Misir alimləri kəşf ediblər ki, trombositlərlə zənginləşdirilmiş qan plazmasının köməyi ilə menopauza (klimaks) keçirmiş qadınlarda uşaq dünyaya gətirmək qabiliyyətini bərpa etmək mümkündür.
Hal hazırda bütün dünyada sonsuzluq böyük sosial və psixoloji problemə çevrilib. Bir çox hallarda sonsuzluğun səbəbi erkən klimaks və yumurtalıqların tükənməsi olur. Bunun nəticəsində qadının yumurtalıqları artıq normal fəaliyyət etmir, onlarda yumurta hüceyrə yetişmir və ovulyasiya baş vermir. Nəticədə qadında sonsuzluq inkişaf edir. Belə dəyişikliklər normada 50 yaşından sonra baş verir. Lakin bəzən hətta 30-40 yaşlı qadınlarda da bu hal baş verir.
Misir Genesis Athens reproduktiv mərkəzinin alimləri klimaksı dayandırmaq və istənilən yaşda olan qadında menstrual dövrü bərpa etmək üçün yeni metodika hazırlayıblar.
Yeni metodikaya əsasən qadının qanı sentrifuqa aparatından keçirilir, təmizlənir, zənginləşdirilir və sonra inyeksiya şəklində qadının yumurtalıqlarına yeridilir.
ScienceAlert xəbər verir ki, eksperimentdə 30 qadın iştirak edib. Onlardan 20-də yeni metodikanın tətbiqi nəticəsində menstrual dövr bərpa olunub.
5 il əvvəl menstruasiyası kəsilmiş qadınların birinin yumurtalıqlarında 3 yumurta hüceyrəsi yetişib. Alimlər bu yumurta hüceyrələri süni mayalanma üçün istifadə ediblər.
Bu yeni kəşf tibdə əsl inqilab edə bilər. Bu kəşfin köməyi ilə qadın istənilən yaşda ana ola biləcək. (Saglamolun.az)