Bu gün qloballaşan dünyamızda insan amili getdikcə daha mühüm əhəmiyyət kəsb edir. Çünki sürətlə inkişaf edən yeni dünyanın gələcəyi, taleyi həm də böyüməkdə olan nəslin mənəvi-əxlaqi keyfiyyətlərə necə yiyələnməsindən də asılıdır. Dövlətin gücünü, qüdrətini, beynəlxalq birlikdə yerini, nüfuzunu müəyyənləşdirməyə xidmət edən hər şey – elm, təhsil, səhiyyə, mədəniyyət, iqtisadiyyat, hərbi-siyasi potensial və s. üstqurum rolunu oynayaraq bu bazis üzərində inkişaf edir. Fiziki və mənəvi cəhətdən sağlam, mədəni və intellektual səviyyəsi yüksək olan vətəndaşlara malik ölkə isə dünyanın ən zəngin ölkəsi hesab olunur.
Qərb cəmiyyətində yeni nəslin tərbiyəsi problemi ictimai rəyi həmişə düşündürür. Elə ona görə də xaricdə dövlət proqramlarının əksəriyyətini tərbiyə məsələləri təşkil edir. Çünki sosial əxlaq barədə cəmiyyətdə hər zaman nigarançılıq vardır. Bütün bunlar isə birinci növbədə mənəviyyat məsələlərinə gətirib çıxarır. Nə üçün? Ona görə ki, mənəvi dəyərlərin cəmiyyətdə lazımi mövqe qazanması, xalqın sağlam, əxlaqi dəyərlərə istənilən səviyyədə yiyələnməsi üçün xüsusi tarixi dövr, onilliklər tələb olunur. Mənəvi dəyərlər həmişə sabit ənənəyə, qayğıkeş münasibətə, ən başlıcası isə, ictimai rəyin ehtiramına möhtacdır. O, gözdən düşəndə qeybə çəkilir. Mənəviyyatın qıtlığı isə təhlükəlidir, cəmiyyəti geriyə, nizamsız meyillərə doğru istiqamətləndirir. İnsanın mənəviyyatı təkcə ictimai mühitin təsiri ilə formalaşmır. Burada bir çox ilkin amillərlə yanaşı, ailənin rolu da xüsusi vurğulanmalıdır. Tarix də təsdiq edir ki, cəmiyyətlərin və sivilizasiyaların çökmə dövrləri əvvəlcə ailənin böhranı şəklində özünü büruzə verir. Eyni zamanda, bunun əksi də göz qabağındadır: inkişaf etmiş cəmiyyətlərdə ailənin sağlamlığı mənəvi və milli dəyərlərin daşıyıcısı kimi özünü göstərir və həmin cəmiyyət tərəfindən qorunur.
Görkəmli filosof, psixoloq Erix From yazır ki, “uşaq yaxşı ilə pisin fərqini əqillə dərk etməzdən əvvəl hiss edir. Onun subyektiv rəyi həmin şəxsin həyatında önəmli olan adamların müsbət və ya mənfi reaksiyası əsasında formalaşır.” Uşağa ən yaxın olan şübhəsiz ki, onun valideynləridir. Buna görə də ilk dəyərləndirilən meyarlar ailədə formalaşır. Yəni uşaqda əxlaqi dəyərlər onların inandığı, nüfuz sahibi saydığı adamların mühitində öz əksini tapır. Ailə mədəniyyəti bu gün dünyada mövcud olan xalqların sayı qədər rəngarəng, müxtəlif və özünəməxsusdur. Başqa sözlə, hər bir xalq özünün tarixən formalaşmış mental dəyərləri əsasında ailənin modelini yaradır. Bu ortaq dəyərlərlə yanaşı, hər bir ailənin özünün yazılmamış “qanunları”, prinsipləri, özəllikləri mövcuddur. Azərbaycanda ailə institutuna böyük qiymət verilir. Bu, tarixən belə olub: biz öz folklorumuzda – əsatir və nağıllarımızda, dastanlarımızda, ümumiyyətlə, şifahi xalq ədəbiyyatının zəngin janr nümunələrində ailəyə necə önəm verildiyini görürük. Məsələn, milli psixologiyamızın bəzi çalarlarını özündə əks etdirən “Kitabi Dədə-Qorqud” dastanında ailəsini qorumaq istəyən Qazan xanın, oğlu Uruzun böyük igidliklər göstərdiyinin, düşmənlərə qarşı necə mübarizə apardıqlarının əyani şahidi oluruq.
Bu gün bütün Avropada ailə institutu ilə bağlı çox ciddi, çeşidli problemlərə rast gəlinir. Hətta yaxın qonşu dövlət olan Rusiyanın özündə bu problemin nəticəsi kimi doğum hallarının azalması demoqrafik problemlərin kəskinləşməsi ilə müşahidə olunur. Bir neçə il əvvələ qədər Rusiya əhalisinin sayca azalması prosesi müşahidə edilirdi. Qərbdə isə oğlan və qızlar arasında yeniyetməlik yaşlarından nikahdankənar münasibətlərin başlanması, habelə geniş vüsət alan “vətəndaş nikahı”nın az qala “müasirlik simvolu” kimi təqdim edilməsi ailə ənənələrinə ciddi zərbə vurur. Tədqiqatlar göstərir ki, Avropada müşahidə olunan boşanma proseslərinin böyük əksəriyyəti eyni zamanda gender problemləri, qloballaşmanın doğurduğu digər mənfi fəsadlarla bağlıdır.
Hazırda mental keyfiyyətlərini, xalqımızın mənəvi-əxlaqi dəyərlərini yaşadan əksər azərbaycanlı gənc ailənin onun həyatında oynadığı müstəsna rolu düzgün dərk edir. Ötən ilin statistik rəqəmlərinə görə ölkədə təxminən 79 min nikah bağlanmışdır. Birinci nikaha daxil olanların orta yaş həddi kişilər arasında 28, qadınlar arasında isə 24 yaş təşkil etmişdir. 2008-ci il ərzində ölkədə 152 min, təxminən gündə 417 körpə dünyaya gəlmişdir. Onların 53,9 faizi oğlan, 46,1 faizi isə qızlardır.
Ailənin əsas funksiyası nəsli artırmaq, uşaq böyütmək və tərbiyə etməkdir. Ailə tərbiyəsinin məqsədi isə uşaqlarda elə şəxsi keyfiyyətlər formalaşdırmaqdır ki, onlar həyat yolunda rast gəldikləri çətinlikləri və maneələri aradan qaldıra bilsinlər. Yaşadığımız dövrdə ailəni sarsıdan başlıca bəlalardan biri boşanma ilə bağlıdır. Dövlət səviyyəsində görülən tədbirlərə baxmayaraq, bu gün Azərbaycanda müəyyən sosial-psixoloji problemlərin ailə institutunun monolitliyinə xələl gətirdiyini də etiraf etməliyik. Ötən il respublikamızda 8 minə yaxın boşanma halı qeydə alınmışdır.
Boşanma qlobal bir demoqrafik prosesdir. O, hazırda inkişaf etmiş bütün ölkələr üçün xarakterikdir. Bu halın acı nəticələri isə həmin ailələrin uşaqlarına son dərəcə mənfi təsir göstərir. Uşaqlarda əmələ gələn inamsızlıq, qorxu hissi onların başqa adamlarla qarşılıqlı münasibətlərində bilavasitə hiss olunur. Boşanma onların yeniyetməlik yaş dövrünə təsadüf edəndə isə psixoloji baxımdan xüsusilə ağır fəsadlı nəticələr verir. Uşaqların ilk növbədə akademik, yəni təlim göstəricilərinin aşağı düşməsilə yanaşı, həmyaşıdları ilə də münasibətləri pisləşir.
Bu günlərdə ziyalı bir ailənin məclisində iştirak edirdim. Söhbət əsnasında məlum oldu ki, altı il bundan əvvəl həmin ailənin kiçik qızı valideynlərinin razılığı ilə sevdiyi bir gənclə nikaha girmişdi. İlyarım əvvəl isə bu evlilik pozulmuşdu. Maraqlanıb boşanmanın səbəbini soruşdum. Vəzifə sahibi olan qızın atası bildirdi ki, oğlan qazancının çox hissəsini anasına və bacılarına sərf edirmiş (oğlanın atası dünyasını dəyişmişdi). Qız isə yaxşı yaşamaq, bahalı maşınlarda gəzmək, geyinmək, xarici ölkələrdə, əyləncələrdə olmaq, bir sözlə sərbəstlik istəyirdi. Buna isə oğlanın gücü çatmırdı və o, həmin sərbəstliyi həyat yoldaşına vermirdi. “Cavandı, dövr, zəmanə başqadı. Onun bu istəyini təbii sayırdım” – deyə qızın atası çox laqeydcəsinə cavab verdi. Yenə soruşdum: “Bəs boşanmaya mane olmaq üçün nə etdiniz?” “Oğlana seçim etməyə imkan verdik. O, öz ailəsini, yəni anasını və bacılarını üstün tutdu. Bununla da evlilik bitdi” – deyə imkanlı qayınata səbəbini izah etdi. Həmin oğlan indi peşmandı. Ona görə ki, evləndiyi qızın özünü, ailəsini yaxşı tanımayıb, iç dünyalarına bələd olmayıb. O, başa düşüb ki, insanın xöşbəxtliyi təkcə onun mühiti, aurası ilə deyil, həm də öz əqidəsi, həyata baxışı, dünyagörüşü ilə sıx surətdə bağlıdır. Birinin biganə qaldığı hadisə, başqasına sevinc gətirə bilər. Kimisə maraqlandıran, sevindirən, heyrətləndirən digər bir şey isə digərinə adi görünə bilər. Kimsə qazanc, var-dövlət, vəzifə üçün can atırsa, başqası üçün bunlar əksinə, ağır yük olur, narahatlıq gətirir. Bu fərqlər əvvəlcədən necə tərbiyə olunmaqdan, nəfsin daxili strukturundan, ali insani duyğuların nisbətindən asılıdır. Qızın ata-anası bu gün əks tərəfi ittiham edir. Onlar xırda söz-söhbəti böyüdüb elə bir həddə çatdırmışdılar ki, nəticədə gənclərin ailə həyatı dağılmışdı. Hamı unutmuşdu ki, bu ailənin üç yaşında bir oğlan övladı var. Qohum-əqraba, yaxınlar, tanışlar ancaq böyüklərdən danışırdı, uşağı isə fikirləşən yox idi. Bəs onun taleyi necə olacaq? Üstəlik, qızın imkanlı valideynləri atanın uşağı görmək, onunla ünsiyyətdə olmaq imkanlarını da məhdudlaşdırmışdılar. Qayınata fəxrlə deyir ki, keçmiş kürəkənini bununla cəzalandırır. Ancaq heç fərqinə də varmır ki, əslində cəzalandırılan uşaqdır. İlyarımdır ki, ailələr məhkəmələrdədir, ata öz hüququnu tələb edir, övladını görmək istəyir. Məhkəmə belə bir qərar qəbul etmişdi: ata ayda yalnız iki dəfə, cəmi iki saat ərzində ananın iştirakı ilə öz övladını görə bilər. Bəs uşağın ata tərəfindən olan yaxınları onunla necə təmasda ola bilər? Digər tərəfdən ata ruhi xəstə, cinayətkar, pis əməllər sahibi deyilsə, ziyalılığı, çalışqanlığı, işgüzarlığı ilə seçilirsə övladını hər zaman görmək hüququ niyə məhdudlaşdırılmalıdır? Əlbəttə, məhkəmənin çıxardığı qərarın ədalətli olduğunu söyləmək çətindir. Çünki ana kimi atanın da övladı üzərində mənəvi haqqı var. Uşaq bütün hallarda analı-atalı böyüməlidir. Bu gərginlik təbii ki, uşağın psixikasına mənfi təsir göstərir.
Səmimi sevgi və istək, qarşılıqlı hörmət üzərində qurulmayan ailələrdə bir müddət keçəndən sonra anlaşılmazlıqlar, ziddiyyətlər, problemlər qabarıq şəkildə özünü göstərməyə başlayır. Belə ailələrdə gənclərin anlaşması, qarşılıqlı güzəştlərə getməsi çətin olur, çünki onları bir-birinə mənəvi tellər bağlamır. Valideynlərin təsiri ilə tədricən şiddətlənən ailə münaqişələri sonda boşanma haqqında qərarın verilməsi ilə nəticələnir. Bu baxımdan müəyyən mental ənənələrdən qaynaqlanan valideyn təkəbbürünə son qoyulmalıdır.
Psixoloqların fikrincə, istər boşanana qədər, istər boşanma prosesi, istərsə də boşanmadan sonrakı müddət uşağın həyatında onun şəxsiyyətinin formalaşması baxımından xüsusi əhəmiyyətə malik mərhələ kimi xarakterizə olunur. Onlar istər-istəməz bu münaqişənin təkcə müşahidəçisi deyil, həm də əsas iştirakçılarına çevrilirlər. Yerli-yersiz ailə ixtilaflarını görən uşaqlar valideynlərinin bir-birlərinə söylədikləri təhqiramiz sözləri, ağlagəlməz böhtan və şərləri eşitdikcə psixoloji cəhətdən sarsılırlar. Xüsusilə yeniyetməlik dövründə onların həm ana və ataları, həm də özləri haqqında təsəvvürləri dəyişilir, mənəvi əzabların axarında sosial fəallıqları zəifləyir.
Boşanma uşağın inkişafında ən vacib amil olan bütöv, tam ailə qavramına son qoyan və əsasən də onların üzərində ömrü boyu öz təsirini göstərən bir hadisədir. Bu prosesdə uşaqların tərbiyəsi işi çətinləşir. Valideynlərin çoxu övladlarının mənafeyini yaddan çıxarır, onların tərbiyəsi qayğısına qalmırlar. Həmin cəhət onların təlim fəaliyyətində xüsusilə aydın hiss olunur. Uşaqlar ev tapşırıqlarını hazırlamır, dərsdə evin dərdləri ilə yaşayır, fikirli olur, müəllimə qulaq asmır, tez-tez dərs buraxır, dərsdən qaçır, sinif yoldaşları ilə qaynayıb-qarışmır, özləri də hiss etmədən yoldaşlarından, dostlarından ayrı düşürlər. Bu neqativ dəyişikliklər daha ağır problem – məktəbə getməyən oğlan və ya qızın tərbiyəsi problemini meydana çıxarır. Nəticədə küçə qruplarının uşağa təsir miqyası genişlənir. Ailədə mənəvi əlaqələrin və ünsiyyətin pozulduğuna görə uşaq kənarda özünə həmdərd, həmfikir axtarmağa məcbur olur və o, küçə qruplarında, qeyri-normal uşaq mühitində rahatlıq tapır. Özünü müxtəlif yaşlı “dostları” və “yoldaşları” arasında xoşbəxt sanır. Küçə əxlaqı, küçə psixologiyası isə bu uşaqlarda qanunazidd əməllər törətmək, narkomanlığa qurşanmaq vərdişi formalaşdırır. Onların əksəriyyətində psixi pozğunluq, xroniki xəstəliklər müşahidə edilir. Bir sıra hallarda onların qrupdaxili fəaliyyəti antisosial xarakter daşımağa başlayır. Bu isə daha təhlükəli meyillərə aparır.
Faktlar göstərir ki, ayrılığın mütləq və gərəkli olduğu hallarda belə bütün problemlər boşanmaqla bitmir. Boşanan tərəflər iqtisadi, maddi, mənəvi cəhətdən sarsılır, onların cəmiyyətdə tutduqları mövqelərə təsir edir. Bu səbəblə, boşanma sözün əsl mənasında, evlilikdən əvvəlki azadlığa qovuşmaq və ya qurtuluş demək deyil. Böyük problemlər bundan sonra başlayır: uşaqların kiminlə qalması, aliment problemləri, ən mürəkkəb məsələ isə təkrar nikah nəticəsində ailə münasibətləridir. Ögey ana və ya ataya, ögey bacı və qardaşlara qarşı uşaqların davranışı, doğma anasının yeni ərinə, onun övladlarına yanaşması ögeyçilik şəraitində özünü tək hiss edən uşağın mənliyinə və şüuruna ağır təsir göstərir. Digər tərəfdən ananın sıxıntılarından irəli gələn ziddiyyətli davranışlar uşağı narahat edir. Bəzən hər şeydən bezən ananın sərt reaksiyaları onların qəlbini yaralayır. Çox vaxt ana düşdüyü məğlub vəziyyətə görə övladını günahlandırır. Bu davranışlar isə uşağın valideynləri tərəfindən sevilmədiyi hissini yaradır.
Başqa problem ana və atanın övladlarına həddən artıq qayğı və diqqəti ilə bağlıdır. Əksər yarımçıq ailələrdə valideynlər küskünlüyün soyumadığı dövrdə bir-birləri ilə uşaqlarını daha çox sevmə yarışına girirlər, onları əvvəlkindən artıq əzizləyir, bol-bol hədiyyələr alır, nə istəyirlərsə edirlər. Bu münasibət də uşaqların psixologiyasına mənfi təsir göstərir, onlarda ərköyünlük, heç kəsə qulaq asmamaq, harınlıq və b. ziyanlı vərdişlər, hərəkətlər formalaşdırır. Tərəflər unudurlar ki, həmişə ruhi amil birinci olmalıdır, uşaqların əxlaqına, tərbiyəsinə zidd, düşünülməmiş davranışlara yol verilməməlidir. Onlar özləri də bilmədən məqsədyönlü şəkildə mənəviyyata qarşı çıxırlar.
Azərbaycan ailəsi tarixən özünün möhkəmliyi ilə daim seçilmişdir. Respublikamız hazırda dünya miqyasında boşanma əmsalı aşağı olan ölkələrdən biridir. Bu möhkəmlik nə ilə bağlıdır? Psixoloqların apardıqları tədqiqatlara görə, dünyanın müxtəlif regionlarında ailənin təkamülü prosesində “ər-arvad” münasibətləri ön plandadır. Azərbaycan ailəsində isə “valideyn-uşaq” münasibətləri həmişə irəlidə olmuşdur. Düzdür, dərin sosial-mənəvi kökləri olan bu ənənələrin həmişəyaşarlığı Azərbaycan ailəsinin möhkəmliyini əksər hallarda təmin etmişdir. Lakin bəzi ailələrdə bu möhkəmlik yalnız nikah kağızı üzərində, qeyri-səmimi mühitdə öz əksini tapmışdır.
Görkəmli filosof, psixoloq İqor Konun fikrincə, yeniyetmə və gənclərin davranışının hər bir sosial və psixoloji aspekti onların indiki zamanda və keçmişdəki ailə şəraitindən bilavasitə asılıdır. Valideynlərlə uşaqların qarşılıqlı münasibətlərinin xarakteri onların tərbiyəsi üçün həlledici əhəmiyyətə malikdir. Tələbəlik illərində zəngin bir ailənin yeganə qızı ilə rəfiqə idim. Dəfələrlə evlərində olmuşdum, həyat yoldaşını tanıyırdım, qızı ilə görüşmüşdüm. İlk baxışdan ailə xoşbəxt görünürdü. Ana ilə atanın davranışında heç bir gərginlik hiss olunmurdu, əksinə çox mehriban və nəzakətli idilər. Tutqunluq bu evin övladının baxışlarında, üzündə, hərəkətlərində aydın duyulurdu. Nədənsə qorxur, nigarançılıq çəkirdi. Çox illərdən sonra təsadüfən onunla bir tədbirdə görüşdüm və valideynlərini soruşdum. “Yaşayırlar,- dedi – amma mənim uşaqlıq, gənclik illərimi alt-üst etdilər. Həmişə onların bir-birindən ayrılmaq qorxusu ilə yaşamışam, özümü unutmuşam, elə bil ki, bu qayğılar məni vaxtından əvvəl böyütmüşdü. Bu psixoloji durum mənim sağlamlığıma, şəxsi, ictimai həyatda müəyyən mövqe tutmağıma, təhsilimə, hətta ürəyimdəki arzularıma belə maneçilik törədib. Ağlım kəsəndən atamla anam heç vaxt bir yerdə olmayıblar, onların ortaq bir şeyi varsa, o da mənəm. Sağ olsunlar, qayğılarını üstümdən əsirgəməyiblər, mənə görə boşanmayıblar. Amma hərə özü üçün yaşayıb, ağrısını isə mən çəkmişəm. Analı-atalı olsam da həmişə tək qalmışam, daim sıxıntıda olmuşam. Yalançı mehribançılıq, istehzalı atmacalar, saxta gülüşlər, qeyri-səmimi davranışlar içində böyümüşəm. Ona görə də heç kəsə nə inanır, nə də etibar edirəm. Bu qorxu içimdə bu gün də var, övladlarım sarıdan… İndi də onların nigarançılığını çəkirəm”. Bu, zənginlik içində yaşayan insanın uzun illərdən bəri ürəyində saxladığı etiraflar idi. O, ikiləşən insanların əhatəsində yaşamış, iç dünyası olmayan, ancaq xarici aləmin, cəmiyyətin ahənginə uyğunlaşmaq, şəxsi iradəsini bir kənara atıb zamanın tələbləri ilə hərəkət edən, bununla da özlərinə “xoşbəxtlik” yaradan valideynlərinin himayəsində böyümüşdü. Ona görə də heç kəsə etibar etmirdi, təkrar-təkrar aldanılmaqdan qorxurdu. Böyük rus yazıçısı Lev Tolstoy “Hərb və sülh” romanının epiqrafında yazmışdı: “Xoşbəxt insanlar hamısı bir-birinə bənzəyir, bədbəxtlərin isə hərəsi bir cür bədbəxtdir”. Övladlarına yüksək savad, təhsil verməyən, onlara mənəvi cəhətdən arxa, dayaq olmayan, yalnız bütün maddi ehtiyaclarını ödəyən ailələr də, əslində, xoşbəxt sayıla bilməz. Mənəviyyat, halallıq olmayan yerdə ailə də bitir.
Təcrübə göstərir ki, normal mühitdə böyümüş, düzgün tərbiyə, təhsil almış gəncin qurduğu ailə möhkəm olur. Deməli, gənclərin erkən yaşlarından milli ruhda tərbiyə alması, yaxşı oxuması, bilikli, intellektli olması, işləmək, çalışmaq, karyera qurmaq vərdişlərinə yiyələnməsi ailənin monolitliyi baxımından vacib amillərdir. Bizlər – orta və yaşlı nəsil sovet cəmiyyətində yetişərək təhsil almışıq. Fəqət, indi bazar iqtisadiyyatı şəraitində yaşayırıq, kapital münasibətləri cəmiyyətin ümumi ruhuna, inkişaf harmoniyasına hakim kəsilib. Bazar iqtisadiyyatı şəraitində işgüzar insanların qanuni yolla varlanması, yaxşı yaşaması üçün daha geniş imkanlar var. Bacarıqlı, çalışqan adamlar öz potensiallarından istifadə edərək sosial təminatlarını yaxşılaşdırır, bizneslərini qururlar. Fikrimcə, bu cür imkanlı insanlar, iş adamları, səlahiyyət sahibləri öz övladlarının sağlam ruhda böyüməsinin, halal zəhmətə qatlaşmasının, aza qane olmasının qeydinə daha çox qalmalıdırlar. Təəssüflə deyirəm ki, bəzən zəhmət çəkmədən, oxumadan, gəlir əldə etmədən, sadəcə valideyn hesabına yaxşı yaşamaq, bahalı maşın sürmək, zəngin malikanədə yaşamaq istəyən, yüngül həyat tərzinə meyilli olan gənclərə də rast gəlirik. Onlara elə gəlir ki, pulla bütün dəyərləri ala və sata bilərlər.
İndiki şəraitdə belə uşaq və yeniyetmələrin tərbiyəsi kəskin problem kimi qarşıda durduğu üçün onların həlli sahəsindəki ən kiçik səhv belə cəmiyyətə müəyyən zərbələr vurur. Ona görə də əgər biz cəmiyyətimizin gələcəyini düşünürüksə, bunun təməlini ailə qurduğumuz vaxtdan qoymalı və bu münasibətlərə şəxsi məsələmiz kimi deyil, daha ciddi yanaşmalıyıq. Elə valideynlər var ki, onlar öz övladları qarşısında məsuliyyəti dərk etmir, böyüklər arasında yaranmış uçurum uşaqların tərbiyəsinə birbaşa mənfi təsirini göstərir, onları ən əsası valideyn himayəsindən, qayğısından məhrum edir, kobudlaşdırır, çətin uşaqlara çevirir. Bu isə təkcə nikahların pozulması deyil, cəmiyyətin təməlinin sarsılması deməkdir.
Ailə müasir sivilizasiyanın bünövrəsidir. Bugünkü cəmiyyətin formalaşması, onun əsası olan əxlaqi dəyərlərin hamısı ilk dəfə ailədə ərsəyə gəlir, sonra cəmiyyətin ümumi dəyərlərinə çevrilir. Tərbiyənin isə əsas prinsipi reallıqdır. Xalqımız dünyanın ən qədim və ən mədəni xalqlarından biridir. Bizim mənəvi sahədə böyük ənənələrimiz, sağlam milli mentalitetimiz var. İnsan tərbiyəsi sistemini təkmilləşdirərkən biz ilk növbədə bu bazaya, eyni zamanda dünya sivilizasiyasının nailiyyətlərinə əsaslanmalı, bəşəriyyətin tərəqqisinin əsas xətti ilə getməliyik. İlkin məqsəd cəmiyyət üçün faydalı insan böyütməkdir.