istirahet

Yayda düzgün günəşlənməyin “qızıl qaydaları”

Baxış sayı: 935

Hər dəfə dəniz mövsümü gələndə insanların əksəriyyəti vaxt tapdıqca dənizə çimməyə, günəşlənməyə gedir. Əlbəttə ki, isti qum, gündən qaralma, dəniz suyu insan orqanizmi üçün çox faydalıdır. Məsələn, günəş şüası qəbul edərkən bədəndəki bioloji fəal maddələr, endokrin sistemlərin fəaliyyəti daha da aktivləşir, maddələr mübadiləsini yaxşılaşdırır, orqanizmin infeksiya və digər xəstəliklərə qarşı müqavimətini artırır. Beləliklə, günəşdən qaralma orqanizmin müdafiə reaksiyalarından biridir.

Həmçinin Günəş vannaları sızanaqlardan əziyyət çəkənlər üçün faydalı hesab olunur. Ultrabənövşəyi şüalarla aparılan müalicələr zamanı piy vəzilərinin təmizlənmə üsullarından biri də dərinin üst qatının soyulmasıdır. Soyulma zamanı dərinin ölmüş hüceyrələri ilə birgə piy vəzilərinin ağzını bağlayan hissəciklər də təmizlənir və onun funksiyaları bərpa olunur. Günəş vannaları hətta psoriaz xəstələri üçün də faydalıdır.

Lakin məlum olduğu kimi, Günəş şüaları altında həddən artıq qalmaq bədəndə yanıqlar əmələ gətirir, günvurmaya səbəb olur. Belə ki, Günəş şüasi altında 10 dəqiqə qaldıqda Günəş dərini bir az qıcıqlandırır və yüngül qızartı əmələ gəlir. Daha uzun müddət qalanda dəri iltihablaşır və şişir. Şüalanma uzananda yanma nəticəsində dəri sulanır və suluqlar əmələ gəlir. Ağır yanıqlar zamanı termorequlyasiya prosesi pozulur.

Ekspertlər qeyd edirlər ki, xüsusən də ağ dərisi olan insanların Günəş şüasını çox qəbul etməsi çox zərərlidir. Yalnız qara və tünd dərisi olanların orqanizmində kifayət qədər melanin ayrılır və orqanizm özünü həmin şüaların zərərli təsirindən qoruya bilir.

adil qeybulla ile ilgili görsel sonucu

Maraqlıdır, bəs ümumiyyətlə hansı insanların dənizdə qaralması məsləhət görülmür? Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla aşağıdakıları dedi: “Ümumiyyətlə, dərisində çoxlu sayda xallar, törəmələr, piqmentlər olan şəxslərin Günəş vannası qəbul etməsi məqsədəuyğun sayılmır. Doğrudur, vitamin D bədən üçün yaxşıdır, lakin bu, normal həddə olmalıdır. Belə ki, normadan artıq olanda dəri yanır və neqativ təsirlər yaranır. Həmçinin dəri xərçəngi olanlar, əməliyyat keçirənlər yaxşı olardı ki, dənizə gedəndə daim kölgəlikdə olsunlar. Əks halda, bu, onlar üçün təhlükəli ola bilər. Ümumiyyətlə isə, hər kəsin 15 dəqiqəlik Günəş vannasının qəbulundan sonra kölgəliyə keçməsi məsləhət olunur. Çünki gün şüaları altında çox qalmaq bir çox hallarda günvurma ilə nəticələnir ki, bu da orqanizm üçün təhlükəlidir. Günvurma zamanı şəxsə mütləq ilk tibbi yardım göstərilib, kölgəyə aparmaq, daha sonra isə təcili yardıma xəbər etmək lazımdır”.

Mütəxəssislər həmçinin qeyd edirlər ki, təkcə bədənində xalları çox olan şəxslər deyil, həmçinin hamilələr, 3 yaşına qədər olan uşaqlar, ginekoloji və infeksion xəstəliyi olanlar, dağınıq sklerozlar, kron, insulin alan diabetlər, vərəm xəstələrinin günəş vannası qəbul etməsi məsləhət olunmur.

Yayda sağlam qaralmış dəriyə sahib olmaq üçün aşağıdakı detallara diqqət etmək lazımdır:

öncə SPF tərkibli kremlər almaq məsləhət olunur.  Bu kremlər dərini Günəşin ultrabənövşəyi şüalarından qoruyur. Bədəni kremlə qoruyan zaman dodaq və saçları unutmaq olmaz. Çünki saçlar zədələnə, dodaqlar da günəş şüalarının təsiri altında çatlaya bilər. Buna görə də saç və dodaqlara da SPF tərkibli yağlar çəkmək olar.

Hər zaman qeyd olunur ki, qaralmaq üçün ən yaxşı vaxt saat 9-dan 11-ə kimidir. Dərinin dözümlülüyünü artırın, Günəşin altına çıxmazdan əvvəl qoruyucu krem çəkin. Tətilə çıxmazdan 3 həftə əvvəlcədən hər gecə qoruyucu krem çəkin. Beləcə, dərinizin üst qatı güclənəcək və yanıqlara qarşı dayanıqlı olacaq. Sızanaqların qarşısını alın. Günəş kremi alarkən tərkibini mütləq oxuyun. Bəzi kremlər dəri və kürəkdə sızanaqların çıxmasına səbəb ola bilər. Makiyajla dənizə girmək, qaralmaq olmaz. Çünki günəş şüalarının təsiri nəticəsində makiyaj üzdə ləkələr əmələ gətirə bilər. Və ən əsası, Günəş eynəklərindən mütləq istifadə etmək lazımdır. Çünki günəş şüalarından qoruyan eynəklər gözlərin kənarlarının qırışmasının qarşısını alır.

 

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir