Günümüzdə evlilik və sevgi münasibətlərində qadın və kişi arasında olan yaş fərqinə böyük diqqət verilir. “Yaşa deyil, sevgiyə önəm veririk”, “Əsas olan sevgidir”, “Sevdikdən sonra yaş fərqi problem yaratmır”, “Yaşın nə fərqi var ki?” deyib özlərindən yaşca çox kiçik və çox böyük insanlarla münasibətə girənlər kifayət qədərdir. Bəziləri isə yaş fərqini önəmli hesab edir, eşqin bir neçə ildən sonra bitdiyini və insanların yaş fərqinə görə uyğunsuzluq içərisində ailə kimi çox yaşaya bilmədiklərini düşünürlər.
Çox zaman insanlar münasibətə girərəkən fərdlər arasındakı yaş fərqinin bir-birinə yaxın omasına çalışırlar. Belə hesab edilir ki, fərdlər əvvəlcə münasibətə girdikləri zamanı gözlərini sevgi “kor” etdiyi üçün gələcəkdə yaşanıla biləcək problemləri nəzərə almırlar. Lakin zamanla o həyəcan keçdiyi və problemlər özünü göstərdiyi üçün münasibətlər soyumağa başalyır.
29 yaşlı Azərin İbrahimova 10 il əvvəl özündən 16 yaş böyük olan biri ilə ailə həyatı qurub. İlk illər özünü xoşbəxt hiss etsə də, sonradan ailədə problemlər yaranmağa başlayıb. “Mənə deyirdilər “ay qız, şükür elə, qocaya gedən quyruq yeyər”, mən də bu deyimə inanırdım. Yoldaşım uzun illər Rusiyada çalışmış biri idi, yaxşı imkanı var idi. Nə istəsəm, edirdi. Amma 3 il sonra hər şey mənasızlaşdı. Bir oğlumla mən az qala çörəyə möhtac idik. Mən vəziyyəti ailəmə danışdım, onun bizə baxmadığını dedim. Söz-söhbət böyüdü. Məni döyüb “yəqin başqasını tapmısan” dedi”.
Münasibətləri uzun illərdir belə davam edən Azərin deyir ki, həyat yoldaşı onu ayrılmağa da qoymur. “Deyir ki, sən bu evdən kəfənlə çıxacaqsan”.
Müsahibimiz hesab edir ki, gənclər ailə həyatı qurarkən hər şeydən çox yaşa diqqət yetirməlidirlər. Çünki yaşlı insanlar həyatı görüb gəldiyi üçün onlara hər şey adi gəlir və tərəf müqabillərinin düşüncələrini nəzərə almırlar.
Psixoloq İkram Rüstəmovun sözlərinə görə, aralarında yaş fərqi çox olan cütlüklər zaman keçdikcə bir çox problemlər yaşayırlar: “Əgər həyat yoldaşınızdan yaşlısınızsa, ona qarşı səbrsiz ola bilərsiniz. Çünki sizin nə vaxtsa etdiyiniz səhvləri onun təkrar-təkrar etməsi sizə xoş gəlməyəcək. Siz isə bunu müşahidə etdikcə səbirsizləşəcəksiniz. Və bu vəziyyət uzun müddət davam etdiyi üçün aranızda mübahisələr yaranacaq, münasibətləriniz bitmək dərəcəsinə çatacaq. Aranızda yaş fərqi çox olduğu zaman siz ona, ana və ya ata kimi və ya övlad kimi baxa bilərsiniz. Bu da münasibətinizin sonu deməkdir”.
Müsahibimiz bildirir ki, yaş fərqi olan zaman bir müddət sonra cinsi münasibətlərdə problemlər özünü göstərir. Zamanla cinsi münasibətlər zamanı hissiyyatsızlıq, istəksizlik baş qaldırır.
İ.Rüstəmovun dediyinə görə, qadınlar çox zaman özlərindən kiçik şəxslərlə münasibətə girmirlər. Onları nə zamansa tərk ediləcəkləri qorxusu bu addımı atmaqdan saxlayır. Kişilərdə isə bu qorxu olmur, onlar cinsi yetərsizlik yaşamaqdan qorxurlar. Amma buna baxmayaraq, daha gənc xanımlarla münasibətə “yox” deyə bilmirlər.
Mütəxəssislərə görə, qadın və kişi arasında yaş fərqi ən az 5, ən çox 10 yaş olmalıdır. Aralarında 15-20 yaş olan insanlar ayrı dövrlərdə, ayrı mədəniyyətlərdə yaşadıqları, həyat tərzləri fərqli olduğu üçün ailədə övlad doğulduqdan sonra problemlər yaşanılmağa başlanılır. Çünki hər kəs uşağı öz tərbiyəsi ilə böyütməyə çalışır. “Düşüncə fərqləri olur. Məsələn, 70 yaşlı bir kişi ölüm haqqında düşünməyə başladığı halda 55 yaşlı qadın hələ özünü cavan hiss edir. Və ya 50 yaşında bir kişi evində sakit bir həyat arzulayarkən 35 yaşlı qadın əylənmək, gəzmək barədə düşünür”.
Bundan əlavə, qadınından daha yaşlı kişilərdə qısqanclıq hissi daha güclü olur ki, bu da ailəyə zərər verir. Həmsöhbətimizə görə, özündən kiçik bir kişi ilə münasibət yaşayan qadınlar gəncliyində cəmiyyətin qınağını düşünən qadınlar olur. Bu qınaq yaşadıqları münasibətdə də davam edir. Qadının fikirləri qarışır və “görəsən, bir gün məndən ayrılarmı”, “məni həqiqətən sevirmi”, “mənimlə evlənəcəkmi” fikirləri onu rahat buraxmır.
İ.Rütəmov deyir ki, ümumiyyətlə, münasibətlərdə kişinin daha böyük olması məsləhət görülür. “Çünki kişilər daha gec yetişir və qadınlardan 2-3 il gec həyatı başa düşməyə başlayırlar. Yaşlı qadınlarda isə gənc sevgililəri üzərində sahiblənmə hissi daha çox olduğu üçün münasibətlər uzun müddət davam etmir”.
Psixolq hesab edir ki, hər kəs özünəuyğun biri ilə münasibət qurmalıdır. Onun fikrincə, arada 5-10 yaş olması normaldır. “Amma bu 5-10 yaş qadının kişidən kiçik olması anlamına gəlir. Qadınlar, ümumiyyətlə, özlərindən böyük kişilərlə münasibət qurmalıdır”.