oxucu

Yaxşı oxucu olmağın sirləri

Baxış sayı: 1. 934

“Oxumaq yazmaqdan da ciddi işdir, daha rahat, mədəni, intellektual fəaliyyətdir…” – oxumaq haqqında Xose Luis Borxes bu fikirdə olub. Yazmağa hamının gərəyindən çox meyl etdiyi “mədəni mühit”də olduqca az yer tutan sadiq oxucular üçün bu məsələnin cəlbedici olacağını düşündük. Oxumağın əhəmiyyətindən, oxucu olaraq qala bilmək müdrikliyindən, necə oxumaq və harada oxumaqdan, nəyi və kimi oxumaqdan bəhs edilən yazılara rast gəlirsiniz bəlkə də, amma “yazmağın X qaydaları”, “yazmağa necə başlamalı”, “nədən yazmalı” tipli yazılarla müqayisədə qiraətə həvəsləndirən yazılar olduqca az, hətta təsirsiz qalacaq qədər azdır. Halbuki ədəbiyyatın təsir gücü yazıldıqda yox, oxunduqda ortaya çıxır. Onun uzunömürlülüyünü yazıldığı vərəqlər yox, oxucular təyin edir. Yəni bir sözlə, daha yaxşı ədəbi nümunələrin yaranması üçün ehtiyacımız olan yeganə şüar “Bütün oxucular birləşin!”dir.

Bəzən yazarlar müsahibələrində oxucuları nəzərə almadan, xüsusi oxucu auditoriyası düşünmədən yazdıqlarını dilləndirirlər. Halbuki, saysız-hesabsız ədəbiyyat nəhənginin əsrlər sonra nüfuz qazanması, yazdıqlarına iki-üç dövr sonranın insanları, oxucuları tərəfindən dəyər verilməsi, müəlliflərin layiq olduqları nüfuza çatmaları faktı oxucunun əsərin də, yazarın da, ədəbiyyatın da həyatında necə bir rol oynadığının sübutudur. Bu gün nüfuzlu ədəbi mükafatların uzun siyahısına belə düşməyi bacarmayan yüngül süjetli, marketinq məqsədli əsərlərin bestseller kimi siyahılara düşməsi də elə oxucuların hesabınadır. Oxucuların və qiraətin bu əhəmiyyətli cəhətlərini nəzərə alaraq, bu dəfə “HuffingtonPost”-da yayımlanmış “Qaçaqaç dövründə yavaş qiraət” (“Slow Reading in a Hurried Age”) məqaləsini həm oxucuların, həm də yazarların diqqətinə çatdırmağı lazım bildik. Əslində adını çəkdiyimiz məqalə də yazıçı Devid Mikiksin “Daha yaxşı oxucu olmaq” (“How to Become a Better Reader”) əsərinin təhlili nəticəsində ortaya çıxıb. Gündəmə gəlməyi bacarmayan bu kitabda əslində günün ən çox boşluq olan tərəflərinə diqqət çəkilir. Bir müddət müzakirələri alovlandırsa da, sonradan yazmaq “dəlilər”-i danışaraq oxuyanlarla zaman itirməyin faydasız olduğu qənaətinə gəlib, müzakirələrə fasilə vermişdilər. Bu yazı ilə sizin də mövzu ilə bağlı beyninizdə cavabsız qalan sualların cavab tapacağına ümid edirik.

Zamanınızı Tvitter, Tumbler və Feysbukla, elektron adreslərinizi idarə etməklə və son dəqiqə xəbərlərinə göz atmaqla keçirmək olduqca asandır. Siz öz-özlüyünüzdə burada oxuduqlarınızı da qiraət saya bilərsiniz, amma belə deyil. Tez ya da gec yaxşı bir kitabın vəd etdiyi o əvəzsiz mənəvi zövqün iyi burnunuzun ucunu göynətməyə başlayacaq. İnternet hər dəqiqə bir ünvandan başqa birinə, bir səhifədən tamamilə başqasına keçid almağınızı istəyir, siz də içinizdə qeyri-şüurlu oyanan bu marağı izləyir və heç bir mənəvi qazanc əldə etmədən zaman itirirsiniz. Bu vərdiş ənənəvi qiraət mexanizminin, insana mənəvi yüksəliş və mədəni istirahət vəd edən sistemin qarşısında əngəldir. Dövrün xəstəlik səciyyəsi almış bu neqativ vərdişləri əlinizə kitab alıb, onu yavaş-yavaş tanımağınıza, bir neçə saat ərzində saysız-hesabsız duyğular yaşamanıza, yeni fikirlər, ifadələr mənimsəmənizə, həyatı ədəbiyyatın, sözlərin diliylə anlamağınıza mane olur.

Amma mane və əngəllərə baxmayaraq, internet və sürət əsrində belə hamı daha yaxşı oxucu ola bilər. Daha yaxşı oxumaq, əslində daha yavaş oxumaq deməkdir. İnternet bir səhifədən digərinə aparan yolda sözləri xırda, asan udulan dərmanlar kimi udmağınızı tələb edir. Ancaq yavaş oxumaq zaman və vərdiş tələb edir.

Qiraət zamanı əyləncə duyğusunu qorumağa çalışın. Amma bununla yanaşı oxuduğunuz kitabları dərindən görmək və anlamaq zövqünü, bunun əhəmiyyətini də yadırğamayın. Qiraətin oxuculara təklif etdiyi həzlərə, başqa yerdə qarşılaşa bilməyəcəyiniz unudulmaz insanlar və sözlərə “qapınızı açmaq” üçün hazır olun.

Budur sizə aşağı templə oxumaq vərdişləri formalaşdırmaq üçün kömək edəcək bir neçə qayda: Əgər kitablardan ləzzət alır, amma oxuduqlarınız haqqında daha çox hissinizi bölüşmək ehtiyacı hiss edirsinizsə, onda bu qaydalar əsl sizlikdir. Daha yaxşı və daha diqqətli oxucu olmaq istənilən kitabı vərəqləyəndə nəyi necə edəcəyinizi diktə edən bu qaydalar özünü təcrübələrlə doğruldub.

1.Səbrli olun: Bir kitabı anlamaq, onu mənimsəməyə hazırlanmaq və orada nələrin olub-bitdiyini dərk edə, həzm edə bilmək üçün səbirli olmaq lazımdır. Səbrlə oxumaq əlinizdəki kitabda nəyin aparıcı və mühüm olduğunu görməyinizi, yəni detalları oxumağınızı təmin edər. Nabokov: “Oxuyanda incəlikləri tapsanız, daha çox sevəcəksiniz”.

2.Doğru sualları verin: İstənilən kitabı əlinizə aldığınız andan özünüzü qarışıq bir yerdə ipucu axtaran detektiv kimi aparın. Nələr sizi doğru yola istiqamətləndirəcək? Kitab haqqında cavablanmaq üçün qoyacağınız ən yaxşı sual cavabında bütün kitabın mahiyyətini özündə birləşdirəcək sualdır. Məsələn, “bu kitabın əvvəli ilə sonu arasında necə bir əlaqə var?”, “əsərin qırılma nöqtələri haralardadır?” kimi suallara cavab axtardıqda, əsəri daha dərindən oxumağa fokuslanacaqsınız.

3.Təhkiyənin səsinə diqqət kəsilin: Oxuduğunuz kitabın müəllifi oxucuya necə səslənir? Məsələn, Ceyn Austen olduqca zərif və nəzakətli xitab formalarına üstünlük verir. Amma eyni zamanda hiyləgər və oyunbazdır, bildiyimiz qəliblərlə oynayaraq, əzbərləri, normaları mübahisəyə açıq vəziyyətə gətirir. Obrazlar romana əsasən fərqli səsləri, fərqli düşüncələri, tərzləri göstərmək, dilləndirmək üçün girirlər.

4.Üsluba diqqət edin: Hər yazıçının bədii üslubu digərininkindən fərqlidir. Üslub vasitəsi ilə yazıçı məhrəm duyğularını, xarakterinin ört-basdır etdiyi tərəflərini ortaya qoyur. Labirintvari üslubu olmasaydı, Henri Ceyms tərəddüdlü və xırdaçı Kafkadan daha fərqli bir yazıçı kimi şöhrətlənə bilməzdi.

5.Başlanğıcın və sonun fərqinə varın: Neçəmiz bir kitabı bitirdikdən sonra dönüb başlanğıcına yenidən baxır, göz gəzdiririk? Əslində isə etməliyik. Bir kitabın silüeti sizə nəyin haqqında necə düşündüyünü göstərir, başlanğıc və sonlar isə bu silüetin onurğa sütununu təşkil edir.

6.Xəbərdarlıq işarələrini oxuyun: Xəbərdarlıq işarələri açar sözlər, açar simvollar, sirli cümlə və paraqraflar… Oxumağı bir növ səyahət kimi düşünün: yol üzərində qoyulmuş xəbərdarlıq işarələri daha rahat və diqqətli bir səyahəti təmin edir. Konradın “Qaranlığın Ürəyi” və ya Virciniya Vulfun “Etibarın olümü” kimi əsərləri başdan-sona sirli işarələr üzərində qurulmuşdur.

7.Lüğətdən istifadə edin: Diqqətinizi cəlb edən sözlər üçün, mənasını bilir və ya bildiyinizi düşünürsünüzsə belə, ümumi lüğətdən istifadə edin. Beləliklə, həm qiraət təcrübənizi, həm lüğətlə işləmək bacarığınızı, həm də söz bazanızı əhəmiyyətli dərəcədə zənginləşdirə bilərsiniz.

8.Açar sözləri izləyin: Açar sözlər kitabın ana xəttinin iziniə düşməkdə sizə kömək edirlər. Platonda ədalət, Stendalda sevgi və ehtiras, Robert Frostda biznes açar sözlərdir.

9.Müəllifin əsas düşüncəsini müəyyənləşdirməyə çalışın: Tövsiyələrin ən çətini bu ola bilər. Yazarı düşündürən sualların cavabını tapmaq üçün özünüzü məcbur etmək. Kiminsə sizə “Oxuduğunuz kitab sizə nə demək istəyir?” sualını verdiyini düşünün və verə biləcəyiniz ən maraqlı, ən əhatəli cavabı almağa çalışın.

10.Şübhələnin: Hamımızın başına gəlir – hansı personajdan xoşumuz gəldiyinə, hansını xoşlamadığımıza, kimin yaxşı, kimin pis olduğuna dərhal qərar veririk. Əslində isə bu ən mürəkkəb hissədir: uğurlu yazar sizə sadə gələn cavablarda sizi təəccübləndirə bilməlidir, çünki ilk anda verdiyiniz reaksiyanızdan şübhələnməyinizi və görünənin arxasındakı daha dərin məna dünyasının qapısını açmağınızı istəyir.

11.Bölmələri ayırın: Hələ ilk səhifələrdən etibarən kitabın quruluşunu müəyyən etməyə çalışın. Beyninizdə kitabın bölmələrini göstərən xəritə cızın və hekayənin bir səhifədən digərinə necə keçdiyinə diqqət yetirin

  1. Qeyd götürün: Kitabla bağlı fikirlərinizi sətir aralarına və ya bir dəftərə qeyd etməyiniz sizə kömək edə bilər. Çox az qeyd götürsəniz belə, bu, düşüncələrinizi cəmləşdirib müəllif ilə dialoq qurmağınıza imkan yarada bilər.

13.Fərqli yollar kəşf edin: Nəzərdən keçirib düzəliş etmək sadəcə yazıçılar üçün deyil, oxucular üçün də əsas fəaliyyətlərdən biri olmalıdır. Yazarın kitabı necə fərqli şəkildə bitirə biləcəyini və ya kritik bir anın hadisələrin gedişatını necə dəyişdirəcəyini düşünün. Beləliklə, yazıçı ilə birgə düşünməyi, onu müəyyən tərəflərə nəyin apardığını ayırd edə biləcəksiniz.

14.Başqa bir kitab tapın: Hər kitab oxucuya özünə uyğun bir dünya vəd edir və digər kitablarla dialoq qurdurur. Homerin “İlyada”-sı müharibə qəhrəmanlarını şərəfləndirir; Tolstoyun “Hərb və Sülh”-ü isə daha qaranlıq və şübhəçi bir portret çəkir. Kitab axtararkən hər zaman seçici olun, çünki ədəbiyyat bir mərhələdən sonra sizin həyat standartlarınızı təyin etməyə başlayır.

 

Tərcümə etdi:

Elcan SALMANQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir