hamile

Yayda hamilələr üçün 10 faydalı məsləhət

Baxış sayı: 858

İsti yay günlərində hamiləlik bəzən daha çətin olur. Bu zaman, ovuc içi və dabanda yanma, allergik problemlər, ürəkbulanma, qusma, zəiflik, yuxusuzluq, nəfəs darlığı kimi bəzi şikayətlər artır.

Beləliklə, isti yay aylarında hamiləliyi daha asan keçirmək üçün 10 vacib məsləhəti sizə təqdim edirik.

1) Bol su içmək

Baş dönməsi, ürək bulanma, ağız quruluğu kimi şikayətləriniz varsa deməli siz susuz qalmısınız. Mütəxəssislər bol su içməyi hər zaman tövsiyə etsələr də hamiləlik zamanı buna xüsusi ilə diqqət edilməlidir. Hər gün 6-8 stəkan maye qəbul etmək, eləcə də çölə çıxan zaman yanınızda su götürmək olduqca vacibdir. Bəzən hamilə xanımlar tez-tez sidiyə getməkdən sıxıldıqları üçün su içməkdən də qaçırlar. Bu isə sağlamlıq üçün təhlükəlidir, xüsusən də yay aylarında.

2) Düzgün qidalanmaq

Yayda insanlar daha yüngül və sağlam hiss etmək üçün doğru qidalanmalıdır. Hamilələr isə buna xüsusi diqqət yetirməlidirlər. Hamiləlik zamanı yüngül qidalarla bəslənin, qazlı və kofeinli içkilərdən uzaq durun, bol meyvə-tərəvəz qəbul edin.

3) Sərin qalmaq

Tez-tez duş almaq sizi rahatlada bilər. Bədən temperaturunuzu normada saxlamaq üçün nə çox isti, nə də çox soyuq su ilə yuyunmayın. Günəş altında hərəkət etməkdən çəkinin. Çölə çıxarkən isə özünüzlə su götürməyiniz məsləhətdir, əgər isti olarsa suyu saçınıza və üzünüzə səpə bilərsiniz.

4) Düzgün geyim seçimi

Açıq rəngli və tərkibi pambıq olan geyimlər yay hamiləliklərinin vazkeçilməzidir. Önəm verilməli bir digər məqam isə paltarın sizi sıxıb sıxmamağıdır. Məsləhət görülür ki boş paltarlara üstünlük verəsiniz.

5) Ayaqlarınıza diqqət edin!

Hamiləlik zamanı ayaqların şişməsi olduqca normaldır. İsti yay günlərində şişkin ayaqlarla yaşamaq isə yəqin ki asan deyil. Buna görə də doğru ayaqqabı seçimi etmək çox vacibdir. Əlavə olaraq oturan və uzanan zaman ayağınızın altını hündür edin. Bu qan dövranını normallaşdırıb, rahatlıq hissi yaradır.

6) Saçlarınızı toplayın

Əgər saçınız uzundursa, yay üçün qısa kəsdirə bilərsiniz. Gündəlik saç modeli olaraq isə yığmaq məsləhətdir. Uzun və yana tökülmüş saçlar daha çox tərləməyə səbəb olur.

7) Yayda dəriyə qulluq

Hamiləlikdə cildiniz daha həssas olur. Xüsusən də lazımi miqdarda maye qəbul etmir və çox tərləyirsinizsə, dəriniz quruya bilər. Bu səbəbdən də bol su içmək və yüngül nəmləndiricilərdən istifadə etmək məsləhətdir.

8) Məşq etmək üçün doğru zaman seçmək

Hamiləlik müddətində mütəxəssislər həm ananın, həm də körpənin sağlamlığı üçün üzmək, gəzinti, yaxud da yoqanı məsləhət görür. Lakin bu tip məşq prosesində havanın temperaturunu nəzərə alaraq doğru vaxt təyin etmək lazımdır.

9) Günorta vaxtı aktiv həyatdan uzaq olmaq

Yay aylarında saat 11 ilə 4 arası günəş şüalarının ən təsirli zamanı hesab olunur. Buna görə də həmin vaxt çox yorulmaqdan və günəşdə qalmaqdan çəkinmək lazımdır.

10) Yuxu rejiminə diqqət edin

Hamiləlik zamanı normal yatmadıqda stress yarana bilir. Çalışmaq lazımdır ki gec saatlara qədər oyaq qalınmayasınız. Bundan əlavə gün ərzində yorğunluğu atmaq üçün də dincəlmək lazımdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir