Azərbaycanda qohum evliliyi qadağan edilir. Qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu kimi qan qohumluğu olan şəxslərin nikah bağlaması artıq qanunla qadağan edilir. Bu qadağanın gətirilməsinə zərurət kimi qan qohumluğu olan insanların evliliklərindən doğan qüsurlu uşaqlardır ki, Azərbaycanda statistika doğulan uşaqların arasında qüsurlu olanların daha çox qohum evliliyi əsasında baş verdiyini göstərir. Yəni, belə deyilir.
Azərbaycanda qohum evliliyi yüz illərdir ki, mövcuddur. Məsələyə daha köklü baxsaq, demək olar ki, 10 milyon əhalinin hamısı bir-biri ilə qohumdur. İndi şikəst doğulan uşaqların necə araşdırılması məlum olmayan statistika ilə qohum evliliklərinə dayandırılması və bu yetmirmiş kimi, həmin məsələni bir də Avropa ölkələri ilə müqayisə edib, inkişaf etmiş ölkələrlə “ayaqlaşmağa” çalışılması gülünc görsənir. Çünki baxıb, ağız suyu axıdılan, hər şeyin “4×4” olduğu düşünülən o ölkələrdə nəinki qohum evliliyi qadağan edilib, hətta əksəriyyətində eynicinsli şəxslərin bir-biri ilə evliliyinə şərait yaradılır, hətta bəzən insan fitrəti ilə uyğunlaşmayan bu iyrənc əməl üçün təşviqat, şirnikləndirici kampaniyalar, xüsusi reklamlar, cizgi filmlər hazırlanır.
Ailə institunun altına “bomba” qoyulduğu bir dövrdə – fuhuşun, pedofilliyin, homoseksuallığın, narkomaniya və tacavüzün od çəmbəri kimi dünyanı ağuşuna alıb, məhvə sürüklədiyi bir zəmanədə qanuni, halal, insan fitrətinə zidd olmayan evliliklərə gərəkli şərait, asanlıq yaradılmaqdansa, onun önü kəsilir, çətinləşdirilir.
Mövzuya “Qan qohumluğu olan insanların evliliyi niyə qadağandır?” prizmasından yox, “İnsanlar niyə qan qohumluğu olanlarla evliliyə üstünlük verirlər?” sualından yanaşaq:
Evlilik nədir? Müqavilə. Müqavilə kimlər arasında bağlanır və daha etibarlı olur? Bir-birinin xarakter və təfəkkürünə bələd olan, gücünün çatdığı və çatmadığı məsələləri bilən, xüsusən də ata-ana, nənə-baba kimi ailə üzvlərinin kimliyini bilən, tanıyan insanlar arasında. Həmin insanlar da qohumlardır. Dövrümüzün reallığında ata-anasını, nəsil-kökünü tanımadığımız, özünə də bələd olmadığımız biri ilə sırf “yaşım keçir, evlənim” təfəkkürü ilə nikaha daxil olduğumuzdan, o evliliyin ömrü 2 ili keçə bilmir.
Azərbaycanda evlilik onsuz da rahat başa gələn bir məsələ deyil. Qərbin çətinləşdirilmiş vizası kimi, evliliyi elə çətinləşdirib, elə şərtlər qoyublar ki, konkret “evlənməyin!” desələr, ondan min dəfə abırlıdır. Bir-birinin şadlığına səmimiyyətlə yox “pul yazdırım, canım qutarsın” məntiqi ilə gedən, bir-birinə qohum kimi yox, “iki borclu” kimi baxan bir cəmiyyətin içində nəfəs almağa çalışırıq. Elə bil, kişi və qadın yox, onların nəsil-nəcabəti bir-biri ilə evlənəcək. Bu gün gənclərimiz evlənə bilmək üçün həm çox ciddi maddi-ənənəvi manelərlə, həm də etibarsız, səmimiyyətsiz mühitlə, insanlarla qarşılaşmalı olurlar. Bu yetmirmiş kimi, bir də qohum evliliyinə qadağa qoyulur. Özü də hansı əsasla? “Uşaqlar qüsurlu doğulur”muş.
Gözəl insanlar, Azərbaycanda uşağın qüsurlu, ölü doğulmasına səbəb, ata-anasının bir-birilə “əmi, xala uşaqları” olması deyil, o doğum evində həkimə gərəkli “hörmət” göstərilməməsinə görədir. “Hörmət” göstərsən, ən yaxşı halda şikəst, göstərməsən, ən pis halda ölü doğulacaq. Yəni bunu durub, insanların generasiyası üzərinə atmağın bir anlamı yoxdur. Çünki:
Bağçaya gedəcəklər – eyni problem.
Məktəbə gedəcəklər – eyni problem.
Universitetə gedəcəklər – eyni problem.
İşə qəbul olmaq istəyəcəklər – eyni problem.
Hətta ölüb, qara torpağa girəcəklər – orda da eyni problem.
Valideynlərdən sonra uşaqların təhsilindən, tərbiyəsindən məsuliyyət daşıyan müəllimlər öz fənlərindən imtahan verib, “2” alıb, kəsilirlərsə, burda şikəst olan uşaqlar deyil, cəmiyyətin özüdür. Məşhur bir icra başçısının 14 il öncə dediyi kimi: “Əhalinin … ilə oynamayın”. İndi görünür, həmin icra başçısının “kəhanəti” özünü doğruldur.
Mətin Şükürlü