Hər bir fəslin özünə məxsus qidalanma rejimi var. Məsələn, bildiyimiz kimi, qış və payız mövsümlərində daha çox xəmir, ət, isti, qızardılmış yeməklərdən istifadə etməyə çalışırıq. Bəs yayda necə, qida rasionumuz necə olmalıdır?
Mütəxəssislər qeyd edir ki, yay mövsümündə ilk növbədə çoxlu su qəbul olunmalıdır. Çünki havaların isti keçməsi ilə insan orqanizmində tərlə birlikdə soda, kalium və digər minerallar xaric olunur. Nəticədə insanda halsızlıq, yorğunluq, hərəkət azlığı yaranır, nəbzi zəifləyir. Həmin mineralları yenidən bərpa etmək üçün isə sudan, ayrandan, süd məhsullarından istifadə etmək lazımdır. Lakin bu zaman qazlı və energetik içkilərdən uzaq durmaq lazımdır.
Ekspertlər bu mövsümdə xəmir xörəklərindən mümkün qədər uzaq durmağı tövsiyə edir. Səbəb isə xəmir xörəklərinin insanda halsızlıq, yorğunluq yaratmasıdır. Düyü və makaron məmulatlarından da mümkün qədər az istifadəsi tövsiyə edilir.
Az istifadəsi tövsiyə olunan qidalar arasında ət və kərə yağı da var. Mütəxəssislər vurğuylayır ki, yay mövsümündə kərə yağı həzm olunmur, orqanizmdən sovrulmur. Bunun üçün də əsasən bitki mənşəli yağlardan istifadə etmək lazımdır.
Yay mövsümündə ən çox istifadə edilən qida, dondurmalara gəldikdə isə, mütəxəssislər qeyd edir ki, bişirilmiş şirniyyatlardansa daha çox dondurmalardan və yaxud meyvəli şirniyyatlardan istifadə etmək lazımdır. Lakin dondurmadan istifadə edərkən ilk növbədə onun tərkibinə diqqət yetirmək, qədərində istifadə etmək lazımdır.
Dietoloq Leyla Zülfüqarova mövzu ilə bağlı bunları dedi: “Yay mövsümündə mayeni daha çox qəbul etməliyik. Mayesi çox olan qidalardan, o cümlədən mövsümü meyvə və tərəvəzlərdən, göyərtilərdən bol şəkildə istifadə olunmalıdır. Bişirilmiş və yaxud çiy şəkildə olan salatlardan istifadə etməliyik. Qida rasionumuza çoxlu süd məhsulları, o cümlədən, qatıq, süd, yumurta əlavə etməliyik. Mövsümü olmayan, sadəcə, piştaxtaları bəzəyən meyvələrdən uzaq durmağa çalışmaq lazımdır. Xəmir xörəklərindən isə tamamilə azaltmaq lazımdır. Kartofla ətin bir yerdə bişirilmiş şəkildə olan yeməklər azaldılmalı, qızartmadan daha çox çiy qidalar yeyilməlidir”.
Dietoloq yay mövsümündə ət məhsulundan imtinanın doğru olmadığını qeyd edir: “Qışda həftədə 3-4 dəfə ətdən, balıqdan istifadə ediriksə, bunu bir qədər azaltmalıyıq. Yayda bu qədər ehtiyac yoxdur. Həftədə 1-2 dəfə ətdən istifadə etməyimiz kifayətdir. Tamamilə ətdən imtina etmək olmaz, çünki ət orqanizm üçün çox faydalıdır. Sadəcə, o sıxlığı azaltmaq lazımdır. Yayda çeşidlər daha çoxdur, ona görə də ətə meyl bir qədər az qalır”.
Leyla Zülfüqarova qeyd etdi ki, energetik və qazlı içkilərdən uzaq durmaq lazımdır: “İnsanlar bəzən maye ehtiyacını energetik içkilərlə ödəyir. Energetik içkilərin çox ziyanı var. Buna görə də çalışmaq lazımdır ki, təmiz ağ su və ya mineral sudan istifadə etmək lazımdır. Qazlı sudan belə istifadə etdikdə onun qazını çıxardıb sonra içmək lazımdır”.