Efsane R

“Yaxşı kişinin qızı boşanmaz!” – NATAMAM

Baxış sayı: 1. 793

Bir gün dedilər ki, bir yaşlı qadın və kişi sizi görmək istəyir. Adətən pasientlərim öncədən xəbər verib gəlirlər. Mən isə bu saatda heç kəsi gözləmirdim. Psixologiya elə bir sahə deyil ki, kimsə durub zəngsiz gəlsin. Özümə də maraqlı gəldi. Dedim ki, otağa dəvət edin, gəlsinlər. Köməkçim olduqca əsəbi olduqlarını işarə edib onları çağırmağa getdi. Mən isə o müddət ərzində öz aylıq planımı yazmağa davam edirdim.

Biz tərəfdə bu ruh halının ifadəsi “başıalovludur.” Otağa başıalovlu bir ailə daxil oldu. Mən əyləşin demədən qadın sözə başladı:

– Qızım boşanmaq istəyir.

– Ümid edirəm ki, onun üçün hər şeyin yaxşısı olar.

– Buna siz səbəb olmusunuz.

– Anlamadım.

(Mən ailənin mənim yanıma qızlarına kömək edim deyə gəldiyini düşünərkən, sən demə, bu ailə mənim pasientimin valideynləri imiş.)

– Mən Ayşənin anasıyam.

– Ayşən? Hə, lap yaxşı. Məmnun oldum. Buyurun, əyləşin. Sizinlə görüşmək istədiyimi Ayşənmi dedi?

– Ayşən boşanmaq istədiyini dedi. Mən də başa düşdüm ki, onun başını siz doldurmusunuz. Çünki pis-yaxşı 4 ildir ki, davam edən bir evliliyi var idi. Mən onu bura siz ona ağıl verin deyə göndərmişdim, yoldan çıxarın deyə yox!

– Psixoloqun nə ağıl vermək, nə də yoldan çıxarmaq kimi missiyası yoxdur.

– Onda işiniz hər nədirsə, onu edin! Boşanmasın bu uşaq! Papağımızı yerə soxmasın! (Atası dilləndi.)

– Anlayıram sizi və aqressiyanızı. Sadəcə siz çox şeydən xəbərsizsiniz deyə belə deyirsiniz.

– Heç bilmək də istəmirəm! Hər ailədə problem olur! Guya sizin ananız və ya siz döyülməmisiniz?

– Xeyr!

– Əşi, ola bilməz! İndi belə demək məcburiyyətindəsiniz sadəcə!

– Gəlin, əyləşin, danışaq. Mən Ayşənə sizinlə danışmaq istədiyimi demişdim. Doğrudur, təəssüf ki, belə tanış olduq, lakin bəlkə danışdıqca uzlaşa bilərik.

– Bax, gözəl qızım, səni anlayıram. İşinin də peşəkarı olduğuna əminəm. Lakin mənim arxada da iki qız balam var. İndi bu boşansa, kimdi mənim qapıma elçi gələn?! Yaxşı kişinin qızı boşanar heç?! (Atası məni ikna etməyə çabalayan səs tonuyla dedi).

– Ayşənin belində 3 yırtıq var.  Doğuşdan sonrakı mübahisədə Fəqan onu itələyərkən radiatora dəyib və hazırda terapiya görür. Qızınız o evdə qalsa, həyatına dair heç bir qarantiyası yoxdur. Bu gün əsəbi halda bir mübahisədən belini qıran bəy, sabah da başını kəsəcək. Boşanmış atanın evinə elçi gəlməyən zehniyyətdə insan qızına sahib çıxmamış ataya öz uşağın əmanət edərmi?! Bəs o balacalar yazıq deyilmi?

– Mənim onlara baxacaq nə gücüm, nə imkanım yoxdur. Gedib dilini qısa eləsin, otursun evində.

– Əlbəttə, indi ailə saxlamaq çətindir, evin içində evi yerləşdirmək də olmur. Amma bu müvəqqəti bir çətinlikdir. Allah o uşaqların ruzisini də verəcək, rahatlığını da. Siz bir ata kimi ona sahib çıxsanız, əmin olun ki, Ayşənə bir daha heç kəs əl qaldıra bilməz. Çünki indi Fəqan əmindir ki, Akif dayı nə olsa da Ayşəni gəlib aparmaz. Ona görə də qızınız qızıl teştə qan qusur. Övladınızın həyatı sizin qərarınızdan aslıdır, təəssüf ki. Çünki Ayşən sizi əzərək, sizin başınızın üstündən heç nə etmək istəmir. Ona dəstək olmanız üçün elə hey Allaha yalvarır. İndi qərar sizindir. Övladınızın ailəsinin dağılmağının sizin kişiliyinizlə əlaqəsi yoxdur, Arif dayı. Siz çox alicənab adamsınız. Əminəm ki, Ayşənin ölüsünə yox, dirisinə sahib çıxacaqsınız.

-(Kişi xeyli sakitləşmiş, qadın ağlayırdı.) Sizi başa düşürəm, amma siz də məni başa düşün. Bu cəmiyyətdə boşanmış qızı evində himayə etmək əxlaqsız yuva sahibinə çevrilmək deməkdir. Gedim, görüm neynirəm…

 

Belə…

Bəzən belə də olur. Cəmiyyət “Filankəs üçün susma!” deyə həştəq açır, amma Filankəsin özünün vaxtında səs çıxarmasına icazə vermir. Bəzi evliliklər bitməlidir! Bəzən bu, bəzən başqa səbəbdən. Ailə institutunu qorumaq adına övladlarımızı qurban verməməliyik. Xoşbəxt olmayan, dəyər görməyən, söz haqqı tanınmayan, şiddət görən, ölümə-uçuruma gedən bütün evliliklər bitməlidir. Həm də heç mühakiməsiz! Yaxşı kişinin qızının ər evindən meyidi gəlməz! Yaxşı oğlanın bacısı göz yaşı axıtmaz! Bir də burdan baxın məsələyə. Əlbəttə, indi içinizdən düşünə bilərsiniz ki, keçmişdə heç bu qədər boşanan yox idi, qadınlar dözüb otururdu. İndikilər bir şey olmamış boşanır. Tərəzinin gözünə eyni şəraiti və eyni insanları qoymadığımız müddətcə müqayisə etmək yanlışdır! Gerisi sizin vicdanınıza qalıb. Çünki problemi intihar, boşanmışı isə əxlaqsız edən sizlərsiniz. Ölən sizin qızınız olmadan daşın altına əlinizi qoymaq vaxtı gəlib çatsın, zəhmət olmasa.

 

Psixoloq Əfsanə Rüstəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir