasının da sevgisini qazanan qadın və onu həyata hazırlayan, xoşbəxt xanım etməyi bacaran kişi haqqındadır. Onlar fiziki məhdudiyyətlidir. Amma bu, onların nə xoşbəxtliyinə əngəldir, nə də ailə qurmalarına…
“Ailə” rubrikamızın qonaqları Babək Əmirov və Lamiyə Əmirovadır. Cütlüyümüzlə hazırda benefisiarları olduğu DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində görüşdük.
“Onu Antalyada sevdim”
Babək Lənkəranda, Lamiyə Şirvanda dünyaya gəlib. Hər ikisi Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin kurslarında iştirak edib, istedadlarını üzə çıxarıblar. Elə tanışlıqları da burada öyrəndikləri peşələr sayəsində olub. Belə ki, Babəklə Lamiyə Türkiyədə təşkil olunan tədbirlərin birinə dəvət olunublar. Babək deyir ki, 15 günlük Antalya səfəri onun həyatını dəyişib: “Mən aktyor kimi dəvət olundum, Lamiyə də qiraətçi idi. Lamiyə ilə eyni mərkəzdə olsaq da, orada bir-birimizi görməmişdik. Onu Antalyada gördüm, sevdim. İlk etirafımı da orada etdim”.
“Bizimki alınmaz, məndən uzaq dur”
Lamiyə isə Babəkin sevgi etirafına “yox” deyib: “Babək özü mənə deməyə risk etmirdi. Oradakı qızlardan söz göndərmişdi ki, “Lamiyəyə deyin, mən onu hər şeydən qısqanıram, hərəkətlərinə diqqət etsin”. Mən də əsəbiləşdim ki, o kimdir ki, göstəriş verir. Acıqla Babəkə yaxınlaşdım və dedim ki, “bizimki alınmaz, məndən uzaq dur”.
Qızların əksəriyyəti ilk təklifə “yox” deyir
“Yox” cavabı Babəki yolundan döndərməyib. Lamiyəyə sevgisini sübut etməsi və “hə” alması 1 il çəkib: “Düşündüm ki, ilk dəfədən “yox” deməsi normaldır. Qızların əksəriyyəti ilk təklifə “yox” deyir. Mən şansımı yenidən sınamalı idim. Sonra dost kimi “salam”, “sağ ol” edirdik, Lamiyə bizi dost bilsə də, planım başqa idi”.
“Gördüm ki, gəldiyim yollar, hər yer gül-çiçəkdir”
Növbəti addım isə Lamiyədən gəlib: “Bir gün dedim ki, “Babək, yadına gəlir, o vaxt məni sevirdin”. Gülərək davam etdim ki, “yaxşı ki, indi sevmirsən”. Babək isə “nə bilirsən sevmirəm” dedi. Həmin gün konsertlərin birində şeir oxuyacaqdım. Gördüm ki, gəldiyim yollar, hər yer gül-çiçəkdir. Əlində üzüklə mənə evlənmək təklifi etdi. Bu təklifə “yox” deyə bilmədim”.
“Lamiyə sevməkdən, sevilməkdən qorxurdu”
Babək deyir ki, əslində, Lamiyəyə ilk sevgi etirafını edəndə, o, “yox” sözünü özünü məcbur hiss edərək demişdi. O zaman Lamiyə sevməkdən, sevilməkdən qorxurdu: “Lamiyəni çox gözəl tanıyırdım. O, əvvəlcə sözünü deyir, sonra beynində ani olaraq dəyişir və zarafat etdiyini bildirirdi. Əslində, hər biri ciddi idi. Məsələn, Antalyada şam ağacını mənə göstərdi və dedi ki, bax, bu ağac nə qışda, nə də yayda solur, həmişə yaşıl qalır. Mənim sənə istəyim də belə qalacaq. Sonra dediyinə dərhal peşman oldu və zarafat etdiyini bildirdi. O gündən bildim ki, onun da mənə qarşı hissləri var, amma nədənsə qorxur. Bu sözə görə onun üçün mübarizə apardım”.
“Ailə qurmağı özümə yaraşdırmırdım”
Lamiyə Babəkin fikirlərini təsdiqləyir: “Çox pis dövrdən keçirdim. Babəki ilk dəfə görəndə hələ əlil arabasında deyildim, yeriyirdim. O dövrdə skolioza (onurğa əyriliyi) görə yavaş-yavaş yerimə qabiliyyətimi itirirdim. Buna görə heç nəyi özümə yaraşdırmırdım. Nə ailə qurmağı, nə də sevib-sevilməyi. Düşünürdüm ki, heç vaxt alınmaz. Babəki qəsdən özümdən uzaqlaşdırırdım. Çox kompleksə düşürdüm. Deyirdim ki, sevgi mənə görə deyil, məni aldadar, atar, qəlbimi qırar. Qəlbim onsuz da zədəlidir, ikinci zərbəni almağa gücüm yox idi. Sevib bağlanmaqdan çox qorxurdum. Sonra ailəm də narazılıq etdi. Heç kim ailə quracağıma inanmırdı. Amma Babək bütün bu hissləri mənə unutdurdu”.
Babək: Mənim üçün Lamiyənin məhdudiyyəti əngəl deyildi. Heç o barədə düşünmürdüm də. Amma o çətin dövrdən keçirdi. Lamiyə Antalyadan sonra ağırlaşdı, hətta yatağa da düşdü. Məni özündən uzaqlaşdırdığını hiss edirdim.
“Nə vaxtsa bezəcək və deyəcək ki, mən bu qızı qəbul etmirəm”
Lamiyə: Babək çox əminliklə deyirdi ki, mən səni hər şeyinlə – xəstəliyinlə, ağrılarınla, qəbul edirəm. Düşünürdüm ki, onun deməyi ilə deyil ki, nə vaxtsa bezəcək və deyəcək ki, mən bu qızı qəbul etmirəm. Çünki ətrafım məni buna inandırmışdı. Amma o, fikirlərimi dəyişdirməyi bacardı. Çox şükür ki, ona güvənməyim məni yanıltmadı.
“Anam mənə “Allah səni xoşbəxt etsin” dedi…”
Lamiyə tək Babəkdən deyil, ailəsinin də onu qəbul etməyəcəyindən çəkinib. Babək isə valideynlərinin onun fikirlərini dəstəkləyəcəyindən hələ uşaqlıqdan əmin olub: “Anam həmişə mənə “sən kiminlə xoşbəxtsənsə, ona da sənin qədər dəyər verəcəyəm” deyirdi. Hələ uşaq idim, deyirdi ki, sənin fiziki məhdudiyyətli olmağın xoşbəxtliyinə əngəl deyil. Elə insanlar var ki, sağlam ola-ola cəmiyyətə zərərlidir. Əsas düşüncən məhdudiyyətli olmasın. Lamiyə ilə bağlı danışanda da bildirdi ki, “hansı qızı istəsən, məhdudiyyətli olub-olmamasının heç bir fərqi yoxdur, o xanımla xoşbəxt olmağın üçün əlimdən gələni edəcəyəm”. Anam mənə “Allah səni xoşbəxt etsin” dedi və mən də xoşbəxt oldum”.
“Babəkin sevgisi “yara”larımı sağaltdı”
Lamiyə: Babək mənə həyatı öyrətdi. Onu tanıyanda çox yaralı idim. Mən Babək qədər şanslı uşaq deyildim. Yaşım böyüdükcə xəstəliyim də inkişaf edirdi. Yavaş-yavaş məktəbə getmək istəmədim, uşaqlardan uzaqlaşdım, hətta evdən çölə çıxmaq istəmirdim. Anam məni məcbur çölə çıxaranda skoliozumun bilinməməsi üçün yayda qalın, uzun gödəkçə geyinirdim. Hamı mənə baxıb gülürdü. Əslində, gödəkçənin altında gizlənir, cəmiyyətdən qaçırdım. Fiziki baxımdan da çox əzablar çəkmişdim. Babək elə bil ki, bütün ağrılarımı, pis günlərimi əli ilə aldı, atdı. İlk olaraq özümə olan komplekslərimi aradan qaldırdı. Babək olmasa idi, mən indi sizinlə belə danışa bilməzdim. İndi Babəklə ürəyimiz hara istəyir gedirik və mən artıq başımı aşağı salmır, hamının gözünün içinə dik baxıram. Onun sevgisi yaralarımı sağaltdı.
“Al bu 5 manatı cibinə qoy”
Babək: Çalışırdım ki, Lamiyə utanmasın və cəmiyyətdən qaçmasın. Onun hisslərini başa düşürdüm. Mən də fiziki məhdudiyyətliyəm. Amma anam məni hər şeyə hazırlamışdı. Onun sevgisi məni güclü etdi. Anam həmişə deyirdi ki, sən cəmiyyətə addım at ki, onlar da səni öz aralarına alsınlar, sevsinlər. İnsan özünə qapananda əzab çəkir, öz istedadını cəmiyyətə çatdıra bilmir. Ən pisi isə bizdə fiziki məhdudiyyətli görən kimi, “al bu 5 manatı cibinə qoy” deyirlər, dilənçi kimi rəftar edirlər. Onlara dəstək olmaq istəyirsinzisə, hansısa peşəyə yönləndirin, dilənçi yerinə qoymayın.
“Bu gün məni yaralayanlar yoxdur, amma Babək var”
Lamiyə: Məni Babəkdən öncə mənəvi dəstəkləyən yox idi. Heç vaxt unutmuram, Babəklə hələ ailə qurmamışdıq, sevgili idik. Evdə dedim ki, evlənmək istəyirəm. Mənə cavab verildi ki, “sən hələ yolu düz getdin, qaldı ərə getməyin”, yaxud “bir özünə baxa bilsin, sonra ərinə baxar”. Bu sözlər məni məhv etdi. Hər bir insanın xoşbəxt olmaq, ailə qurmaq haqqıdır. Heç kim həyatından sığortalanmayıb. Mən sağlam olanda da qəzaya düşə bilərdim, o deməkdir ki, həyat yoldaşım məni atmalı idi? Mənim üçün əsas bir-birimizi başa düşmək, dərdimizi anlamaqdır. Qarşımdakı insan mənim baxışlarımdan nə hiss etdiyimi anlayır. Kefsiz olan kimi başa düşür və düzəltməyə çalışır. Çox heyf ki, Babəkə qədər yanımda belə dəstəkçim yox idi. İndi şükür edirəm. Babəkin diqqətcilliyini, qayğıkeşliyini, ən çox da mərhəmətini sevirəm. O, mənim üçün bu həyatda hər şeydir. İstər həyat yoldaşı, istər dost, istər sirdaş… Mən bu həyatda bütün istədiklərimi Babəkdə tapmışam. Babəkin mənə etdiyi fədakarlığı görür, mən də onun istədiyi kimi olmağa can atıram. O, mənə 1 verirsə, mən 5 verməyə çalışıram. İki nəfər əl-ələ versə, hər şeyə qalib gələr. Əsas əlini tutacağın insanı düzgün seçməkdir. Bu gün bizə qarşı çıxanlar, məni yaralayanlar yoxdur, amma Babək var.
“Şor-çörəklə də sevinməyi bacarırıq”
Babək: Bu gün təəssüf ki, insanlar arasında təbəqələşmə var. Məsələn, çox pulu olan nadir hallarda kasıbla evlənir, onu xoşbəxt edir, yaxud vəzifə sahibi olan vəzifəlisini alır. Dünya 5 günlükdür. Bu gün varıq, sabah yox. Xoşbəxtliyi pulda, vəzifədə, gözəllikdə görmək lazım deyil. Xoşbəxtlik beyində, ürəkdədir. Qarşımdakını xoşbəxt gördükcə, mən də xoşbəxt oluram. Fiziki məhdudiyyətli dünyaya gəlməyib ki, xoşbəxtlərə baxıb köks ötürsün. İndi ikimiz də xoşbəxtik. Ən əsası, bir-birimizlə razılaşır, şor-çörəklə də sevinməyi bacarırıq.
“Döşəməni mən siləndə, vedrənin suyunu Babək dəyişir”
Cütlüyümüz ev işlərini də müştərək edir.
Lamiyə: Yeməyi mən bişirirəm, amma mənə lazım olan ərzaqları o gətirir. Bir yerdə dayanaraq görə biləcəyim işləri edirəm, Babək gətir-götür işlərinə baxır. Məsələn, döşəməni siləndə, vedrənin suyunu Babək dəyişir. İşlərimizi də əylənərək görürük.
Babək: Anam da bizə çox kömək edir.
Lamiyə: Qayınanam çox gözəl insandır. 4 ildir ki, ana-bala kimiyik. O nə desə, cavabım “baş üstdə”dir. Onun ürəyinə yol tapmışam.
Babək Lamiyənin yeməklərinin dadlı olduğunu deyir: “Ən dadlı “üç bacı” dolması bişirir. Amma əsəbiləşəndə yeməyi duzlu edir. Məsələn, evə gec gələndə yeməyim duzludursa, bilirəm ki, günahım var”.
Böyük məsləhəti
Cütlüyümüz ailədəki söz-söhbətləri böyük məsləhəti ilə həll edir. Lamiyə deyir ki, ilk günlər hər ikisi od olub, problemlərini həll edə bilmirdilər. Amma qayınanası işə əl qoyub və həll yolunu tapıblar: “Bir gün qayınanam mənə dedi ki, “qızım, ailə elədir ki, gərək bir-birinizi yola verəsiniz. O əsəbi olanda sən keç başqa otağa, gözlə sakitləşsin, sonra sözünü de”. Babəkə də eyni sözü dedi ki, Lamiyə əsəbiləşəndə dirəşmə, çıx çölə hava al gəl. Sonra oturun, söhbət edin. İndi qayınanam dediyini edirik. Çox yaxşı üsuldur. Evdə böyüyün olması budur.
Cütlüyümüz sonda vurğuladı ki, istər məhdudiyyətli, istərsə də əngəlsiz – hər kəs xoşbəxtliyə layiqdir. Həyat davam edir, insanlar heç bir çətinlikdən qorxmasınlar. Ən əsası seçim edərkən mərhəmətli, fədakarlığı bacaran insan seçsinlər. Və bu fədakarlıq mütləq qarşılıqlı olmalıdır.
Aygün ƏZİZ