Son illər geniş yayılan üz üçün prosedurlardan pillinq, botoks və s. vasitələrdən yay aylarında istifadə etmək sağlamlıq üçün təhlükə yaradırmı?
Ümumiyyətlə, yay aylarında üz dərisini yaxşılaşdırmaq üçün hansı prosedurları həyata keçirmək olar?
Dermatoloq-kosmetoloq Vəfa Məmmədli bildirir ki, yay aylarında bəzi növ pillinqləri etmək mümkün olsa da, məsləhət olmayan pillinqlər də var.
V.Məmmədli qeyd edir ki, bir sıra qaydaları nəzərə almaqla botoks, PRP kimi üsullardan istifadə etmək olar: “Əgər adam qandurulaşdırıcı dərmanlar içirsə, turş meyvələr yeyirsə, bu vasitələrdən istifadə etmək olmaz. Yəni yay aylarında bu prosedurların ciddi mənfi təsirləri yoxdur. Məsələn, yayda botoks üçün ciddi əks-göstəriş yoxdur. Yayda üz dərisində həsasslıq artır. Sifətdə yağlanma artır. Ona görə də prosedurları həyata keçirərkən çalışırıq ki, ağırlaşmalar baş verməsin”.
Dermatoloq bildirib ki, havanın həddən artıq isti olduğu günlərdə prosedurlar ya həyata keçirilmir, ya da pasiyentə tövsiyə olunur ki, prosesdən sonra günəşlənməsin.
Epilyasiya etmək düzgündürmü?
Epilyasiya prosesinə gəlincə isə V.Məmmədli bildirir ki, bu prosedurla bağlı qışda belə pasiyentə məsləhətlər verilir: “Qış aylarında belə epilyasiya oluncaqsa, başqa prosedurlardan keçmək olmaz. Yəni salyari, sauna, hamama getmək məsləhət görülmür.
Çalışırıq ki, yay aylarında epilyasiyanı tövsiyə etməyək. Çünki üzə ləkə düşə bilər, allergiyalar yaranar və s. Qeyd etdiyim kimi yayda üzdə yağlanma da artır. Yağlanma da lazer epilyasiyasına mane olan faktorlardan biridir. Etdirənlər var, amma risklidir”.
Dermotoloq vurğulayır ki, yay fəslində dərinin təravətini qorumaq üçün çox su içmək lazımdır. Bundan başqa günəşdən qoruyan kremlərdən istifadə olunmalıdır: “Başı günəşdən qorumaq üçün baş vasitələrindən istifadə olunmalıdır. Evdə mətbəxdə olan ərzaqlardan istifadə etməklə üzə təravət verən maskalar hazırlamaq olar”.