Yaralı var!… Bronejilet kaska geyin, silahı götür, sanitar çantanı götür! Promedol-morfin sol döş cibimdə narıncı apteçkanın içindədi həmişə, yatanda da o cibimdə qalırdı, kitel də əynimdə. İsti olanda, kiteli çıxaranda həmişə gözümün qabağından asırdım. İki şeyi qətiyyən itirmək olmaz: silahı və narkotikləri, necə deyərlər, özünü itirsən, ondan yaxşıdı. Silahı da başımın altına qoyurdum yatanda.
Əsgərlər kömək elədi bronejiletin çıt-çıtlarını bağlamağa. Bununla tərpənmək olmur, yaralıya necə yardım edəcəm mən?! UAZ sanitarkaya minmək də asan olmadı bunlarla və Asəf qaza basdı.
Hara uçduğumuzu bilmirdim…
Mahrızlıya iki gün əvvəl gəlmişdim. Baharlıda bir həftə maşınların yük yerində yatandan sonra hərbi hissənin tərk edilmiş tikililəri sivilizasiya kimi gəldi. Bura ön xəttə daha yaxın idi. Yaxına mərmi daha çox düşürdü. Amma şarait daha yaxşı idi. Geniş bağçası olan, geniş də ərazini tutan, birmərtəbəli tikilinin lap əvvəllər xəstəxana olduğunu dedilər. Uzun illər hərbi hissə olub, bizim ikinci batalyon burda məskunlaşıbmış altı ay əvvəl təzə kazarmalara köçməzdən əvvəl. Zirzəminin birində biz dörd zabit qalırdıq. O biri tərəfində isə bir bölüyün şəxsi heyəti…
Həmin gün hava günəşli idi, əsl yay havası. Elektrik var idi, artezian işləyirdi. İki vedrə su doldurub yüngülvari yuyundum, maykamı da yuyub asdım ağacdan. Dəyişik yox idi, dedim quruyar, geyinərəm. Yaralı xəbəri gələndə onu yaş-yaş geyindim elə… nə vaxt əynimdə quruyub, sonra onqat o qədər də tərləmişəm, xəbərim olmayıb…
Asəf ağdamlıydı. Ağdamın Sarıcalı kəndindən. Həmin kənd də elə cəbhə xəttinə ən yaxın yolun üstündəydi. O yol ki, Əhmədağalıdan cəbhə xəttinə paralel istiqamət alıb, Sarıcalı, Zəngişalı, Mahrızlıdan keçib, Evoğluda yenidən Əfətli istiqamətində geriyə dönürdü. Beləliklə, bu yol və yolun üstündəki bütün kəndlər Ağdamın dağlıq hissəsində məskunlaşmış düşmən mövqelərindən rahatca görülürdü və atəşə tutulurdu.
Mən hara getdiyimizi bilmirdim. Məni nə gözlədiyini də bilmirdim. Yaralı hardadır, nə vəziyyətdədir, onu hardan çıxaracam?…
Kəndlərin içindən çıxıb üzü dağlara doğru açıqlığa çxdıq, bizə mərmi yağdıran dağlara doğru. İrəlidə qazılıb qaldırılmış torpaq sədd – val görünürdü. Bəli, bizimlə düşmən arasında ancaq bu vardı, neytral sahə və onların səngərləri. Ölü bir səssizlik vardı. Valın yuxarısında müşahidə məntəqəsində peyda olan əsgər əliylə aşağını işarə etdi. Valın altında qazma vardı. Deməli, yaralı orda idi.
Blindaja girən kimi yerə uzanmış əsgəri gördüm. 20-li yaşlarda toppuşyanaq uşaq idi. Cansız olduğu bariz idi. “Gecikmişik” fikri gəldi ağlıma. O anda burnuma gələn qoxu ölüm qoxusu kimi həkk olundu beynimə. Torpaq qoxusu ilə bu cansız bədən belə birləşdi hafizəmdə.
