yay mwktebi

Yay məktəbləri nə qədər təhlükəsizdir?

Baxış sayı: 1. 632

Məktəblərdə dərslər bitdikdən bir neçə gün sonra uşaqlar evdə darıxmağa başlayır. Məhəllədə dostlarla oynamaq, televiziyada verilişləri izləmək də maraqlı olmur. Uşaqlar valideynlərin tətilə gedəcəkləri günü gözləyirlər. Böyüklərin tətili isə bir-iki həftə çəkir və ya heç tətilə getmirlər. Nəticədə 3 ay ərzində uşaqlar evdə faydasız zaman keçirməli olur. Ali məktəb tələbələri üçün də bu vəziyyət o qədər fərqli deyil. Bəziləri iki-üç ay işləyir, az bir hissəsi bahalı yay məktəblərinin irəli sürdüyü fürsətlərdən istifadə edir, çoxu isə sadəcə evdə kompüter arxasında zaman keçirməli olur.

 

Yay məktəblərimiz varmı?

Yay məktəbləri əsasən yay tətili zamanı dünya universitetləri, kolleclər və özəl məktəblər tərəfindən təklif olunur. İki həftədən 12 həftəyə qədər davam edə bilir. Bəzi proqramlarda seçdiyiniz bir mövzu ilə əlaqəli dərslər olur, bəziləri isə dil biliklərinin inkişaf etdirilməsinə yönəldilir. Yay məktəblərinin ziyarət etdiyiniz ölkənin məşhur yerlərini görməyə, digər tələbələrlə dostlaşmağa və ən əsası isə əylənməyə imkan verən standartlardan kənar proqramı var.

Yay məktəblərində təklif olunan kurslar və proqramlar yaş qruplarına görə dəyişir. 10-16 yaş arası olan gənclər üçün təklif olunan proqramlar, adətən universitet kampuslarında təşkil olunur. Proqramda iştirak edən tələbə universitet yataqxanasında qalır, dərslər universitetlərin tərkibində, qidalanma və sosial əyləncələr isə universitet kampusunda həyata keçirilir. Tələbələr 18 yaşını tamamlamadığı üçün bütün proqram, sosial əyləncələr və gəzintilər məktəbin nəzarəti altında olur.

İsveçrənin EF məktəbinin Bakıdakı nümayəndəliyindən Lent.az -a bildirildi ki, EF 1965-ci ildən dünyada bu işlə məşğul olur və Azərbaycanda 2011-ci ildən fəaliyyət göstərir. Qeyd edək ki, məktəbə qeydiyyat iki həftəyə 1500 dollardan başlayır. Həftənin sayı artdıqca qiymətlər də yüksəlir, 10 həftədə qiymət artıq 7300 dollara yüksəlir. Bu məktəb vasitəsilə gənclər dünyanın müxtəlif şəhərlərində dillə bağlı biliklərini artırmaqla yanaşı, dünyagörüşlərini də artırmaq imkanı qazanır.

Qeyd edək ki, xaricdə təşkil olunan yay məktəblərində yaşı 16 və ya daha yuxarı olan iştirakçılar üçün təklif olunan proqramlar isə daha sərbəst seçimlidir. Bu proqramlarda ilboyu istənilən vaxt iştirak etmək mümkündür. Tələbə yaşayış yerini öz istəyinə görə seçir. O, otel, universitet yataqxanası və ya hansısa ailə ilə qala bilər.

Yay məktəblərində iştirak ingilis dili biliklərinin inkişafına da kömək edir. Bu, gənclərin gələcəkdə beynəlxalq universitetlərə qəbul olunma şansını daha da artırır.

Azərbaycanda təşkil olunan yay məktəblərindən valideynlər razı qalmır. Valideyn Nərgiz Quliyeva Lent.az -a bildirib ki, 6-cı sinfi bitirən qızı üçün yay məktəblərini araşdırıb və nəticədən razı qalmayıb: “Ən ucuz yay məktəbi 590 manatdan başlayır. Yay məktəblərinin iki həftəlik, 10 günlük qiymətləri 700-800 manatdır. Razı qalmadığım məqamlardan biri də yay məktəblərinin proqramlarıdır. Şagirdlər həddindən artıq yüklənir. Dil öyrətmə, məntiq dərsləri və s. Düşünürəm ki, uşaqları yay məktəbində orta məktəbdə olduğu kimi, dərslə yüklənmək yerinə, daha çox əyləncə təşkil etmək lazımdır. Onlar həm də faydalı istirahət etməlidirlər”.

 

Ali məktəblərin yay məktəbi

Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova bildirir ki, ali məktəbdə yay məktəbi təşkil olunur: “BDU-da yay məktəbləri kəsiri olan tələbələr üçün təşkil olunur. Onlar yay məktəbində oxuduqdan sonra kəsir qalan fəndən imtahan verirlər. Məktəb fənn kreditinə görə ödənişli olur”.

 

Təhsil eksperti Kamran Əsədov açıqlamasında qeyd edib ki, yay semestri akademik borcların ləğv edilməsi, fənlərin prerekvizitliyi gözlənilməklə humanitar fənlər bölümünə daxil olan və ali təhsil müəssisəsinin müəyyən etdiyi seçmə fənlərin kreditlərinin qazanılması, müvəffəqiyyət qazanılan fəndən qiymətin yüksəldilməsi, ali məktəbin təklif etdiyi ayrı-ayrı fənlər üzrə digər ali təhsil müəssisəsi tələbələrinə müvafiq kreditləri qazanmasına şərait yaratması üçündür: “Yay semestri (nəzəri təlim və imtahanlar) 6 həftə olmalıdır. İmtahan müddəti 1 həftədən artıq olmamaqla, yay semestrinin sonuncu həftəsində təşkil olunmalıdır. Qeyd edim ki, yay semestrində tələbənin götürdüyü fənlərin krediti 9-u aşmamalıdır və yay semestri və imtahanlar növbəti semestrin başlanmasına 2 həftə qalana qədər başa çatdırılır.

Ali təhsil müəssisələrində yay semestri ödənişli əsaslarla həyata keçirilir. Yay semestrində tələbənin fənn üzrə 1 kreditinin ödənişi ali məktəbin bütün ixtisaslar üzrə həmin ilə dövlət sifarişi ilə ayrılmış məbləğin orta qiymətini 60-a (illik kreditin sayına) bölməklə müəyyənləşir. Yay semestrinə müəllimlər könüllü cəlb olunurlar. Bu zaman müəllimin fəaliyyətinin ödəniş məbləği saat hesabı qaydada həyata keçirilir. Bundan əlavə, müəllimlərə fənn üzrə qrupdan əldə olunan vəsaitin 25 faizindən az olmamaq şərti ilə əlavə vəsait verilir”.

Ekspert tələbələrin akademik borclarını aradan qaldırmaq üçün yay məktəbinin böyük əhəmiyyəti olduğunu vurğulayır.

Orta məktəb uşaqları üçün təşkil olunan yay məktəblərinə gəlincə, K.Əsədov qeyd edib ki, yay məktəbləri ölkə daxilində və xaricində təşkil olunur. Onun sözlərinə görə, istər ölkədə, istər xarici ölkələrdə təşkil olunan yay məktəbləri şagirdlər arasında idmanın inkişaf etdirilməsi, xüsusilə də uşaqlar və gənclər arasında idman növlərinə, müəyyən fənlərə, xarici dillərə olan məlumatlılığın və marağın artırılması məqsədilə təşkil edir: “Yay məktəbləri təşkil olunanda bir neçə vacib nüansı nəzərə almaq lazımdır. Birincisi, yaş senzi, yay məktəblərinə cəlb olunanların sağlamlıq və psixoloji vəziyyəti xüsusi nəzarətə alınmalıdır. Xaricdə yay məktəbləri 8-17 yaş arası olan uşaqlar üçün nəzərdə tutulur. Uşaqlar üçün yay tətilinin təşkili, düşərgənin düzgün seçimi bir çox valideynlərin qarşısında çətinlik yaradır. İlk növbədə valideynlər təhlükəsizlik axtarır. Əlbəttə, uşaqların yay tətili proqramı tam təhlükəsiz olmalıdır”.

Ekspert deyir ki, yay tətili proqramı uşaqların sağlamlığına müsbət təsir göstərməlidir. Belə ki, 9 ay ərzində parta arxasında oturan şagird yay tətilini aktiv keçirməlidir: “Yay tətili ərzində uşaqlar yeni biliklər qazanmalıdırlar. Bunlar hamısı xaricdə keçirilən yay tətilinin əvəz olunmaz xüsusiyyətidir. Ümumiyyətlə, Avropada, xüsusilə İsveçrədə ən yüksək təhlükəsizlik sistemi mövcuddur. Yay tətili ərzində hava şəraiti uşaqların müxtəlif sosial fəaliyyətlərlə məşğul olmasına imkan yaradır. Yay düşərgələrinin çoxu ABŞ, Kanada və Böyük Britaniyada yerləşir. Bir qayda olaraq onlar məktəb, kollec və universitetlərin nəzdində fəaliyyət göstərir. ABŞ, Kanada və Böyük Britaniya universitetlərinin çoxunun daxilində tələbə yataqxanaları mövcuddur. Uşaqların xaricdə yay tətilini keçirməsi demək olar ki, ən ideal seçimdir. Hesab edirəm ki, valideynlər övladlarının yay tətilini səmərəli, faydalı və ən əsası maraqlı keçirməsini istəyirlərsə, yay məktəblərinə qatılmalıdırlar”.

Ölkədə yay məktəblərinin təşkili ilə bağlı problem olduğunu deyən ekspert, xüsusilə mərkəzi yerlərdə yay məktəblərinin təşkilinin alınmadığını bildirib: “Bundan başqa, bu sahədə peşəkar kadr çatışmazlığı problemi var. Ölkə daxilində təşkil olunan yay məktəblərində müddət məsələsi düzgün tənzimlənmir. Yay məktəbləri üçün tələb olunan xidmət haqları hədsiz dərəcədə yüksəkdir və hamının istifadə etmə imkanları xaricindədir”.

Mövzu ilə əlaqədar Təhsil Nazirliyindən bildirildi ki, nazirliyin təşkilatçılığı ilə bu ilin iyun-avqust aylarında məktəblilər üçün ekoloji və yaradıcılıq profilli yay istirahət düşərgələrinin təşkili nəzərdə tutulur. Həmin düşərgələrə təhsildə xüsusi nailiyyətlərə malik 8-14 yaşlı məktəblilər dəvət olunacaq: “Təhsil Nazirliyinin təşəbbüsü ilə hər il Bakı şəhərində və regionlarda məktəblilərin yay istirahət düşərgələri təşkil olunur. Düşərgələrdə məktəblilər nəzəri biliklərini praktikada möhkəmləndirməklə yanaşı, müxtəlif interaktiv oyunlarda, səmti müəyyənetmə və bilik yarışlarında, kiçik elmi-tədqiqat işlərində, idman turnirlərində iştirak edirlər”.

 

Düşərgələr təşkil olunur

Nazirlikdən bildirildi ki, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, IDEA İctimai Birliyi, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi tərəfindən ətraf mühit və biomüxtəliflik mövzusunda ekoloji profilli düşərgələr təşkil olunur. 2014-cü ildən etibarən təşkil olunan düşərgələrdə İsmayıllı, Salyan, Neftçala, Goranboy, Samux, Qax, Şəki, Masallı, Cəlilabad, Yardımlı, Lənkəran, Astara, Göygöl, Lerik, İsmayıllı, Qax rayonlarının məktəblərindən 500-dən çox məktəblinin iştirakı təmin edilib. Birgə əməkdaşlıq çərçivəsində ötən ilin yay aylarında Lerik rayonunda “Bəbirləri mühafizə edək”, İsmayıllı rayonunda “Zubrları təbiətimizə qaytaraq”, Qax rayonunda “Ceyranları qoruyaq” adlı ekoloji yay düşərgələrində rayonların müxtəlif kənd məktəblərindən 100-dən artıq məktəbli iştirak edib.

Düşərgə müddətində biomüxtəlifliyin əhəmiyyəti və davamlı istifadəsinə dair seminarlarda, ekoloji tədqiqatlarda, breyn-rinqlərdə və müsabiqələrdə fəal iştirak edən məktəblilər nadir heyvanların həyat tərzi, artırılması və reabilitasiyası üzrə ekoloji biliklər əldə edir, heyvanların yaşayış mühitinin öyrənilməsi və qorunması sahəsində bacarıqlara yiyələnirlər.

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, “EkoSfera” Sosial-Ekoloji Mərkəzi, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetinin birgə əməkdaşlığı ilə hər il məktəblilər üçün Aqrar Universitetin bazasında Gəncə şəhərində aqrar profilli, Bakı Dövlət Universitetinin tədris-təcrübə bazasında Quba rayonunda maarifləndirici ekoloji profilli yay düşərgələri təşkil olunur.

Yaradıcılıq profilli düşərgələrin əsas məqsədi qısamüddətli istirahət, uşaqların bilik və bacarıqlarının artırılması, yaradıcılıq potensialının inkişaf etdirilməsi, ölkəmizin tarixi yerlərinə ekskursiya, ekoturizmin inkişafı, məktəblilərin sağlam fiziki inkişafının təmin edilməsindan ibarətdir.

Düşərgə müddətində uşaqlara milli rəqs, müasir rəqs, bal rəqsi, balet olmaqla yaradıcılığın müxtəlif istiqamətləri üzrə ustad dərsləri keçirilir, rəqs sənətinin incəlikləri öyrədilir, ekskursiyalar təşkil olunur.

 

3 ildə 600 məktəbli

Nazirliyin verdiyi məlumatda bildirildi ki, ümumilikdə 3 il ərzində 600-ə yaxın məktəbli yay düşərgələrinə cəlb olunub: “Ötən ilin avqust ayında Təhsil Nazirliyinin dəstəyi və “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə nazirliyin tabeliyində fəaliyyət göstərən uşaq gənclər idman-şahmat məktəblərinin yüksək nəticə göstərmiş idmançıları üçün mərkəzin “Zuğulba” Tədris İdman Bazasında idman-sağlamlıq düşərgəsi təşkil edilib.

Düşərgədə əvvəlcədən tərtib edilmiş gündəlik proqram əsasında iştirakçıların qidalanması və fəal istirahətləri təmin olunub.

Müxtəlif idman növləri üzrə məşqçi-müəllim, təlimçi və həkimlərin iştirak etdiyi düşərgəyə ümumilikdə 160 idmançı cəlb olunub. Hər il Mingəçevir şəhər uşaq-gənclər idman-şahmat məktəbinin ərazisində avarçəkmə yay düşərgəsi təşkil olunur”.

Nazirlikdən bildirildi ki, hazırda yay düşərgələrinə daha çox sayda məktəblinin cəlb edilməsi məqsədilə Nazirliyin tabeliyində yeni bazaların yaradılması və istifadəyə verilməsi imkanları araşdırılır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir