xestexana

Yaşam baha, ölüm ucuz: Pulsuz tibbi xidmət üçün hansı xəstəxanalara üz tutmalı?

Baxış sayı: 767

Aprelin 1-dən etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadəyə start verilib. Artıq icbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək dövlət tibb müəssisələrində hazırlıq işləri davam etdirilir.

Əhalinin icbari tibbi sığortadan yararlanmaq üçün tibb müəssisələrinə necə müraciət edəcəyini, ailə həkimini hansı formada seçəcəyini və tibb müəssisələrinin buna hazır olub-olmadığını araşdırıb.

Adil Qeybulla

Professor Adil Qeybulla bildirir ki, icbari tibbi sığortanın tətbiqinə başlanılmazdan öncə vətəndaşlara sığorta polisi (sığorta sənədini) verilməli idi:

“Vətəndaşlar sığorta polisini göstərməklə pulsuz müalicə oluna bilirlər. Çox təəssüf ki, bu sənəd hələ ki, icbari tibbi sığortadan istifadə edəcək əhaliyə verilməyib. Ona görə də əhaliyə icbari tibbi sığortadan istifadə qaydaları izzah olunmalıdır. İcbari tibbi sığortaya cəlb edilən tibb müəssisələrinin siyahısı açıqlanmalıdır. İnsanlar bilməlidir ki, onlar hansı xəstəxanaya necə müraciət edib icbari tibbi sığortadan istifadə edə bilərlər”.

Professor bildirir ki, aprelin 1-dən etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə edəcəyi bildirilsə də, əhalinin bu xidmətləri alması üçün tibb müəssisələrinin tam hazır olub-olmadığı hələ ki, bəlli deyil: “Bu gün paytaxtda elə poliklinikalar var ki, orada müayinə üçün müvafiq avadanlıqlar yoxdur. Yaxud da ailə həkimi institutu tam formalaşmayıb. İri xəstəxanalarda bir və ya iki MRT aparatı var. Onların da hamısı keyfiyyətli deyil. Belə olsa, müayinələr üçün uzun növbələr yarana bilər. Nəticədə insanlar özəl klinikalara müraciət edəcək. Ona görə də düşünürəm ki, bu problemlərin qarşısının alınması üçün özəl klinikalarla da əməkdaşlıq edilməlidir. Əgər icbari tibbi sığortaya cəlb olunan xəstəxanaların sayı xidmətlər zərfindəki tibbi xidmətlərin göstərilməsi üçün yetərli deyilsə, özəl klinikalarla da müqavilə bağlanaraq bu prosesə cəlb oluna bilər. Nəzərə almaq lazımdır ki, Bakı, Sumqayıt və Abşeronda əhali sayı çoxdur”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən isə bildirdilər ki, icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı tibb müəssisələrində təkmilləşdirilmə işləri aparılır:

“Beynəlxalq qaydalara uyğun olaraq, ambulator-poliklinik xidmətlər poliklinikalarda göstəriləcək. Bu məqsədlə xəstəxanaların stasionar şöbələrində ambulator-poliklinik xidmət göstərən heyətin poliklinikalara köçürülməsi işləri icra olunur. Bu əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəlməsinə gətirib çıxaracaq. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbərliyi altında təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətini artırmaq məqsədilə xəstəxanaların Qəbul şöbələrinin bazasında Təcili Yardım şöbələri yaradılıb, xəstələrin ağırlıq dərəcəsinə uyğun olaraq çeşidlənməsi üçün “triaj” sistemi təşkil olunub.

Tibb müəssisələrində informasiya-kommunikasiya texnologiyaları (İKT) infrastrukturunun qurulması, kompüter avadanlıqları ilə təchizatı və internetə çıxışın təmin olunması üzrə işlər aparılır. İcbari tibbi sığortanın məlumat bazası, habelə müvafiq proqram təminatı yaradılır. Qəbul və qeydiyyat şöbələrinin işçilərinə tibb müəssisələrinin tam idarəedilməsini təmin edəcək proqram təminatından istifadə qaydaları üzrə təlimlər keçirilir. Proqram təminatı xəstəxanalara müraciət edən vətəndaşların onlayn qeydiyyatının aparılmasına, pasiyentin müraciət etdiyi şöbələr, ona xidmət göstərən həkimlər, təyin olunan müayinə və müalicə (ambulator və stasionar) haqqında məlumatların sistemə daxil edilməsinə imkan yaradır. Habelə, vətəndaşların diaqnozları və laborator analizlərinin nəticələri haqda məlumatları rahatlıqla əldə etmələrinə xidmət edir”.

Agentlikdən bildirilir ki, təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, vətəndaşlar səhhətində yaranan narahatlıqla bağlı ilk növbədə ailə həkiminə müraciət etməlidir:

“İlkin səhiyyə müəssisələrinə poliklinika, Ailə Sağlamlıq Mərkəzi və kənd həkim məntəqəsi aiddir. Burada vətəndaşlar ərizə dolduraraq ailə həkimini seçməlidir. Ailə həkimini seçərək vətəndaş tibb müəssisəsinə təhkim olunur. Ailə həkiminin müayinə və müalicəsindən sonra ixtisaslı tibbi yardıma ehtiyac olarsa, ailə həkimi tərəfindən ixtisaslı həkimə göndəriş verilir. Göndəriş əsasında tibb müəssisəsinə müraciət edən vətəndaş icbari tibbi sığortanın Xidmətlər Zərfindən yararlana bilir”.

Agentlikdən o da bildirildi ki, vətəndaşlara Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində, həmin tibb müəssisələrində xidmətin göstərilməsi mümkün olmadıqda isə müqaviləli tibb müəssisələrində göndəriş əsasında göstərilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir