doyulmek

Yaşlı kişi, gənc məşuqə və döyülən arvad

Baxış sayı: 1. 675
Bizdə beləsinə “qoca qaz” deyirlər. İllər keçib o hadisədən. Təxminən gecə saat 12 radələri idi. Kişi zərbələri qışqırtı səslərinə qarışmışdı. El dilində desək, ağız deyəni qulaq eşitmirdi. Saniyələr keçdikcə zərbələr daha da sürətlənir, qışqırtı səsləri isə ətrafı bürüyürdü. Zərbələr bizim “qoca qaz”dan gəlirdi. Yerimdən qalxıb məsələnin nə olduğunu aydınlaşdırmaq istəyirdim. Qonşunun divarına yaxınlaşıb yenicə dinləməyə başlamışdım ki, anidən qapı açıldı. Zibilə qalsın, heç qapının açılmaq vaxtı idi? Əslində çox qorxmuşdum. Açılan qapı isə qonşumuzun qapısı idi. Səslərini tam aydın şəkildə eşidə bilirdim. Münaqişənin yaranma səbəbi isə “day-day”ın telefonuna gənc məşuqəsindən gələn sevgi mesajları imiş.
Əllərin qurusun, ay “qoca qaz”! Qapı boş yerə açılmayıbmış. Arvadının saçından bərk-bərk tutmuşdu. Gözlərimin önündə onu sürüyürdü. Gecə vaxtı arvadını küçəyə atıb evinə qayıtdı. Görüm səni  “gedər-gəlməz”ə gedəsən, a gorbagor olmuş! Adam ailəsini sürüyərmi?! Gecə vaxtı küçəyə atarmı?!
qadin
Alt mərtəbədə tək yaşayan 67 yaşlı Səkinə nənə var idi. Səkinə nənə o günahsız qadının imdadına yetişdi.Ay urvatsız, bəlkə heç Səkinə nənə olmayaydı?! Heç düşünmədinmi, qadınının başına nələr gələ bilər?
Həmin o hadisələr baş verən zaman çox balaca idim. Anlamırdım heç nəyi. Eşitdiklərimi, gördüklərimi bir dəftərə yazıb saxlayardım həmişə. Amma bu hadisələr dəftərimə yox, yaddaşıma yazıldı, qardaş! Mürəkkəbli qələmlə yazılıb elə bil. Silinmir ki, silinmir… Dünən gecə saat üç tamam idi. Qışqırtı səslərinə oyandım yuxudan. Bu səslər çox tanış idi, vallah! Yenə qadın qışqırtısı, yenə “kişi zərbələri”…
Nəyə lazım axı? Kimə lazım? İnsan kimi yaşayın e! Ailədəki pərdəni cırıb tökməyin, qurban olum. Ailə dəyişilməyəcək bir varlıqdır. Öhdəsindən gələ bilməyəcəksinizsə, qurmayın ailənizi. Kiminsə balasını bədbəxt etməyin! Övladlarınızın gələcəyini puç etməyin. Övladlarınızın gözünə hər zaman başı aşağı yox, başı dik baxmağa çalışın. Xahiş edirəm sizdən, puç etməyin ailənizi… Axı siz kişisiniz!
Şahin Sərdarlı



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir