Məncə, bütün məktəblilər razılaşar ki, ilin ən gözəl çağları tətil günləridir. Ürəyin istəyən zaman yuxudan oyanmaq, sıxıcı dərslər yerinə dostlarla oynamaq, səyahət etmək… Təəccüblü deyil ki, tətildən dərs rejiminə keçid etmək o qədər də asan başa gəlmir. Lakin bu prosesi asanlaşdırmaq üçün valideynlərin bilməli olduğu bir neçə yol var.
Təbii ki, yaş dövrlərinə görə atılmalı olan addımlar bir-birindən fərqlənir. İbtidai sinif, orta və yuxarı siniflərin məktəbə qayıdış zamanı rastlaşa biləcəyi problemlərə nəzər salaq.
İbtidai siniflər:
Uşaq hər şeyi unudub. Xətti pisləşib, yenə hecalara bölərək oxuyur, vurma cədvəlinin nə olduğu yadından çıxıb.
Uşaqla işləməyə başlamadan öncə, yaxşı olar ki, valideyn özü bir valerian həbi qəbul edib sakitləşsin. Uşaq öyrəndiyi hər şeyi unutmuş ola bilər. Bunda böyük bir qəbahət yoxdur. Təcrübəli müəllimlər məhz bu səbəbdən tətil müddəti üçün tapşırıqlar verir və böyük qismini də öyrənilənlərin təkrarı istiqamətində təyin edir. Nəzərə alın ki, sinfin böyük bir qismi elə sizin uşağınız kimi tapşırıqlara lazım olan qədər məhəl qoymayıb. Məktəb proqramının ilk həftələri istənilən halda təkrara həsr olunur. Sizdən tələb olunan isə, özəlliklə, dərs ilinin başlanğıcında uşaqla hər axşam keçilən dərslər barədə söhbət açmaq, tapşırıqların icrasında iştirak etmək, lazım olan yerdə kömək etməkdir.
Uşaq dərsdən gələn kimi özünü yatağa, divana atır və hərəkət etmək istəmir.
Bu o deməkdir ki, uşağınız fiziki, əqli və emosional olaraq yüklənib. Bu, məktəblilər, özəlliklə, ibtidai siniflər arasında sıx rastlanan haldır. Bu yaşlı uşaqlar adətən yorğun olduqları üçün hərəkət etmək istəmədiklərini özləri də dərk etmirlər və valideynlər bunu tənbəllik olaraq qələmə verə bilirlər.
Bu halda nə etməli?
Yaxşı olar ki, uşağınızın istirahət edə bilməsi üçün ona şərait yaradasınız. Bunu qrafikə salınmış halda etmək, yəni 40 dəqiqə-1 saat arası, planşet, telefon və televizordan uzaq, səssiz ortamda mürgüləmək günün davam edən saatlarında uşağa enerji verəcək və dərslərini daha yaxşı hazırlamasına səbəb olacaq.
Bu, həm də uşağın yuxu rejiminin düzgün olmamasından xəbər verə bilər. Hər uşağın yuxu rejimi individual olmaqla yanaşı, 9-12 saatlıq rejim, inkişaf etməkdə olan skelet, əzələ, beyin, sinir sistemi funksiyaları üçün ideal hesab olunur. Uşağınızın ən gec saat 22:00-da yuxuya getməli olduğunu nəzərə alaraq, gündəlik işləri sahmana salmağa çalışın.
Orta siniflər:
Dağınıq olmağa başlayıb. Bu gün o, ingilis dili dərsinə gecikib, dünən dəftərini itirib, uşağı idarə etmək çətinləşib.
Aydın məsələdir ki, ibtidai siniflərdə sinif rəhbərləri uşaqlara daha ciddi nəzarət edir, lazım gələrsə çantalarını toplamağa, məktəb daxilində bir yerdən digər yerə getməkdə kömək edirdilər. İndi isə uşaqların bir çox fərqli pedaqoqları, məktəb daxilində daha geniş hərəkət trayektoriyası var. Uşaqların boynuna daha ciddi məsuliyyət düşür, lakin onlar buna hazırdırlar.
Bu halda seçəcəyiniz ən doğru yol uşaqla bu haqda ciddi söhbət aparmaq olacaq. O, artıq öz vəzifələrinin öhdəsindən tək başına gələ biləcək qədər böyüyüb. Təhsil almaq onun işidir. Sizin işiniz isə ona bu təhsili ala bilməsi üçün şərait yaratmaqdır. Əvvəlcədən razılaşdırın ki, əgər rüb sonunda qiymət cədvəlində bir dənə belə olsun “3” qiyməti olmasa, onu, sirkə (futbol oyununa, teatra, sevdiyi oyuncaq mağazasına – uşağın marağına uyğun şəkildə) aparacaqsınız. Əks təqdirdə aparmayacaqsınız, çünki uşaq davranışlarının müsbət nəticələri olduğu kimi, mənfi nəticələrinin də ola biləcəyini anlamalıdır.
Yuxarı siniflər:
Yeni proqramı qavraya bilmir. Fənlər dəyişib, müəllimlər dəyişib, adaptasiya ola bilmir.
Yeniyetmə uşaqları olan valideynlər yaxşı bilir ki, uşaqların diqqətini bir yerə cəmləmək illər ötdükcə daha da çətinləşir. Bir də adət edilən proqramlar dəyişəndə, yeni sistemə keçid ediləndə yeniyetmələr daha da yoldan çıxmağa meyllənir, dərslərə başı soyuq yanaşmağa başlayırlar. Bu halda hazırlıq üçün əlavə müəllim tutmaq yaxşı fikir ola bilər. Önəmli faktor ondan ibarətdir ki, yeniyetmə uşağınızın müəllimlə yaxşı kontaktı olmalıdır, dərslərə can dərdi yox, həvəsli şəkildə cəlb olunmalıdır. Özünüz isə çətinlik yaşanan dərslərlə bağlı internetdən video roliklər, maraqlı saytlar, birgə icra edə biləcəyiniz tapşırıqlar tapa bilər, həm dərslərə fokusu gücləndirər, həm də birgə səmərəli vaxt keçirmiş olarsınız.
Təbii ki, tətildən dərsə qayıdış prosesinin bir də psixoloji hazırlıq mərhələsi var. Bunun üçün də sizə qısa yol xəritəsi hazırlamışam.
1. Anlayış. Ən önəmli addımlardan biri, uşağınıza onu anladığınızı göstərməyiniz, hiss etdirməyinizdir. Əlbət ki, o, çətinlik çəkir və siz onu çox gözəl başa düşürsünüz.
2. Məqbul səbəblər. Təbii ki, məktəbə qayıdışın pozitiv, yararlı aspektləri yoxdursa, ora niyə qayıtmaq istəsin ki? Uşağınızla mütəmadi olaraq niyə təhsil aldığı, təhsilin önəmi, dərslərə cəlb olunmadığı təqdirdə rastlaşacağı çətinliklərlə bağlı söhbətlər aparmalısınız.
3. Xoş hadisə. Biri var, uşaq oturub gözləsin ki, dərs ili başlayanda dərslərin ağırlığınıdan, məsuliyyətdən, rutinlərdən əziyyət çəkəcək, biri də var, onu sevindirəcək, əyləndirəcək bir hadisə gözləsin. Bunun üçün də dərs ilinin başladığı ilk həftəsonuna uşağınızı xoşbəxt edəcək bir əyləncə planlayın. Uşağınız həftəsonunu gözləməkdən, məktəbin stressini heç xatırlamayacaq.
4. “Motivasiya nitqləri”. Bəzən valideynlər istifadə etdikləri cümlələrin situasiyanı daha da gərginləşdirdiyinin fərqinə varmır. “Yaxşı ki, məktəbin başlamağına 2 həftə qalıb. Gedərsən düz əməlli dərs oxuyarsan, yoxsa, indiki kimi, bütün gün keyf edib, oyun oynamarsan” – kimi zəhərli cümlə israfından qaçının.
5. Tətil rejimi. Son olaraq da, nəzərə alın ki, tətil müddəti uşağın tamamilə rejimsiz olmalı olduğu anlamına gəlmir. Uşağınız tətil vaxtı 1 və ya uzağı 2 saat gec yata bilər və ya bir neçə saat daha artıq video, kompüter oyunu oynaya bilər. Bu halda, uşaq məktəb rejiminə keçid edən zaman daha az stress keçirəcəyi üçün adaptasiya müddəti də rahat olacaq.
Təranə PAŞAYEVA
Psixologiya üzrə fəlsəfə doktoru