yay

Yay tətilini qışda düşünənlərin qazancı

Baxış sayı: 1. 365

Yeni ilk ayını yenicə yarılamışıq.  Amma sosial şəbəkələrdə, saytlarda qarşımıza tez-tez yay tətili üçün erkən rezervasiya elanları, reklamları çıxır. Qışın soyuğunda yay tətilini düşünənlər bu fürsətlər barədə düşünürlər. Son illər Azərbaycanda da erkən rezervasiya, onun şərtləri ilə bağlı reklamların sayı çoxalıb.

Nədir erkən rezervasiya? Yayda gedəcəyiniz tətilin pulunu qışda vermək. İşin sirri isə odur ki, otellər öz otaqlarını əvvəlcədən topdan şəkildə tur operatorlara mövsüm qiymətindən çox daha ucuz qiymətə satır. Çünki onlar üçün böyük kütləyə çıxmaq daha çətindir və rəqabət böyükdür. Tur operatorlar isə hotellərdən aldıqları otaqları uyğun qiymətlərlə müştərilərinə təklif edir və satmaq üçün yarışırlar. Sizə də bu fürsətlərdən faydalanmaq qalır.

 

Erkən rezervasiyanın üstünlükləri…

Yaxşı, bəs həqiqətən də endirim olurmu? Əlbəttə ki, 50%-ə qədər erkən rezervasiya endirimlərindən faydalanmaq mümkündür. Amma nəzərə alaq ki, bu, hər hoteldə, hər zaman olmur.  Bəs nədir erkən rezervasiyanın üstünlükləri?

Birincisi və təbii ki, ən önəmli məqam hotellə bağlıdır. Yaxşı bir oteldə qalmaq, keyfiyyətli yuxu və mərkəzə yaxın olma kimi kriteriyalar insanın səyahətinə təsir edir. Yuxarıda da qeyd etdiyimiz kimi, hotellərin topdan satış etməsi və rəqabət şərtləri erkən rezervasiya zamanı qiymətləri çox aşağı salır. Siz də büdcənizə qənaət edəcəyinizdən qalacağınız hoteli istəyinizə uyğun şəkildə və rezervasiyanızı aylar öncədən seçə bilirsiniz.

Digər ikinci məqam isə ucuz təyyarə biletidir. Aylar əvvəldən dəqiqləşdirilmiş səyahət planınıza uyğun təyyarə bileti tapmaq da asan olacaq. Havayolu şirkətləri uçuş biletlərini oturacaqları blok-blok ayıraraq satışa çıxarırlar. Hər blokun ayrı qiyməti olur və bir blok dolduqda digəri satışa çıxarılır. Buna görə də, uçuş tarixinə az qalmış bilet qiymətləri yüksəlir. Uçuş tarixiniz dəqiqləşdikdən sonra axtarış edərək, fərqli alternativlərə göz gəzdirə və ən ucuz təyyarə biletini ala bilərsiniz. Beləliklə səyahətinizin ən vacib büdcə maddələrindən biri də problemsiz həll ola bilər.

Tətilinizi əvvəlcədən planlamadıqda həmin tarixə az qalıbsa, istədiyiniz oteldə, istədiyiniz otağı tapmaq çətin olacaq. Erkən rezervasiya sistemində hər şeyin yaxşısını seçmək və sonradan sürpriz yaşamamaq rezervasiya edənin faydalana biləcəyi imkanlardan biridir. Təxmini təsəvvür yaransın deyə, hər hansı bir kinoteatra getdiyinizdə salonda bütün oturacaqların boş olduğunu və bütün seçimlərin sizin üçün olduğunu düşünün…

Yeri gəlmişkən, səyahət zamanınız dəqiqləşdiyindən həmin tarixlərdə müəyyən olunmuş konsert, tədbir, ekskursiyalar və digər fəaliyyətlər üçün rezervasiya etdirmək, tematik park, muzey və nəqliyyat kimi digər detalları da aylar əvvəldən satın alaraq həm rahat planlama etmək, həm də əlavə endirim qazanmaq mümkündür.

Planlarınızda hər hansı bir dəyişiklik olması halında ödədiyiniz məbləğin tam və ya müəyyən qismini geri qaytarmağınız üçün də erkən rezervasiya şərtləri çox uyğun ola bilər. Bəzi hallarda bu dəyişiklik və ləğv etmə imkanları tətilinizin başlamasına 72 saat qalmışa qədər belə verilə bilər.

yaz tatili ile ilgili görsel sonucu

Tarixi və adı dəyişəndə… cərimə ödəməlisən…

“Yeni Müsavat” xatırladır ki, bu günlərdə Türkiyənin Antalya, Bodrum kimi istirahət bölgələrində 700-800 dollara 5 ulduzlu oteldə 14 günlük istirahət paketi də almaq mümkündür. Halbuki, mövsüm vaxtı bu qiymətə ancaq 7 gecəlik paket almaq olur.

Erkən rezervasiyanın mənfi cəhəti isə tarixlər və ya səfər edəcək şəxsin adını dəyişməyin cəriməli olmasıdır. Mütəxəssis bildirir ki, bu cərimələr ümumi məbləğin 70, 80, hətta 100 %-i həcmində ola bilir.

Hazırda bir çox Antalya otellərinə 249 dollardan başlayan qiymətlərlə bir həftəlik turlar elan edilib.

Ümumiyyətlə, ilk dönəmlər qiymətlərin ən aşağı, ödəmə variantlarının ən sərfəli olduğu dönəmlər olaraq diqqət çəkməkdədir. Bundan başqa, pulsuz transfer, endirimli təyyarə bileti, 100 faiz geri qaytarma kimi bir çox əlavə fürsətlərin də bu dönəmlərdə təqdim edildiyini unutmamalıyıq. Mövsüm zamanı hotellərin dolu olmasından dolayı yer tapmaq problemi yaşamamaq, istərsə qiymət artımından təsirlənməmək üçün noyabr, dekabr və yanvar aylarında rezervasiyalarını etdirmək tövsiyə olunur.

 

Erkən rezervasiya – 7 ay davam edir, amma necə?

Bu mövzuda ortaya çıxan suallardan  biri də erkən rezervasiyanın nə qədər davam etməsidir. Ən sərfəli qiymətləri, ödəniş üstünlüklərini, istədiyiniz hoteldə və dönəmdə yer tapa bilmə imkanı kimi çox önəmli şərtlər təqdim edən kampaniya 7 ay davam edir və hər dönəmdə də insanlara fərqli imkan, fürsətlər təqdim edir.

Kampaniya çərçivəsində erkən rezervasiya hotelləri üçün müxtəlif endirim faizləri təqdim edilir. Amma heç də hər yüksək endirim ucuz qiymət mənasına gəlməməkdədir. Bu durumda endirimlərə yox, qiymətlərə diqqət edilməlidir və sərfəli olub-olmamasını qiymətlər baxımdan təhlil etmək lazımdır. Əks halda yüksək endirim ilə satın aldığınız tətil üçün yüksək qiymət ödəmiş ola bilərsiniz. Çünki son nəticədə ödəmələri faiz olaraq yox, manat olaraq etməkdəsiniz.

Ən düzgün erkən rezervasiya firmasını tapa bilmək üçün şirkətlərin neçə ildir fəaliyyət göstərdiklərini təhlil etmək və internetdə bu cür xidmətlərdən yararlanan insanların şərhlərini və yaşadıqlarını araşdıra bilərsiniz. Bundan başqa, firmaların təqdim etdikləri kampaniyalar və digər endirimləri bir-biri ilə qarşılaşdıraraq ən doğru və sərfəli kampaniya variantlarını da rahatlıqla əldə edə bilərsiniz.

Tətilə çıxılacaq zamanın tam olaraq dəqiqləşdirilməsi erkən rezervasiya baxımdan olduqca böyük əhəmiyyət daşımaqdadır. İşləyən insanlar müdirləri ilə danışaraq illik icazələrini ala biləcəkləri zamanı öncədən müəyyənləşdirərlərsə, erkən rezervasiyalarını da buna uyğun olaraq həyata keçirə bilərlər. Zaman planlaşdırılması doğru həyata keçirilmədiyi təqdirdə erkən rezervasiya həyata keçirilsə belə, tətildən tez qayıtmaq məcburiyyətində qala bilərsiniz.

Bir çox səyahət şirkəti müştərilərinin daha sonra zərərçəkən olmaması üçün erkən rezervasiyalarda əlavə sığorta xidməti də təklif edir. Xüsusən tətilə çıxılması planlaşdırılan zaman aralığında hər hansı bir dəyişiklik olma ehtimalı varsa, erkən rezervasiya sığortası həyata keçirilərək, bəlli bir müddət qalana qədər ləğv etdirə bilmə, ya da fərqli bir tarixə təxirə salma şansı yaradılır.

Azərbaycanın turizm bazarı ilə müqayisədə Türkiyədə erkən rezervasiya sistemi xeyli populyardır. Məsələn, Türkiyəyə gələn yerli və xarici turistlərin sayı 2018-ci ilin ilk 9 ayında 2017-ci ilin eyni dövrünə görə 18,5% artımla 36 milyona çatıb. Xüsusilə, Avropadan gələn turist sayında artım davam edir.  Bu şəkildə davam edərsə, bu ilin sonunda ölkəyə gələn turist sayı 45 milyona çatacaq.

İstirahətin planlaşdırılmasında erkən rezervasiya həm sektor, həm də istirahət edənlər üçün böyük əhəmiyyət kəsb edir.

Çünki erkən sifarişin ilk dövründə endirim faizləri 30-50 % arasındadır.  Əvvəlki illərdən fərqli olaraq, bu il erkən rezervasiya kampaniyasında tələbatların 40% ətrafında  artımı gözlənilir. 2018-də xüsusilə, mədəniyyət turları seçilib. Bu ardıcıllığın 2019-cu ildə də davam etməsi gözlənilir.

 

1438 manatlıq tur paket – belə sərfəli şərt olar?

Amma Azərbaycanda erkən rezervasiya təklif edən bəzi turizm şirkətlərinin qiymətləri o qədər də ürəkaçan deyil. Məsələn, “VictoryTur” adlı şirkətin Marmarisdə yay tətili qiymətlərinə nəzər salaq.

KAYA MARIS HOTEL 4* – 846 USD

USDPALMEA HOTEL 4* – 849USD

HAWAII HOTEL 4*- 866 USD

SESIN HOTEL 4*- 890 USD

SUPREME HOTEL 4*- 954 USD

LETOILE BEACH HOTEL 4*- 1046 USD

LUNA BEACH DELUXE HOTEL 5*- 1158 USD

JIVA BEACH RESORT 5*- 1169 USD

ELITE WORLD MARMARIS HOTEL 5*- 1277 USD

GRAND YAZICI CLUB MARMARIS PALACE 5*- 1544 USD

D RESORT GOCHECK 5* – 1628 USD

– AVİAUÇUŞ ( AZAL)

– mehmanxanada gecələmə

– “hər şey daxildir” sistemi üzrə qidalanma

– qrup transferi

– sığorta

Qiymətlərin dollarla olması və hesablama göstərir ki, ən minimal qiymət 1438 manatdır. Yəni, bir nəfərin 7 gün, 8 gecə istirahət paketinin qiyməti 1438 manat olduğu erkən rezervasiya şərtləri həqiqətən də hansı mənada sərfəlidir, çox maraqlıdır. Xüsusən nəzərə alanda ki, dolların qiyməti qalxarsa, bu qiymətlər də astronomik həddə çata bilər, bunu bir daha düşünməkdə fayda var.

Bu arada 2019 Antalya turu üçün erkən Rezervasiya başlayıb – 7 gecə / 8 gün cəmi 358 USD-dan başlayan qiymətlərlə.

 

Turun tarixi:

18.05.2019 – 25.05.2019

7 gecə 8 gün

Amma bu, üçulduzlu hotellər üçün keçərli olan qiymətlərdir. Hotel ulduzlarının sayı artdıqca bu qiymət 500-600 dollara qədər yüksəlir.

Mamed Əliyev: “Ruslara hotel qiymətləri daha ucuz təklif olunur, nəinki bizə… ”

“FlyTravel” turizm şirkətinin direktoru Mamed Əliyev bildirdi ki, Azərbaycanda erkən rezervasiya şərtləri və bunun müsbət-mənfi tərəfləri barədə danışdı. Müsahibimiz bildirdi ki, bir çox turistlər sadəcə bilet almaqla kifayətlənir. Amma indiki məqamda ən sərfəlisi tur paket almaqdır. M.Əliyevə görə, ümumiyyətlə, Azərbaycanda erkən rezervasiya 30-40 faizlik endirimi özündə əks etdirir: “Hesab edin ki, 3 min dollarlıq paket erkən rezervasiya zamanı 500 dollar daha ucuz olur. Bəzi hallarda isə müştəri bileti indidən alır – 500 manat – gediş-dönüş. Amma hotel ucuz qiymətə verdiyi üçün onu yayda da alır. İndi müştərilərimizin çoxu narazıdır. Deyirlər ki, bu il qiymətlər çox bahadır. Məsələn, bir nəfərin bir həftəlik Antalya tətili 700-800 manata başa gəlir. Bu il tur paketlərin qiyməti çox baha qoyulub. Ümumiyyətlə, deməliyəm ki, ruslarla müqayisədə otel qiymətləri bizlər üçün hər zaman baha olur. Bizdə də tur paketin əsas hissəsini təyyarə biletləri təşkil etdiyi üçün mənzərə belə yaranır”.

 

Əgər dolların kursu artırılsa…. Erkən rezervasiya nağıl olacaq

Müsahibimizdən qiymətlərin dollarla təqdim edilməsinin həm riskli, həm də baha olması barədə soruşduq. Dedi ki, hotel qiymətləri turizm agentliklərinə əsasən dollarla təqdim edildiyi üçün onlar da dollarla təqdim edirlər. Amma bir neçə il bundan öncə, yanvar-fevral aylarında Azərbaycanda dollar qiymətinin qəfil artması erkən rezervasiya bazarını iflic duruma salmışdı: “Bir neçə il öncə belə bir hal olmuşdu. Onda da insanlar aldıqları tur paketi geri qaytarmışdılar. Çünki bu gün dolların kursu 1.71 manatdır. Amma sabah dollar qalxsa, yenə də tələb ediləcək ki, müştəri dolların kursu olan pulu ödəsin”.

M.Əliyev bütün hallarda erkən rezervasiyanın üstünlüklərindən danışdı. Dedi ki, avqust ayı üçün tur paket alan vətəndaş onun məbləğinin cəmi 30 faizini ilkin ödəniş edib, qalanını hissə-hissə ödəyir: “Ya da qalan 70 faizini tətilə bir ay qalmış ödəyir. Bu da bir növ tətilin krediti sayıla bilər”.

 

Sevinc TELMANQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir