“Tropikanka” tortunun hazırlanma qaydasını təqdim edirik:
Tərkibi:
xəmir:
1 st. su
2 st. un
150 q kərə yağı
6 yumurta
0,5 ç.q duz
(bu ərzaqlardan 35×25 sm ölçülü 4 korj alınır)
krem:
2 yumurta
150 q şəkər tozu
5 x.q. nişasta
350 ml süd
300 q kərə yağı (otaq temperaturunda)
1 paket vanilli şəkər arasına:
meyvə, giləmeyvə (zövqə görə)
Xəmir ekler xəmirini xatırladır: 1 stəkan suyu 150 q yağ və 0,5 ç.q. duzla qaynadın, qarışdıraraq 2 st. un əlavə edin. Ocaqdan götürüb azca soyudun, bir-bir yumurtaları əlavə edərək qarışdırın.
Perqamentin üzərində gələcək tortun konturlarını karandaşla çəkin.
Sonra xəmiri konditer torbasına doldurub konturları təkrarlayın.
Konturdakı xəmir 3 mm qalınlıqda olmalıdır. Sonra bu dördbucaqlının içində xəmirlə 3×3 sm tərəfli kvadratlar çəkin.
180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə, qızılı rəng alanadək bişirin.
Bu müddətdə buna oxşayan digər xəmir “karkas”ı hazırlayın, amma bu dəfə içində kvadrat deyil, romb çəkin.
Cəmi 4 korj lazımdır – ikisi kvadratlı, ikisi romblu.
Krem: südü qazanda qaynadın. Yumurtaları şəkər tozuyla çalın, nişasta və vanil əlavə edin, yaxşıca qarışdırın, azca isti süd əlavə edib yenə qarışdırın. Çalışın, içində lopalar qalmasın. Alınan qarışığı qaynayan südə əlavə edin. Bu zaman südü durmadan qarışdırın. Qatılaşanda ocaqdan götürün, bir qədər soyuyandan sonra kərə yağı əlavə edib çalın. Vanil əlavə edin.
Tortu iki qaydada yığa bilərsiniz: korjların arasındakı deşiklərə meyvə dilimləri və giləmeyvələri düzüb üzərinə krem çəkə, yaxud da əvvəlcə krem çəkib, sonra içini meyvə dilimləri ilə doldura bilərsiniz.
Korjları bu qayda ilə üst-üstə yığın. Bir gecə soyuducuda saxlayın.
Tortun üzərini ağ şanti kremi və meyvə ilə, yaxud da jele və meyvələrlə bəzəyə bilərsiniz.