“Həkim, içəri gəl, yaralı burdadı” səsi gəldi. Sən demə blindaj ikigözlü imiş, əsas geniş hissə içərdəidəydi. Yaralı yarıhuşsuz yerdə uzanmışdı, hər tərəfində əsgərlər vardı, ürək-dirək verib hay-küy salmışdılar. Topuğundakl kiçik yaradan lal qan axırdı. Pambıqla örtməyə çalışmışdılar. Buda jqut qoyub, yaranı sarıdım. Promedol vurub yaralını xərəyə qoyub çıxardıq, maşına yerləşdirdik. Bu vaxt briqada tibb məntəqəsinin də maşını gəldi. Şəhid olan əsgəri də onlar götürəcək deyə biz geriyə uçduq.
Bronejiletlə kaska ən böyük düşmənim idi. Əsəblə çıxarıb qabağa atdım, özüm arxada yaralının yanındaydım. Yara hələ də qanayırdı. Orta məktəbdən bu yana, tibb universitetinin hardaysa hər fənnində ilk yardım keçsək də, ömründə birinci dəfəydi ki, jqut qoyurdum. Açıb daha bərk sıxdım. Ayağını dizimin üstünə qoyub daha bərk sarıdım. Qan ayağıma axırdı, amma deyəsən durdura bilmişdim.
Postdan Üçoğlana qədər yolu mən sülh dövründə öz şəxsi avtomobilimlə ən tezi 20 dəqiqəyə gedərdim, ya da yarım saata. Asəf 2002 model köhnə sanitarkasıyla 10 dəqiqəyə bizi briqada tibb məntəqəsinə çatdırdı. Burda yaralını təkrar yoxlayıb öz maşınları ilə hospitala apardılar.
Bəxtiyar müddətdən artıq xidmət edən hərbi qulluqçu, yəni MAXE idi. Hal hazırda yaşayır, sağdı.
Amma şəhid olan uşaq fikrimdən çıxmırdı. Bəli, günahsız uşaq. Eləcə cansız uzanmışdı. Onun nə günahı vardı ki?!
Yaralanmış, tərtəmiz alnından, uzanmış, yatıyor,
Bir hilal uğruna, ya rəbb, nə günəşlər batıyor…
Çanaqqala şerindən bu beyt gəldi ağlıma. Bir günəş batdı…
Ölümün o qoxusu, o uşaq, o mənzərə heç vaxt yadımdan çıxmayacaq. Bu travma deyil, bu, dərsdir.
Bu şəkil onda çəkilməyib, bir-iki gün əvvəl çəkilib. Ordakı əsgər-zabitlər enerji içkilərini çox sevirlər. Ağdamda tək-tük açıq dükan qalmışdı. Hər dəfə xəstə aparmağa, benzin doldurmağa çıxanda qayıdan baş nəsə alırdıq yeyib-içib başımızı qatmağa.
Bu da Asəfdir. Kader ortağım. Sən birisi ilə çox fərqli dünyaların insanı ola bilərsən. Amma bir gün bir rüzgar əsər, səni buralara atar, sən onunla sözün əsl mənasında arxa daş olarsan. Gecə 03:00-də döyüşün qızğın vaxtı maşın xarab olanda o, maşının altına uzanıb təmir edərkən, sən əlində silah keşik çəkərsən. Səhər 05:00-də postları dolaşırkən, gecə 01:00-də rabitə əlaqəsi itmiş tankçılardan xəbər almağa gedərkən, onun əli sükandaykən, silahı tutan sən olarsan. Neçə-neçə yaralını daşıyanda, xərəyin bir ucundan tutan o olanda, o birində sən olarsan. “Həkim, çıxarma o ayın-oyunu (kaska-zireh), tıncıxsan da çıxarma, sənin də yolunu gözləyənlər var” deyər dünənə qədər tanımadığı adama Asəf, Döyüş yoldaşım.
Bütün şəhidlərin əziz xatirəsinə.